Rauf Mirqədirov: “Qərbin Bakı və Yerevana təzyiq imkanları o qədər də böyük deyil”
“Xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan sülh müqaviləsi üzərində işləyirlər. Onların bu ilin sonuna qədər buna nail ola biləcəyinə ümid var idi, amma bunun baş verib-verməyəcəyi aydın deyil”.
Bu fikirləri dekabrın 14-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Konqresin xarici əlaqələr komitəsində Administrasiyanın regiondakı siyasəti haqqında dinləmələrdə səsləndirib.
Məlumatı “Turan” yayıb.
Donfrid deyib ki, Vaşinqton tərəflərin ilin sonuna qədər ortaq mövqeyə gələcəyinə ümidini itirməyib.
Diplomat həmçinin qeyd edib ki, ölkələr arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası, sərhədlərin demarkasiyası və delimitasiyası, Dağlıq Qarabağda etnik ermənilərin hüquqları və təhlükəsizliyi müzakirələrin “həddindən artıq” mühüm elementi olaraq qalır.
O, bu proseslərdə ABŞ-ın iştirakının mühüm rol oynadığını bildirib: “Vaşinqton sülhün təmin edilməsinə sadiqliyini nümayiş etdirir”.
Dinləmələr zamanı konqresmen Bill Kitinq deyib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi, eləcə də “demokratik islahatlar və qanunun aliliyi” region üçün həyati əhəmiyyət kəsb edir.
K.Donfrid isə əlavə edib ki, ABŞ Azərbaycanda təhlükəsizlik, iqtisadi inkişaf, demokratiya və insan hüquqlarının təşviqinə sadiqdir.
“Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq terrorçuluğa, narkobiznesə qarşı mübarizəni, habelə Xəzərin enerji infrastrukturunun təhlükəsizliyinin artırılmasını nəzərdə tutur. İnsan hüquqlarına gəlincə, ABŞ Azərbaycan hökuməti ilə hüquqların müdafiəsi və insan hüquqlarının pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı əməkdaşlıq edir”, – deyə diplomat bildirib.
O, Azərbaycanda insan hüquqları mövzularına toxunarkən Bəxtiyar Hacıyevin həbsini nəzərdə tutaraq söyləyib ki, administrasiya dekabrın 9-da Azərbaycan məmurları tərəfindən insan hüquqlarının pozulmasını açıq şəkildə pisləyib.
Müzakirələrdə konqresmenlər Rusiyanın regiondakı təsiri ilə bağlı narahatlıqlarını bildiriblər.
Kitinq xatırladıb ki, 2020-ci ildə Azərbaycan və Ermənistan arasında atəşkəs elan edildikdən sonra Rusiya regionun hər üç ölkəsində öz qoşunlarını yerləşdirməyə müvəffəq olub: “Rusiyanın regionda fiziki və iqtisadi iştirakı çox böyükdür və Ukraynadakı qanunsuz müharibə Kremlin niyyətini göstərir”.
Donfrid isə ona cavab verib ki, heç bir Cənubi Qafqaz ölkəsi Rusiyanın Ukraynada müharibəsini dəstəkləmir.
Donfrid deyib ki, dövlət katibi Blinken Azərbaycan-Ermənistan liderləri və XİN başçıları ilə sülh müqaviləsinin bağlanmasını dəfələrlə müzakirə edib.
“Biz danışıqların davam etməsi üçün Ermənistana və Azərbaycana təzyiq göstərməyə davam edirik və bunu ikitərəfli, üçtərəfli əsaslarla və Avropa İttifaqı və digər tərəfdaşlarla sıx əməkdaşlıq şəklində edirik”, – deyə o bildirib.
Sentyabrın 15-də müdafiə nazirinin müavini Kolin Kal Ermənistanın və Azərbaycanın müdafiə nazirləri ilə görüşüb, milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivan isə sentyabrın 27-də Vaşinqtonda öz həmkarları ilə söhbət edib.
Şahin Cəfərli: “Bakı Qarabağ erməniləri ilə anlaşsa, Rusiyanın bölgədəki mövcudluğu təhlükəyə düşəcək”
Siyasi şərhçi Şahin Cəfərli Meydan TV-yə deyib ki, “Sülhə getmək üçün tərəflərə hansı təzyiqlər edilir?” sualına cavab verməzdən əvvəl “Sülhdə maraqlı olan beynəlxalq güclər hansıdır?” sualına aydınlıq gətirmək lazımdır.
