Politoloq Rusiyanın mesajını Laçın dəhlizində baş verən etirazlarla əlaqələndirir
“Azərbaycanın Ukraynaya “humanitar yardım kimi” transformator və generatorları təhvil verməsi Rusiyada çaşqınlıq yaradır”.
Bu barədə dekabrın 15-də TASS-a Rusiya Xarici İşlər Nazirliyindəki (XİN) mənbə deyib.
“Bakının belə bir addım atması çaşqınlıq doğurur. Xüsusi hərbi əməliyyat çərçivəsində Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev rejiminin hərbi ehtiyaclar üçün istifadə etdiyi kritik infrastrukturunu məhv edir. Azərbaycanın tədarükləri isə humanitar yardıma bərabər deyil”, – deyə mənbə bildirib.
TASS XİN-dəki mənbəyə istinadən əlavə edib ki, Qarabağ ərazilərinin münaqişədən sonra yenidən qurulmasının zəruriliyini və artan sosial-iqtisadi çağırışları nəzərə alaraq, tədarük olunan texnikaya respublikanın özündə də tələbat var.
Eyni zamanda, agentlik Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyini də yayıb. Bildirilib ki, Ukrayna tərəfinin müraciətinə cavab olaraq, mövcud vəziyyətdə zərər çəkmiş ərazilərə elektrik enerjisinin dayanıqlı təchizatını bərpa etmək məqsədilə Azərbaycan tərəfi humanitar yardım göndərib:
“Humanitar yükə 45 güc transformatoru və 50 generator daxildir. Yükün ümumi dəyəri 1,4 milyon manatdan (800 min dollardan çox) çoxdur. Ukrayna böhranı ilə əlaqədar Azərbaycan bu ölkəyə ümumilikdə 30 milyon manata yaxın (17,5 milyon dollardan çox) humanitar yardım göstərib”.
Politoloq İlqar Vəlizadə Rusiya XİN-nin rəsmi agentlik vasitəsilə yaydığı mesajı son bir neçə gündə Laçın dəhlizində baş verən etirazlarla əlaqələndirir.
Onun fikrincə, Rusiyanın bu mesajı Laçın dəhlizində yaranan gərginlikdən sonra səsləndirməsi təsadüfi deyil:
“Son 30 ildə Azərbaycan bunları keçdiyindən belə mesajların məntiqini bilir. Ona görə Rusiyaya hansısa reaksiya verməyə ehtiyac yoxdur, hansı addımı atmışıqsa, davam etməliyik. Bilirsiniz, biz də çox şeylərdən narahatıq. Ancaq bu, o demək deyil ki, ona uyğun addımlarımızı korrektə etməliyik”.
Politoloq Moskvanın oxşar münasibətinin Ankaraya da olduğunu xatırladıb:
“Ukraynaya “Bayraktar” veriləndə, belə narahatlıqlar ifadə olundu. Amma bu narahatlıq Türkiyənin taxıl msələsindəki vasitəçiliyinə mane olmadı”.