Zəminə Əhmədova həyat yoldaşının ölümüylə bağlı istintaqdan narazıdır: “Hərə bir nağıl danışır”
Şəmkirdə iş adamı Arzu Cabbarovun ölümündən yeddi aya yaxın vaxt keçir. Onun ailəsi ötən müddətdə bu hadisədə rolu olanların cəzalandırılmamasından narazıdır. Həyat yoldaşı Zəminə Əhmədova deyir ki, Arzu Cabbarovun ölümüylə bağlı aylar öncə cinayət işi başlansa da, ortada heç bir nəticə yoxdur.
“Şikayətçi olduğum polisləri əksinə, təltif elədilər”
“Şikayətçi olduğum polis əməkdaşları hələ də işlərinə davam edirlər. Onları cəzalandırmaq bir yana qalsın, iyulda polislər günündə təltif də eləmişdilər. Deyirdilər ki, sərəncam verilib, onlar hüquq-mühafizə orqanlarından uzaqlaşdırılıblar. Biri Şəmkir rayonunun Kür qəsəbəsində işləyirdi, biri də Zəyəm deyilən tərəfdə işinə davam eləyirdi…”, – Zəminə Əhmədova Meydan TV-yə belə deyib.
Həyat yoldaşı Arzu Cabbarova polislərin xəsarət yetirdiyini və nəticədə onun xəstəxanada öldüyünü deyir. Daxili İşlər Nazirliyi isə bunu təkzib edir, iş adamının özünə xəsarət yetirərək öldüyü iddia olunur. Elə prokurorluqda cinayət işi də Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə başlanıb.
Zəminə Əhmədova deyir ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları həyat yoldaşını uzun müddət tələyə salmağa, bununla da ondan pul qoparmağa çalışırdı. Hadisə günü də onu rayon sakini Yeganə Yusifovanın vasitəsilə bir evə çağırıblar. Onun sözlərinə görə, sonradan həmin evə polis əməkdaşları gəlib və aralarında mübahisə yaranıb. Həmin vaxt da həyat yoldaşına xəsarət yetirilib.
Yeganə Yusifova da bir müddət öncə Meydan TV-yə müsahibəsində onun dediklərini təsdiqləmişdi. O, öz vasitəsilə Arzu Cabbarovun ora çağırıldığını, orada olduqları müddətdə Firuz İbrahimov adlı polis əməkdaşının evə daxil olduğunu, Arzu Cabbarovu döydüyünü, daha sonra şüşə parçası ilə ona xəsarət yetirdiyini danışmışdı.
Arzu Cabbarov hələ xəstəxanaya aparılarkən yolda həyat yoldaşına səs yazısı göndərib. Sahibkar polis əməkdaşlarının ona xəsarət yetirdiyini deyib.
“Bədəni gömgöy idi, necə zərbələr alıb…”
Zəminə Əhmədova deyir ki, aylardır ədalətin bərqərar olması üçün mübarizə aparır. O, xeyli səs yazısı toplayıb, məsul şəxslərlə görüşüb. Buna baxmayaraq, həyat yoldaşını qətlə yetirdiyinə əmin olduğu şəxslərin cəzalanmasına nail ola bilməyib.
O, Ombudsmana, prezidentə, birinci vitse-prezidentə məktublar yazıb. Həmçinin Prezident Administrasiyasının hüquq-mühafizə orqanlarıyla iş şöbəsinin müdiri Fuad Ələsgərov, daxili işlər naziri Vilayət Eyvazov, Baş prokuror Kamran Əliyevlə görüşməyə imkan tapıb:
“Oktyabrın əvvəllərində Fuad Ələsgərovla 10-15 dəqiqə söhbətimiz oldu. Yanında Daxili İşlər Nazirliyinin əməkdaşları da vardı. Həmin əməkdaşlar kənardan deyirdilər ki, “özünü öldürüb, əksinə, polislər ona yardm eləyib”. Dedim, nə nağıl danışırsız?! Dedim, hamıya belə çatdırırsız, nazirə də, bəlkə prezidentə də… Polislər kömək eləyirdisə, niyə qolu kəsiləndən xeyli sonra xəstəxanaya çatdırıblar? Niyə təcili yardıma zəng vurmayıblar? Öz maşınında qanı axa-axa aparıblar. Bədəni gömgöy idi. Necə zərbələr alıb, başı pis gündə… Qadının ona gücü çatardı? Utanmırlar, deyirlər ki, guya qadınla əlbəyaxa olub, nəticədə belə olub. Fuad Ələsgərova dedim ki, işə obyektiv baxılsın, hərə bir nağıl danışır, siz də inanırsız. Kamran Əliyevin qəbulunda isə iyunda olmuşdum. Məhz görüşdən sonra istintaq Bakıda getməyə başladı. Şəmkirə müstəntiq gəldi ki, hamıdan izahat götürsün. Burada elə görüntü yaratdılar ki, guya Bakıdan gələn müstəntiq bunlardan zorla ifadə alır. Yəni işi obyektiv araşdırmaq istəyəni də şərləyirdilər. Adamlara hədə-qorxu gəlirdilər”.
