Səlim Müslümovun məhkəməsi şahid ifadələri ilə davam edib
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ev dustaqlığında olsa da, onun məhkəməsi davam edir. Sabiq nazir Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu cinayət işində xeyli şahid var ki, onların da bir qismi dekabrın 5-də məhkəmədə dindirilib.
Şahidlərdən Rasim Qocayev bildirib ki, Binəqədi qəsəbəsində Gənclər şəhərciyindəki binaların tikintisilə məşğul olan şirkətin kommunal-nəzarət şöbəsinin rəisi olub. Onun sözlərinə görə, şirkət mənzilləri tikib, sahiblərinə təhvil verib.
Məhkəmə prosesinə sədrlik edən hakim Faiq Qəniyev şahidin yadına salıb ki, dövlət büdcəsindən bu tikintiyə görə 4 milyon 577 min manat vəsait ayrılıb və həmin şirkətin hesabına köçürülüb.
Dindirmə zamanı məlum olub ki, tikintini həyata keçirən şirkət 2005-2019-cu illərdə deputat olmuş, ötən ilin sentyabrında həbsdə vəfat edən Rəfael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun şirkəti imiş. Şahid bildirib ki, pul məsələsini də rəhbərlik dəqiq bilirdi: “Mən binanın kommunal işlərinə baxırdım. Maliyyə məsələlərilə məşğul olmurdum”.
Şahidin sözlərinə görə, 2015-ci ildə 46, sonrakı illərdə isə 15 və 81 mənzil təmir edib, sahiblərinə təhvil veriblər.
Məhkəmədə dindirilən digər şahidlər Namiq Məmmədov, Qabil Mustafayev şirkətlər yaradıb, Qarabağ əlilləri, şəhid ailələri üçün ev tikintisi üçün nazirliyin tenderlərində iştirak ediblər. Onlar bildiriblər ki, hər evə görə nazirliyə pul verməli olublar. Nəticədə özləri pul qazanmaq əvəzinə, əksinə, ziyana düşüblər.
Qabil Mustafayev deyir ki, özünün və qohumlarının adına şirkətlər yaradıb, nazirliyin elan etdiyi tenderlərdə iştirak edib, əsasən Gədəbəy və Göygöldə müharibə əlilləri üçün 5 ev tikib. Nazirliyin Tikilməkdə olan obyektlər şöbəsinin rəisi Natiq Əzizova hər evə görə 5 min manat verib.
Sonradan Maliyyə Nazirliyinin yoxlaması zamanı 23 min 493 manat çatışmazlıq yaranıb:
“Mən Maliyyə Nazirliyinin yoxlamasını qəbul eləmirəm. Çünki qərəzlidir. Biz hətta özümüzdən pul xərcləmişik. Çanaqçı kəndində mənzildə çəkiliş olacaqdı. Ona görə içinə əşyalar da qoyuldu. Mağazadan mebel və başqa əşyalar da gətirib bəzədik. Halbuki, smetada nəzərdə tutulmamışdı. Natiq Əzizovun tapşırığı idi, görüntü üçün olunmuşdu. Çəkilişdən sonra mebelləri götürmək istəyəndə Qarabağ əlili üstünə benzin töküb dedi ki, mebelləri aparsanız, özümü yandıracam. Nəticədə mənə 10 min manat ziyan dəydi. Bunu Natiq Əzizova dedim. Söz verdi ki, sənədləşdirəcək, o ziyan ödəniləcək. Amma ödənilmədi”.
Nazirliyin Daxili nəzarət şöbəsinin müdir müavini işləmiş Nizami Xanlarov da məhkəmədə dindirilib. İndiyədək keçirilən məhkəmə iclaslarında bir neçə dəfə onun adı hallanıb. Dindirilən bir sıra şahidlər gətirib ona rüşvət verdiyini iddia edib.
Xalq artisti Zeynəb Xanlarovanın qohumu olan Nizami Xanlarov bildirib ki, illik plan üzrə şöbə və müəssisələrdə yoxlamalar aparılıb. Yoxlamalarda aşkarlanan nöqsanlarla əlaqədar protokol yazılıb: “Sonradan nöqsanlar aşkarlanan şöbə və müəssisələrin müdirləri mənə müraciət edib, nöqsanların aradan qaldırılması üçün pul təklif ediblər. Mən də aldığım həmin pulları şöbənin müdiri Soltan Hacıyevə vermişəm. Kimdən nə qədər pul alınıb, ümumi məbləğ nə qədər olub – yadımda qalmayıb. İşdən çıxandan sonra işsiz qaldım. Buna görə də stress keçirdim, məndə yaddaş pozğunluğu yaranıb”.
Nizami Xanlarov ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyib. Rüşvət haqda orada yazılanların düzgün olduğunu vurğulayıb.
Daha sonra ifadə verən şahid Namiq Şəmiyev deyir ki, qardaşı Dövlət Sosial Müdafiə Fondunun Şəki şöbəsinin müdir müavini işləyib. O iddia edir ki, nazirliyin sabiq Aparat rəhbəri, hazırda həbsdə olan Əjdər Cəbiyev (Əjdər Ol təxəllüsü ilə tanınır-red.) qardaşından 115 min manat alıb: “Birinci dəfə qardaşım Əjdər Ola 40 min manat verib. İkinci dəfə yenə 40 min, sonda 35 min manat verib. Sonuncu iki məbləği qardaşım mənim yanımda verib Əjdər Ola. Bundan sonra qardaşım o qədər əsəb-stress keçirdi, rəhmətə getdi. Bu hadisələrdən sonra Səlim Müslümovla görüşmək istədim. Amma görüşümüz alınmadı. Əjdər Ol da əvvəllər mənə deyirdi ki, “şikayət eləməyin, hər şey qaydasında olacaq”. Lakin sonradan Əjdər Ol işdən çıxdı. Bundan sonra onunla görüşmək istədik. O, bizi təhqir elədi”.
Keçmiş nazirin məhkəməsi dekabrın 12-də davam edəcək.
61 yaşlı Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.
2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.
20 milyon manatlıq mənimsəmə, israfetmə və rüşvətdə təqsirləndirilən Səlim Müslümova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Səlim Müslümov 27 milyon manatlıq ziyanın 20 milyonunu istintaq dövründə ödəyib. O, həmin ödənişdən sonra ev dustaqlığına buraxılıb. Lakin rəsmi səbəb kimi, onun səhhətindəki problemlər göstərilib.