“OpenDemocracy” bununla bağlı məqalə yazıb
BBC xəbər agentliyi Azərbaycan diktaturasını “təmizə çıxarmaqda” ittiham olunur. Buna səbəb BBC-nin ölkənin qalmaqallı hakim ailəsinin dəstəkləri ilə ərsəyə gələn və Böyük Britaniyanın neft və qaz nəhəngi hesab olunan BP-nin sponsorluq etdiyi filmi yayımlamasıdır.
“Open Democracy” media platformasının hazırladığı məqalədə “BBC World News” kanalının avqustda yayımladığı “Azərbaycan möcüzələri” filmindən söz açılır. Yazıda deyilir ki, bu kanala köklənən izləyicilər BP-nin maliyyələşdirdiyi “Azərbaycan möcüzələri” filmində “Azərbaycanın neft sərvətlərinin paytaxt Bakının çiçəklənməsinə necə kömək etməsi” və “ Azərbaycanın Şərqin Parisi” kimi şöhrət qazanması” ilə bağlı ətraflı məlumat alacaqlarına inandırılıb.
Məqalədə qeyd olunur ki, BP Azərbaycanda hakimiyyətdə olan Əliyevlər ailəsinin üzvləri tərəfindən idarə olunan fond və media mərkəzinin dəstəyi ilə çəkilmiş filmə 300 min funt sterlinq pul xərcləyib. Film “SandStone Global” adlı istehsal şirkəti tərəfindən hazırlanıb. Filmi televiziya aparıcısı və tarixçi, “SandStone” şirkətinin həmtəsisçisi olan Bettani Hyuz (Bettany Hughes) təqdim edib.
2015-ci ildə Azərbaycanda yaşanan siyasi təzyiqlərə görə ölkəni tərk etməli olan azərbaycanlı fəal Emin Hüseynov BBC-ni bu filmə görə “diktaturanı təmizə çıxarmaqda” ittiham edib.
Hüseynov 2006-cı ildə Azərbaycanda demokratiyanı dəstəkləyən gənc fəallar haqqında BBC-nin mükafat qazanmış sənədli filminin əsas personajlarından olub. İndi isə o “Open Democracy” media platformasına müsahibəsində deyib ki, BBC utancverici bir dəyişimdən keçir və dünyanın ən qanlı, ən korrupsioner rejimlərindən birinə yol açır.
O, həmçinin BBC-ni Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı reportajlar yayımlamaqda “passiv” qalmaqda ittiham edərək, BP-nin Əliyev rejimi ilə əlaqələrinin araşdırılmaması məsələsini qaldırıb.
BBC-dən isə “Open Democracy”yə bildiriblər ki, “Azərbaycanın möcüzələri” filmi “aktual problemlərlə bağlı proqram deyil”.
“Regionun genişmiqyaslı geosiyasi məsələləri “BBC News” xəbər agentliyi tərəfindən geniş şəkildə işıqlandırılıb”, – deyə sözçü əlavə edib.
“Open Democracy” “Culture Unstained” adlı incəsənət sahəsində kampaniyalar yürüdən qrupun üzvü Kris Qarrarddan (Chris Garrard) da münasibət öyrənib. Onun sözlərinə görə, media sponsorluq razılaşmaları BP-nin “qanuniləşdirilən” qalıq yanacaq kampanyaları kimidir, onlar xalis sıfır hədəfinə çatmaq əvəzinə yeni neft və qaz infrastrukturuna sərmayə qoymağa davam edirlər.
Qarrardın fikrincə, Azərbaycandakı rejimin insan hüquqlarını tapdalama təcrübəsini nəzərə aldıqda, BBC-nin yayımladığı filmdə göstərilən “Azərbaycanın müsbət mədəni perspektivləri” BP-nin xeyrinədir.
“Film həmçinin dolaylı şəkildə Azərbaycanın 2020-ci ildə baş verən İkinci Qarabağ Müharibəsi zamanı ermənilərdən aldığı, mübahisəli Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhəri üzərindəki iddialarını da əhatə edir. Belə ki, Azərbaycan artıq bu regionu BP-nin də dəstəyi ilə “yaşıl enerji zonasına” çevirmək istəyir”, – yazıda qeyd olunub.
“Əsrin müqaviləsi” adlanan müqaviləyə əsasən, BP zəngin sərvətləri olan Azərbaycanda ən böyük xarici korporativ investor hesab olunur.