“Kamera görüntülərini siliblər”
Zəminə Əhmədovanın dediyinə görə, Vilayət Eyvazovla görüşdə Şəmkir Rayon Polis Şöbəsinin rəisi də orada olub. Nazir cinayət işindən xəbərdar olduğunu deyib:
“Dedi ki, bilirəm, mənə məlumat veriblər. Dedim ki, sizə səhv məlumat veriblər. Özünəqəsd maddəsi ilə iş başlayıblar, halbuki, mənim həyat yoldaşım ağlı başında insan idi, özünə qəsd eləyəsi deyildi. İşin əvvəlcədən planlaşdırıldığını, səs yazıları olduğunu bildirdim. Qayıtdı ki, şəxsən özüm nəzarət eləyəcəm, ölçü götürəcəyik. Amma cəmi bir həftə sonra polisləri işə qaytardılar. Özüm şoka düşdüm. Yenidən onun qəbuluna yazılmışam. Beləmi nəzarətə götürüb?..”
Zəminə Əhmədova deyir ki, Baş Prokurorluğun İstintaq İdarəsində gedən araşdırmaların nəticəsindən xəbəri yoxdur. Amma o, ümumiyyətlə, 125-ci maddə ilə istintaq getməsindən narazıdır. Onun fikrincə, Arzu Cabbarovun ölümünü özünə qəsd kimi təqdim eləmək baş verənləri ört-basdır etməyə xidmət edir:
“Nicat adlı müstəntiq prokuror Azər Hətəmovla əlbir olub, bütün dəlilləri, sübutları məhv eləməyə çalışdılar. Məsələn, kamera görüntülərini siliblər. Firuz İbrahimov hadisə günü həmin o evə girib də… Amma görüntülərdə yoxdu. Qonşuların üçündə kamera olub. Həmin gün qadından izahat götürməliydilər. Götürmədilər, çünki qadının üzərində heç bir işgəncə izi yox idi. Ekspert gəlib baxmışdı ki, ağlabatan deyil. Sonra qadını polislər döydürmüşdülər. Guya bunu Arzu eləyib. Qadın sonradan özü də etiraf eləmişdi ki, onu Firuz İbrahimov döyüb. Qadını bir həftə gizli saxlamışdılar”.
“Kamera görüntüləri niyə silinib?”
Zəminə Əhmədova həkimlərdən də şübhələndiyini bildirir. Onların ya səhlənkarlıq etdiklərini, ya da bilərəkdən lazımi yardım göstərmədiklərini düşünür:
“Qolu, ayağı qopanı Bakıya, Gəncəyə çatdırıb xilas eləyirlər. Amma burdan-bura xəstəxanaya çatdırıb öldürdülər… Vəsatətlər vermişik. Kamera görüntüləri niyə silinib, həkimlər, ekspert barədə… Bütün cavab məktublarında yazılıb ki, narahat olmayın, istintaq gedir, işə ədalətli baxılacaq. Bircə prezident qalıb ki, görüşüm. Bunun da yolunu tapa bilmirəm. İstəyirəm prezident şəxsən bilsin. Üç uşaqla başsız qalmışam…”
Prokurorluq və DİN nə deyir?
Baş Prokurorluğun İstintaq İdarəsindən bildirilib ki, Zəminə Əhmədovanın həyat yoldaşının ölümüylə bağlı istintaqdan narazılığı haqda Prezident Administrasiyasına və Ombudsmana ünvanladığı şikayət prokurorluğa göndərilib. Həmin müraciətlər cinayət işinə əlavə olunub.
“Müraciətdə göstərilən xüsusatlarla bağlı tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, qanunamüvafiq qərarın qəbul edilməsi təmin olunacaq”, – İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, Zəminə Əhmədovanın həyat yoldaşının ölümündə polis əməkdaşlarının iştirakıyla bağlı şikayəti üzrə araşdırma aparılıb, onun iddiaları təsdiqini tapmayıb.