Natiq Cəfərli: “Dünyada qiymət azalanda niyə bizə heç bir təsiri olmur?!”
Noyabrda dünyada ərzaq qiymətlərində ucuzlaşma olub. Bu, martdakı rekord səviyyədə bahalaşmadan sonrakı səkkiz ayda ən yüksəkfaizli qiymət enməsidir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında belə deyilir.
Təşkilat qlobal miqyasda ən çox satılan ərzaq mallarının qiymətlərini izləyir.
Məlumatda bildirilir ki, noyabrda dənli bitkilər, ət, süd məhsulları üzrə aşağı göstəricilər bitki yağları və şəkərin yüksək qiymətlərini kompensasiya edib.
Agentlik qeyd edib ki, noyabrdakı azalma onların ərzaq indeksinin indi bir il əvvəlki səviyyəsindən cəmi 0,3 faiz yuxarı olduğunu göstərir.
Azərbaycanda da 2022-ci il daha çox ərzaq qiymətlərində bahalaşma ilə yadda qaldı.
Rəsmilər daim açıqlamalarında bahalaşmanı dünyada gedən proseslərlə əlaqələndiriblər.
Məsələn, mayda maliyyə naziri Samir Şərifov açıqlama verərək Azərbaycana xarici mənfi təsirlərin olduğunu bildirmişdi.
O demişdi ki, söhbət infilyasiyanın artmasından gedir:
“Bunun da səbəblərindən biri ərzaq məhsullarının qiymətlərinin dünya miqyasında artması olub”.
İqtisadçı Natiq Cəfərli deyir ki, bu ilin əvvəlindən nazirlər, deputatlar, məmurlar ərzaq qiymətlərinin artmasını dünyada gedən proseslərlə izah etməyə çalışır.
İndi isə FAO deyir ki, qlobal ərzaq qiymətləri 6 aydır davamlı olaraq ucuzlaşır. Bitki yağı qiymətlərinin indeksi aylıq 6,6 faiz azalaraq 2021-ci ilin fevralından bəri ən aşağı səviyyəyə enib. Həmçinin süd məhsullarının qiymət indeksi ayda 0,6 faiz, ətin qiymət indeksi yüzdə 0,5 faiz geriləyib, şəkərin qiymət indeksi sentyabr ayında 0.7 faiz azalıb.
“Hörmətli qalstuklu müəllimlər, bəli, dünyadan ərzaq məsələsində asılıyıq. Təbii bu da sizin “uzaqgörən” siyasətinizin nəticəsidir. O da doğrudur ki, ərzaqla özümüzü cəmi 25 faiz təmin edirik. Dünyada qiymət artanda bizə də təsir edir. Yaxşı, bəs qiymət azalanda niyə bizə heç bir təsiri olmur?!” – deyə Cəfərli bildirib.
İqtisadçı sual edir: “Bu, necə asılılıqdır ki, ancaq birtərəfli, bahalığa doğru işləyir?!”
“Deməli, problemlərin kökü bu deyil: Azərbaycandakı inflyasiyanın səbəbi daxili problemlərdən qaynaqlanan məsələlərdir. İllərdir korrupsiya, inhisarçılıq, vergi və gömrük siyasəti ilə də bağlı problemlər dilə gətirilsə də, həlli yolları ilə bağlı hansısa addımlar atılmır. Aylardır heç olmasa, həm ərzaqlarda, həm də dərmanlarda əlavə dəyər vergisinin və gömrük rüsumlarının aşağı salınmasını təklif etmişik, amma cavab vermirlər, məsələni müzakirə belə etmək istəmirlər”, – Natiq Cəfərli belə deyir.
İqtisadçının sözlərinə görə, hər bir problemin həlli ilk öncə etirafdan başlayır. Burada hökumət isə özünü pinti ev sahibləri kimi aparır:
“Bəzi ev sahibləri zibili xalçanın altına süpürüb gəlib-gedənlərə hər yerin təmiz olduğunu göstərməyə çalışır, amma bir gün o xalça çürüyür, üfunət iyi aləmi bürüyür. O zaman tək xalçanı yox, döşəməni də dəyişmək lazım olur…”.
Ən son açıqlanan məlumata görə, oktyabrda Azərbaycanda ərzaqların içində ən çox bahalaşma çayda müşahidə olunub.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, sentyabr ilə müqayisədə oktyabrda 500 qramlıq yerli çayın orta aylıq pərakəndə satış qiyməti 6.9 faiz bahalaşaraq 12.17 manat olub.
Yerli çayın oktyabrdakı orta qiyməti 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1.19 manat və ya 10.8 faiz çoxdur. Müqayisə üçün oktyabrda ərzağın ümumilikdə təqribən 2 faiz bahalaşdığı açıqlanıb.
“Bloomberg” də yazır ki, Avropa Birliyi ölkələrində inflyasiya yavaşlayıb.
Bu yavaşlama son 1,5 ildə ilk dəfədir və ən pis istehlak qiymətləri şokunu yatırmaq üçün apardığı mübarizədə Avropa Mərkəzi Bankı (ECB) üçün ümid əlamətidir.
Avropada qiymət artımları, enerji böhranı bu ilin fevralından başlayıb. Səbəb isə Rusiyanın Ukraynaya hücumudur.
Avropa Birliyi ölkələri Rusiyanın Ukraynaya hücumunu işğal və qəbuledilməz sayıb, buna görə də Rusiyaya müxtəlif sanksiyalar qoyub.
Rusiya da öz növbəsində Avropaya neft və qazın nəqlində maneələr yaradıb.
Bütün bunlar isə hər iki tərəfin, yəni həm Rusiyanın, həm də Avropa Birliyi ölkələrinin iqtisadiyyatında zəifləmələrə, yüksəkfaizli inflyasiyaya səbəb olub.