BP uzun müddətdir ki, hüquq müdafiəçiləri və iqlim aktivistləri tərəfindən “seçkiləri boğmaqda, müxalifətəçilərə təzyiq göstərməkdə və Azərbaycanın neft və qaz sərvətindən qeyri-şəffaf gəlir əldə etməkdə” ittiham olunan Əliyevlər rejimi ilə əlaqələrinə görə tənqid edilir.
“BP Azərbaycan hökumətini yanında saxlamalıdır və bu film bunu etmək üçün ucuz bir üsuldur”, deyə Ceyms Marriott “OpenDemocracy” platformasına bildirib. O, “Sadə Britanya: Neft Bir Milləti Necə Formalaşdırır” (Crude Britannia: Oil How Shaped a Nation) kitabının həmmüəllifidir.
BP həmçinin “OpenDemocracy” media qurumuna bildirib ki, bu film həm Azərbaycanın, həm də şirkətin mənafeyi üçün Xəzər dənizindəki enerji ehtiyatlarının “səmərəli və məsuliyyətli” inkişafına xidmət məqsədi daşıyır.
BP əlavə edib ki, bu filmi ərsəyə gəlməsində şəxsi ambisiyalar sıfıra bərabərdir və Azərbaycanda dekarbonlaşdırılma əməliyyatlarına və bərpa olunan enerjinin inkişafına xidmət edir.
“Biz heç bir ölkədə ayrı-ayrı şəxsləri və ya siyasi qrupları dəstəkləmirik”,- deyə BP sözçüsü “OpenDemocracy” platformasına verdiyi açıqlamada qeyd edib.
BBC-nin sözçüsü həmçinin vurğulayıb:
“Böyük Britaniyadan kənarda reklam və sponsorluq işləri açıq şəkildə etiketlənir və bizim redaksiya məhsulumuzdan tamamilə ayrı olmaqla yanaşı, bizə iqlim, enerji böhranı və geosiyasi məsələlər də daxil olmaqla, bütün mövzularda müstəqil və qərəzsiz xəbər təqdim edən dünya səviyyəli BBC jurnalistikasına investisiya qoymağa imkan yaradır”.
“OpenDemocracy” yazır ki, “BBC World News” avqustda bir həftə boyunca Böyük Britaniyadan kənarda yaşayan izləyicilər üçün iki hissəli filmi yayımlayıb. Həmin həftə Böyük Britaniya izləyiciləri enerji böhranı və bahalaşan yanacaq ödənişləri haqqında geniş şəkildə işıqlandırılan xəbərləri izləyib.
“BBC Global News” (BBC-nin kommersial törəməsi) ilə Azərbaycanın rəsmi turizm qurumu arasında imzalanan ticarət müqaviləsi çərçivəsində BP-nin maliyyələşdirdiyi filmlə yanaşı, “maraqdolu, ətraf mühitə qarşı həssas olan səyahətçilər”ə yönəlmiş reklamlar da nümayiş etdirilib.
Məqalədə qeyd olunur ki, BBC-nin “Azərbaycan Möcüzələri” filmi, həmçinin Bettani Hyuz tərəfindən təqdim olunan və dünyanın müxtəlif yerlərində təbii, gözəl və fərqli mədəniyyətlərə malik görməli yerləri araşdıran daha geniş serialın bir hissəsidir.
BBC iki hissəli proqramın məzmununu Hyuza məxsus istehsal şirkəti olan “SandStone Global” şirkəti vasitəsilə lisenziyalaşdırıb. BBC materialı redaktə edib, lakin müəllif hüququ “SandStone” şirkətinə aiddir. Filmin özü BP tərəfindən maliyyələşdirilib, belə ki, onun sponsor olması proqram ekranda yayımlanarkən aydın şəkildə qeyd olunub.
“Avqust ayının sonunda Azərbaycanla bağlı turizm reklamlarının da nümayiş edildiyi iki seriyanın hər biri bütün dünya üzrə beş dəfə yayımlanıb. Böyük Britaniyada isə heç vaxt yayımlanmayıb”, – “OpenDemocracy”nin məqaləsində vurğulanıb.
“SandStone Global” şirkətinin sözçüsü bildirib ki, istehsal şirkətlərinin müxtəlif yerlərdə xidmət göstərmək üçün “yerli təşkilatlardan” dəstək istəməsi “standart təcrübədir”.
Məqalədə vurğulanır ki, Bakı Media Mərkəzi “SandStone” şirkətinə maddi-texniki dəstək göstərib. Heydər Əliyev Fondu isə Britaniya şirkətinə çəkiliş üçün icazələr almağa və unikal mədəni-irsi obyektlərə çıxış əldə etməsi üçün köməklik edib.
