Erməni tərəf beynəlxalq təşkilatlara çağırış edir
Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizi ikinci gündür bağlanıb.
“Jamnews”un erməni xidməti yazır ki, bu səbəbdən 1100 nəfər, o cümlədən 270 uşaq evə gedə bilməyib.
“Dağlıq Qarabağın 120 min nəfərlik erməni əhalisi humanitar böhranla üzləşib. Verilən məlumata görə, yemək və dərman bir neçə günə kifayət edəcək”, – məqalədə vurğulanır.
Erməni tərəfinin fikrincə, Laçın dəhlizində kortəbii ekoloji aksiya deyil, “məqsədi ermənilərin qovulması olan mütəşəkkil tədbir keçirilir”.
Rəsmi olaraq bildirilir ki, Rusiya sülhməramlıları ilə Azərbaycan arasında danışıqlar gedir və tanınmamış DQR rəhbərliyi də danışıqlarda iştirak edir.
Məqalə dərc olunan zaman DQ-nin Ombudsmanı Qeqam Stepanyan özünün “Twitter”dəki mikrobloqunda yazıb ki, Azərbaycan bütün Artsaxın (ermənilər Qarabağı belə adlandırır) qazını kəsib (Ermənistan-Artsax qaz kəməri Azərbaycanın nəzarəti altında olan ərazidən keçir).
Hadisə ilə bağlı Yerevanın Azadlıq meydanında etiraz aksiyası keçirilib. İştirakçılar oradan BMT ofisinə, İtaliya, Fransa və ABŞ səfirliklərinə tərəf irəliləyiblər. Onlar beynəlxalq ictimaiyyəti “ikili standartlardan çəkinməyə və Azərbaycanın qeyri-insani davranışını pisləməyə” çağırıblar.
“Azərbaycan hökumətinin saxta ekoloji bəhanə ilə bu təxribatı erməniləri buradan qovmaq, dözülməz həyat şəraiti yaratmaq, Artsax ermənilərinə təzyiq göstərmək və onları öz vətənlərini tərk etməyə məcbur etmək üçün ardıcıl addımdır”, – diplomatik nümayəndəliklərə göndərilən məktubda deyilir.
“24 saatdan artıqdır ki, bütün Artsax ərazisində ərzaq məhsullarının, enerji daşıyıcılarının (benzin və dizel yanacağı), dərmanların və s. təchizatı dayandırılıb. DQ rəhbərliyi bildirir ki, mövcud ehtiyatlar cəmi bir neçə gün üçün kifayət edəcək”, – dekabrın 12-də səhər Yerevanda keçirilən mətbuat konfransında qondarma “DQ”-nin Ombudsmanı Qeqam Stepanyan bildirib.
Sayt yazır ki, o, Dağlıq Qarabağın bir gün əvvəl özlərini ekoloq kimi təqdim edən azərbaycanlılar tərəfindən yolu kəsdiyi üçün evlərinə qayıda bilməyən sakinlərdəndir.
Ombudsman beynəlxalq ictimaiyyətə xüsusi müraciətlə Dağlıq Qarabağda 120 min insanın blokadada olması faktını nəzərdən qaçırmamağa çağırıb.
“Biz onu da vurğulamalıyıq ki, Artsaxın dünyanın heç bir ölkəsi ilə hava əlaqəsi yoxdur”, – deyə o bildirib.
Qeqam Stepanyanın sözlərinə görə, yolu bağlayan etirazçılar arasında Azərbaycanın xüsusi xidmət orqanlarının nümayəndələrinin də olduğu barədə etibarlı məlumat var.
Tanınmamış respublikanın xarici işlər naziri vəzifəsini icra edən David Babayan da Fransaya səfərindən sonra Dağlıq Qarabağa qayıda bilməyib. O hesab edir ki, dəhlizin blokadasının ardınca irimiqyaslı hərbi əməliyyatların olub-olmayacağı beynəlxalq ictimaiyyətin reaksiyasından asılıdır:
“Cəzasızlıq aqressiyanı təşviq edir. Azərbaycan daha da cəsarətlənir və bu cür dəhşətli addımlara əl atır, əslində 21-ci əsrdə insanları aclığa məhkum edir”.
David Babayan beynəlxalq qurumları “Azərbaycanın soyqırımı siyasətinin qarşısını almaq üçün” addımlar atmağa çağırıb. Ekspertin fikrincə, bu yolla Bakı “sülhməramlıların postların mümkün quraşdırılmasına reaksiyasını yoxlamaq üçün yumşaq kəşfiyyat” həyata keçirib.
Yolun bağlanması nəticəsində yaranan problemləri həll etmək üçün Ermənistanda ən yaxın Sünik vilayəti administrasiyasının binasında yerləşən operativ qərargah yaradılıb.
Dekabrın 14-də “DQR” Parlamentinin növbədənkənar iclası keçirilib. Deputatlar bəyanat qəbul edərək Ermənistan, Rusiya və beynəlxalq strukturlardan gözləntilərini açıqlayıblar.
“Ermənistan hakimiyyəti Artsax və Ermənistan arasında fasiləsiz quru əlaqəni bərpa etmək və Artsax Respublikası vətəndaşlarının hüquqlarını qorumaq üçün substantiv və təsirli addımlar atmağa borcludur. Biz gözləyirik ki, Rusiya Federasiyası Azərbaycanın maksimalist istəklərini cilovlamaq üçün təcili tədbirlər görəcək. Biz beynəlxalq strukturları və BMT-yə üzv dövlətləri Azərbaycanın soyqırım siyasətini pisləməyə, bunun qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırmağa çağırırıq”, – bəyanatda deyilir.
“Birbaşa rəsmi Bakının təşkil etdiyi bu təxribatçı hərəkətlər erməniləri Artsaxdan qovmaq, Artsaxın zorla Azərbaycanın tərkibinə daxil edilməsi üçün hazırlanmış planları həyata keçirmək məqsədi daşıyır”, – deputatlar hesab edirlər.