Şahin Cəfərli qeyd edib ki, hazırda iki vasitəçisi var: Qərb və Rusiya. Onun sözlərinə görə, birinci ABŞ və Avropa Birliyi xəttidir.
Ekspert Rusiyanın problemə nöqtə qoymaqda qəti şəkildə maraqlı olmadığını vurğulayıb:
“Rusiya məsələni müəyyən qədər dondurub gələcəyə saxlamaq niyyətindədir. Səbəb də aydındır, əgər iki dövlət arasında sülh müqaviləsi imzalansa, Bakı ilə Qarabağ erməniləri arasında müəyyən anlaşma olsa, o zaman Rusiyanın bölgədəki mövcudluğu təhlükəyə düşəcək. Hətta bunlar olandan sonra Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılması gündəmə gələcək. Bu baxımdan Kreml uzun əsrlik konfliktə qəti yekun vurulmasında maraqlı deyil”.
Şahin Cəfərli Qərbin yanaşmasında səmimi olduğunu düşünür:
“Təbii ki, Azərbaycan ictimaiyyətində Qərbin siyasəti ilə bağlı suallar var. Qərbin yanaşmasında detallara varanda, suallar meydana çıxır. Amma ümumən Qərb Azərbaycanla Ermənistan arasında qəti sülhün əldə olunmasında maraqlıdır, o cümlədən, Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasını istəyirlər. Çünki belə olarsa, bölgədə Rusiyanın təsiri azalacaq və ümumi inteqrasiya yaranacaq”.
Qərbin yanaşmasındakı detallara gəlincə, Cəfərli deyir ki, onlar Qarabağ ermənilərinə hansısa bir şəkildə statusun verilməsini istəyirlər:
“Açıq şəkildə ortaya qoymasalar da, Qərb Azərbaycandan gözləyir ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizlikləri ilə bağlı ciddi plan ortaya qoysun. Qərb hansısa şəkildə onların təhlükəsizliklərini və hüquqlarını qarantiya edəcək müəyyən statusun olmasında maraqlıdır. Düzdür, Rəsmi Bakıya ciddi təzyiq görmürəm, amma bu məsələdə Azərbaycan hökumətinin mövqeyi Qərbin yanaşmasından fərqlənir. Ümumən, Qərb sülhdə maraqlıdır və prosesi nəzarətdən buraxmamağa, danışıqların pozulmamasına çalışırlar”.
Rauf Mirqədirov: “Azərbaycanla Ermənistan arasında birbaşa dialoq daha vacibdir”
Siyasi şərhçi Rauf Mirqədirov isə fərqli düşünür. O, indiki halda Qərbin Bakı və Yerevana birbaşa təzyiq imkanlarının, yaxud alətlərinin o qədər də böyük olmadığı qənaətindədir:
“Sözsüz ki, müəyyən hallarda danışıqları intensivləşdirmək üçün sanksiyalardan danışa bilərlər. Amma təsirli təzyiq imkanları Rusiyanın əlindədir, söhbət hərbi-siyasi təzyiqlərdən gedir. Həm də hər iki tərəf Rusiyanın təzyiq imkanlarından çəkinir. Ona görə də Vaşinqton indiki zamanda sanksiyalardan istifadə etməyi düzgün saymır”.
“Azərbaycana sanksiyalar vasitəsilə təzyiq imkanları Vaşinqtonun maraqlarına cavab vermir. Qərbə Avropanın enerji təhlükəsizliyi məsələləri daha çox lazımdır. Bununla bərabər Qərb Bakıyla dialoqu genişləndirməkdə maraqlıdır, həm də Azərbaycanla Ermənistan arasında birbaşa dialoq daha vacibdir”, – Mirqədirov belə düşünür.
O deyir ki, Ermənistanın Rusiyadan iqtisadi-sosial asılılıq dərəcəsini nəzərə alınsa, Qərbin təzyiq imkanları çox azdır:
“Ona görə Qərb tərəflərə başa salmağa çalışır ki, danışıqları sürətləndirmək lazımdır”.