Ermənistan Azərbaycanı humanitar hüquqları pozmaqda ittiham edir (yenilənib)

Laçın dəhlizi. Mənbə: Karabakh Records

Yeni yol xəritəsi hazırlanır

ETSN, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC-nin əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə keçib. Xocalıda sülhməramlı qüvvələrin qərargahında, sülhməramlıların komandanlığı ilə müzakirələri davam etdiriblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı növbəti məlumatda belə deyilir.

“Müzakirələrdə Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı ciddi narahatlıq və narazılıqlar dilə gətirilib”, – məlumatda qeyd edilir.
Daha sonra bildirilir ki, faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi vurğulanıb:
“Dekabrın 3-də saat 18.00 radələrində gedən qrup Şuşa şəhərinə qayıdıb. Xocalıda, sülhməramlı qüvvələrin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün ETSN və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb”.


“Azərbaycan tərəfi ilə 3 saatdan artıq davam edən danışıqlar nəticəsini verib”.

Qarabağı Ermənistana birləşdirən yeganə avtomobil yolunun fəaliyyəti bərpa olunub.

Tanınmayan və Dağlıq Qarabağ separatçılarının idarə etdiyi Dağlıq Qarabağ Respublikasının İnformasiya Mərkəzinin yaydığı məlumatda belə deyilir.

Azərbaycan tərəfi isə hələ ki yolun bağlanıb-açılması ilə bağlı rəsmi açıqlama yaymayıb.


ETSN isə deyir ki, erməni tərəf qanunsuz qazıntı aparır

Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə faydalı qazıntıların qanunsuz istismarının həyata keçirildiyini iddia edir.

Bu barədə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) açıqlamasında bildirilir.

Ermənistan tərəf isə deyir ki, Azərbaycan Xankəndi (Stepanakert) – Goris yolunu bağlayıb, Dağlıq Qarabağa tibbi ləvazimat və dərmanların daşınmasının qarşısını alıb.

Bu məlumatı isə tanınmayan, Qarabağ separatçılarının idarə etdiyi Dağlıq Qarabağ Respublikasının Səhiyyə Nazirliyi açıqlayıb.

ETSN hesab edir ki, ərazilərdə faydalı qazıntıların qanunsuz istismarı ekoloji fəsadlara səbəb olur və araşdırılması, ərazinin monitorinqi üçün bölgəyə ekspertlərdən ibarət qrup göndərmək istəyir.
ETSN buna görə Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirə edir:

“Danışıqların yekunları barədə ictimaiyyətə məlumat veriləcək”, – məlumatda bildirilib.
Nazirlik onu da bildirir ki, bu gün, saat 11:00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıb.

Tanınmayan Dağlıq Qarabağ Respublikasının Səhiyyə Nazirliyi isə dekabrın 3-də yaydığı məlumatda həmçinin, bildirir ki, Azərbaycan tərəfin yol bağlaması beynəlxalq humanitar hüquqları pozur və Dağlıq Qarabağda humanitar fəlakət yaratmaq məqsədi daşıyır:

“İndiki vəziyyətdə Artsaxa (Qarabağ-red) tibbi ləvazimat və dərmanların daşınması qeyri-mümkün hala gəlib. Üstəlik, bu halda, səhhətində ciddi problemləri olan insanların Artsaxdan Ermənistana köçürülməsi ciddi problemə çevrilib”.

Laçın dəhlizi. Mənbə: Karabakh Records

Sonda beynəlxalq ictimaiyyət və humanitar təşkilatlar vəziyyəti tənzimləmək və gözlənilən humanitar fəlakətin qarşısını almaq üçün dərhal müvafiq addımlar atmağa çağırılıb.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Həmin vaxtdan bu yana ikisi böyük çaplı olmaqla, tərəflər arasında atəşkəs dəfələrlə pozulub. Hər dəfəsində də Ermənistan Azərbaycanı, Azərbaycan isə Ermənistanı günahlandırıb.

Son zamanlar isə Azərbaycan tərəf tez-tez açıqlama verərək bildirib ki, erməni diversiya qrupları bölgədə təxribat törədir, mina basdırır, Rusiya sülhməramlılarının nəzarət etdiyi yolla Qarabağa silah daşıyır.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu Ermənistan tərəfindən işğal edilib.

Ana səhifəSiyasətErmənistan Azərbaycanı humanitar hüquqları pozmaqda ittiham edir (yenilənib)