Taleh Bağırzadənin aclığın 16-cı günündə aksiyanı dayandırdığı bildirilir

Source:

Yaxınları onun səhhətində kəskin problemlərin yarandığını və təzyiqlərin dayandırıldığını deyir

Müsəlman Birliyi Hərəkatının sədri, noyabrın 26-dan saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində aclıq etdiyi bildirilən ilahiyyatçı Taleh Bağırzadə aclığı dayandırıb. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib. Ailə üzvlərinin sözlərinə görə, həm aclıq nəticəsində səhhətində kəskin problemlərin yaranması, həm də cəzaçəkmə müəssisəsində təzyiqlərin dayandırılmasını nəzərə alaraq, ilahiyyatçı aclığı dayandırmaq qərarı verib.

Ailəsiylə sonuncu dəfə noyabrın 27-də telefonla əlaqə saxlayan Taleh Bağırzadə dekabrın 11-də yenidən evinə zəng edib. İlahiyyatçı baş verənlər haqda ailəsini məlumatlandırıb və deyib ki, bundan sonra da cəzaçəkmə müəssisəsində işgəncə, insan ləyaqətini alçaldan davranışları daim diqqət mərkəzində saxlayacaq, bu cür hallara etirazını bildirəcək.

Taleh Bağırzadə haqqında hökmdə ona verilmiş 20 illik həbs cəzasının ilk 7 ilinin həbsxana rejimində çəkilməsi nəzərdə tutulmuşdu. Azərbaycanda həbsxana rejimli müəssisə yalnız Qobustanda yerləşən qapalı həbsxanadır. Noyabrın 26-da ilahiyyatçıya verilmiş 7 illik həbsxana rejiminin müddəti başa çatdığını görə oradan çıxarılıb.

“Cəzaçəkmə müəssisəsinə daxil olduğu andan da təzyiqlər başlayıb. Müəssisənin rəis müavini onu təhqir edib, ləyaqəti alçaldan ifadələr işlədib. O da cavabını verib, etiraz edib və aclıq aksiyasına başlayıb”, – yaxınları ilahiyyatçının aclığa başlamasının səbəbini belə izah etmişdi.

Noyabrın 26-da Nardaranda keçirilən, dördü yerli sakin, ikisi isə polis olmaqla, 6 nəfərin ölümüylə nəticələnən əməliyyatın 7 ili tamam oldu. 2015-ci ildə baş vermiş həmin əməliyyat nəticəsində Taleh Bağırzadə də daxil olmaqla, 100-ə yaxın adam həbs olunmuşdu. Onlardan 42 nəfərə dövlət çevrilişinə cəhd, terrorçuluq və s. ağır maddələrlə ittihamlar verilmiş və 13 ildən 20 ilə qədər azadlıqdan məhrum edilmişdilər. Digərlərinə isə 5-6 ilə qədər həbs cəzası verilmişdi. Həbs olunanların əksəriyyəti ya cəza müddəti başa çatdığına, ya da əfv sərəncamıyla azadlığa buraxılıb.

Sonradan zaman-zaman da Müsəlman Birliyi Hərəkatının bir sıra üzvləri narkotik və s. ittihamlarla həbs olunub. Hazırda hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın bir sıra fəalları həbsdədir. Təkcə son 15 gündə hərkatın 4 üzvü həbs olunub.

Lakin Taleh Bağırzadə və digər inanclı fəallar ittihamların saxta olduğunu, hökumətin siyasətini tənqid etdiklərinə görə şərlənərək cəzalandırıldıqlarını bəyan edib.

Daxili İşlər Nazirliyi isə şərlənmə barədə iddiaları təkzib edib.

Ana səhifəSiyasətTaleh Bağırzadənin aclığın 16-cı günündə aksiyanı dayandırdığı bildirilir