“Bakı Media Mərkəzi Azərbaycan prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyeva tərəfindən idarə olunur. Mərkəz birinci ailə tərəfindən idarə edilən fond ilə sıx əməkdaşlıq edir”, – məqalədə qeyd olunub.
“Məhsullarımızla bağlı bütün qərarlar “SandStone Global” komandası tərəfindən qəbul edilir və təşkilatların işə cəlb edilməsi redaksiya işlərinə təsir göstərdikləri anlamına gəlməz”, – deyə “SandStone” təşkilatının sözçüsü bildirib. O əlavə edib ki, Arzu Əliyeva istehsal prosesində şəxsən iştirak etmir.
BBC sözçüsü həmçinin qeyd edib ki, “Orjinal veriliş BBC tərəfindən hazırlanmasa da, BBC ciddi yayım qaydalarına uyğun şəkildə öz kanalında yayımlanan hər şeyə redaktə anlamda tam nəzarətə malikdir”.
“BP bu verilişi Heydər Əliyev Fondu ilə tərəfdaşlıq çərçivəsində “Azərbaycanın qlobal şəkildə tanıdılmasına töhfə” vermək məqsədilə dəstəkləyib. H.Ə.Fondu keçmiş prezidentin adını daşıyır. O, 1991-ci ildə Azərbaycan Sovet İttifaqından ayrılaraq müstəqillik əldə etməmişdən öncə və əldə etdikdən sonra ölkəni idarə edib. On illik hakimiyyətinin ardından H.Əliyevin yerini 2003-cü ildə oğlu, hazırkı avtokratik prezident İlham Əliyev alıb.
Fonda İlham Əliyevin xanımı, eyni zamanda ölkənin vitse-prezidenti olan Mehriban Əliyeva rəhbərlik edir”, “OpenDemocracy”nin məqaləsində vurğulanıb.
Məqalədə yazılıb ki, Heydər Əliyev Fonduna Azərbaycanın imicini xaricdə təbliğ etmək, o cümlədən Dağlıq Qarabağla bağlı hökumətin mövqeyini dəstəkləmək tapşırılıb. Lakin hökuməti tənqid edənlər deyirlər ki, bu fəaliyyət diqqətləri rejimin müxalifətə qarşı amansız repressiyasından və sistemli korrupsiyasından yayındırmaq məqsədi daşıyır.
Mühacirətdə olan azərbaycanlı jurnalist Arzu Qeybullayeva “OpenDemocracy” mediasına verdiyi açıqlamada qeyd edib ki, “Fond hakim ailə tərəfindən Azərbaycanın imicini təmizə çıxarmaq məqsədilə yaradılıb”. O əlavə edib ki, “Onu heç bir şəkildə dövlətdən ayrı olaraq qəbul etmək olmaz”.
Heydər Əliyev Fondu şərhlə bağlı istəklərə cavab verməyib.
Məqalədə yazılana görə, sentyabrda filmin Bakıda keçirilən təqdimat mərasimində çıxış edən aparıcı Bettani Hyuz isə qeyd edib ki, “Mən tarixə siyasi tərəfdən baxmıram. Siyasətlə heç vaxt maraqlanmıram”.
“Amma mən mədəni baxımından seçilən yerləri ziyarət edirəm. Ona görə də gedə bilmədiyim yerlərə getmək mənim üçün müstəsna haldır, çünki sonuncu dəfə gələndə orada çoxlu konfliktlər yaşanırdı”, – aparıcı deyib.
Hyuzun beynəlxalq arenada Azərbaycan ərazisi kimi tanınan, lakin 1990-cı illərin əvvəllərindən ermənilərin nəzarətində olan Dağlıq Qarabağ haqqında da danışdığı qeyd olunub.
“Yeri gəlmişkən qeyd edək ki, BBC tərəfindən yayımlanan serialda Bettani Hyuzun Dağlıq Qarabağın Şuşa şəhərinə getdiyi bir epizod da yer alıb. Azərbaycan həmin şəhəri 2020-ci ilin noyabr ayında hərbi hücum çərçivəsində ələ keçirib. Ermənilər tərəfindən əvvəllər Şuşi kimi tanınan Şuşa şəhəri otuz il öncə baş verən Birinci Dağlıq Qarabağ müharibəsindən bəri ermənilərin əlində olub”, – “OpenDemocracy”nin məqaləsində vurğulanıb.
Məqalədə 2022-ci ilin iyununda Şuşada çıxış edən BP-nin regional prezidenti Qari Consun (Gary Jones) fikirləri də yer alıb. O bildirib ki, Dağlıq Qarabağ “ölkədə ən yaxşı günəş və geotermal ehtiyatlara malikdir” və bu, “xalis sıfır əsaslı sistem üçün ideal fürsətdir”.
BP 2020-ci il müharibəsi zamanı Azərbaycanın nəzarəti bərpa etdiyi Cəbrayıl şəhərində günəş elektrik stansiyası tikməyi planlaşdırır.
“Avqustun son həftəsində yayımlanan “Azərbaycan möcüzələri” filmində Ermənistanın Şuşa ilə əlaqələri və Dağlıq Qarabağın mübahisəli acı tarixi barədə heç bir şey qeyd edilməyib.
İki həftə sonra Azərbaycan qüvvələri Ermənistan-Azərbaycan arasında 2020-ci ildə baş verən müharibədən bəri yaşanan ən ciddi gərginliyin olduğu bir zamanda Ermənistan ərazisinə yeni hücumlar həyata keçirib”, – yazıda qeyd olunub.
Məqalədə daha sonra vurğulanır ki, BP-nin nümayəndəsi Cons sentyabrın sonunda filmin Bakıdakı təqdimat gecəsində səhnəyə çıxaraq “Azərbaycan hökumətinin və onun ölkədəki tərəfdaşlarının kampaniyasına göstərdiyi sarsılmaz dəstəyi” üçün tərif yağdırıb.
“OpenDemocracy” yazır ki, bu, BP-nin Heydər Əliyev Fondu ilə ilk tərəfdaşlığı deyil və fondun adı BBC-də tez tez görünür:
“Keçən il “BBC Global News” kanalının biznes xəbərləri təqdim edən şirkət daxili məzmun studiyası “BBC StoryWorks” Azərbaycanın Sovet İttifaqından ayrılmasının 30-cu ildönümünü qeyd etmək üçün ayrıca turizm kampaniyası həyata keçirib.
Kampaniyada oxucuların Heydər Əliyev Fondunun internet səhifəsinə keçid edərək Azərbaycan haqqında “daha çox öyrənməyə” dəvət edildiyi ödənişli reklam yer alıb. Azərbaycan Portalı (digər məsələlərlə yanaşı) Azərbaycanın hazırkı prezidenti İlham Əliyevin “hər zaman ölkədə insan hüquq və azadlıqlarının daha yaxşı təmin olunmasını hədəflədiyini” yazıb. Orada qondarma “erməni problemi” ilə bağlı da məlumatlar var”.
BBC-nin Böyük Britaniyada yayımladığı xəbərdə deyilir ki, Azərbaycan hakimiyyətinin ermənilər haqqında insanlıqdan kənar ifadə və təsvirlərdən istifadə etməsi uzun tarixə malikdir. Belə ki, ötən il ələ keçirilən, Ermənistan silahlı qüvvələrinə məxsus silah-sursat, zirehli silahlar, nəqliyyat vasitələri və ermənilərin mum fiqurlarından ibarət “müharibə parkı”nın açılışı olub.
“OpenDemocracy” şərh almaq məqsədilə BBC ilə əlaqə saxladıqdan sonra link silinib.
Məqalədə bildirilir ki, BP bəzi sosial investisiya layihələrinin birgə həyata keçirmək məqsədilə Heydər Əliyev Fondu ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Öncəki əməkdaşlıqlara “Son iclas” sənədli filmi kimi filmlərə sponsorluq etmək daxildir. Belə ki, film qısa müddət ərzində müstəqil dövlət olan və 1920-ci ildə sovet işğalı ilə öz müstəqilliyini itirmiş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından bəhs edir. 2018-ci ildə çəkilmiş filmin lahiyəsinə BP 320 min dollar pul xərcləyib. Lahiyə Bakı Media Mərkəzi tərəfindən təşkil olunub. Filmin prodüseri Arzu Əliyevadır.
“OpenDemocracy” üçün verdiyi açıqlamada BP Azərbaycanda və regionun digər yerlərində həyata keçirdiyi sosial işlərə investisiya yatırmaq siyasətinin “qrupun davamlılıq prinsiplərinə uyğun şəkildə” aparıldığını bildirib.
Şirkət təhsil və mədəni sahədəki təşəbbüslər, o cümlədən enerji sahəsinin inkişafı üçün imkanların yaradılmasına yönəlmiş layihələr də daxil olmaqla, Azərbaycanda 100-dən çox icmanı dəstəklədiyini bildirib.