Siyasətçilər İlham Əliyevin İranla bağlı mövqeyini dəyərləndirdilər
“İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik”.
Bu bəyanatı Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransında səsləndirib.
İlham Əliyev İran İslam Respublikasında yaşayan azərbaycanıların müdafiəsinə də toxunub:
“Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.
Prezident vurğulayıb ki, İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, lakin azərbaycandilli məktəblər yoxdur:
“Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir. Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu, necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq”.
“Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır”,-deyə Əliyev əlavə edib.
Ölkə başçısı İran ilə sərhəddə hərbi təlimlərin keçirilməsinin səbəblərini də açıqlayıb.
“Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən İranla sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.
“Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi”, – deyə Prezident fikrini yekunlaşdırıb.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı Meydan TV-yə dövlət başçısının söylədiklərinə haqq qazandırdığını və alqışladığını deyib.
Sabir Rüstəmxanlı bildirib ki, prezidentin səsləndirdiyi məsələləri Azərbaycan cəmiyyəti qaldırmayıb:
“Biz Tehranla təmasların gərginləşməməsi üçün indiyə qədər susmuşuq, ordakı azərbaycanlıların hüquqları tapdansa da, münasibətlərin pisləşməsini istəməmişik. Amma son 30 ildə İran İslam Respublikası işğalçı Ermənistana dəstək verib və həmçinin, işğalda olan yurdların dağıdılmasında iştirak edib. Bundan əlavə, İran televiziyaları azərbaycanlılara qarşı təhqiramiz reportajlar yayıb ki, bu, onlara yaraşmır. Tehran üzdə şiə qardaşı deyə-deyə islam dünyasını parçalamaqla məşğul olub. İkinci Qarabağ savaşında İran vasitəsilə Ermənistana silahların daşınması heç kimə sirr deyil. Bütün bunlar gec-tez indiki mənzərəni yaratmalıydı. Beləliklə, İran rejimi hər hansı kənar müdaxilə olmadan özünün sonunu gətirir. Baxın, İran konstitusiyasında xalqlara ana dili haqqı verilsə də, yerinə yetirlməyib. Prezident düz deyir, 100-150 min erməninin məktəbi, mətbuatı və kilsəsi olduğu halda, digər xalqlar bu hüquqlardan məhrumdur”.
Deputat Azərbaycanda təhsil alan İrandan olan azərbaycanlıların çətin durumuna toxunaraq deyib ki, bununla bağlı dövlətin siyasəti olmalıdır:
“Əgər 30 ildə bu yöndə vahid siyasəti olsaydı, yüksək səviyyəli kadr bazası yetişmişdi. Bir nəfərə təqaüd, burs verilmir. Dəfələrlə bu məsələni Milli Məclisdə qaldırmışam. Mən nazir olan vaxt onlarla tələbəyə kömək etmişəm. Amma indi təhsil haqqı artıb, məsələn, Tibb Universitetində təhsil haqqı 4 min dollardır. Sağ olsun “Azərsun” şirkətini, 3-4 il əvvəl təhsil haqqını verə bilmədiyinə görə qovulmaq təhlükəsi olan tələbəyə yardımn etdilər. Oxşar problemlə bağlı güneyli başqa bir tələbə də var, düşünürəm ki, necə yardım edək, kimə müraciət edək…“.
Sabir Rüstəmxanlı Azərbaycan qanunvericiliyində xaricdən olan soydaşlarımıza güzəştli təhsil hüququnun tanındığını vurğlayıb:
“Amma bu tələbin necə həyata keçirilməsi ortada yoxdur. Güman edirəm ki, prezidentin çıxışından sonra bu problemlər aradan qalxacaq. Bilirsiniz, bir neçə güneyli tələbəyə yardım etməklə problemlər həllini tapmır, kompleks yanaşma olmalıdır. Dövlət ildə təhsilə, yaxud Diaspora Komitəsinə vəsait ayırır, olmazmı İrandan olan azərbaycanlıların təhsili üçün də belə ayırmalar olsun?!“.
Azərbaycanın 1992-1993-cü illərdə İranda səfiri olan sabiq deputat Nəsib Nəsibli Azərbaycanda bütün səviyyələrdə təhsil almaq istəyən İranlı azərbaycanlılardan təhsil haqqının alınmamasını vacib hesab edir. Onun fikrincə, onlara ictimai təşkilatların təqaüdləri verilməlidir.
Nəsib Nəsibli hesab edir ki, Rəsmi Bakının İrana yönəlik siyasi strategiyası köklü dəyişməlidir:
“Əvvəlcə, Azərbaycanın daxili siyasətində İranla bağlı köklü dəyişiklik edilməlidir. Milli birliyin təmini istiqamətində ardıcıl addımlar atılmalıdır ki, bura güney üçün daha cəlbedici örnək olsun. O cümlədən, fərqli düşünənlərin fundamental haqları tanınmalıdır, ölkədə siyasi məhbus problemi qapanmalıdır”.
“Ümumiyyətlə, İranla hazırkı gərginliyi yumşaltmaq üçün gərəkli addımlar atılmalıdır. Rəsmi mediada İran mövzusunda təbliğat yumşaldılmalı, obyektiv və əsaslandırılmış müzakirələr aparılmalıdır. Əlbəttə, BMT və digər platformlarda İranda fundamental və milli haqların pozulması haqqında qətnamə və qərarlar dəstəklənməlidir. Hökumət İranda həbsə atılan milli fəalların ailələrinə burdan olacaq yardımının göstərilməsinə mane olmamalıdır. Hətta Qərb ölkələrində yaşayan güney əsilli mütəxəssislər Prezident Administrasiyasında və başqa dövlət qurumlarında işə dəvət edilməlidir. Yaxud Avropada yaşayan güney əsilli iş adamları ilə ortaq biznes fəaliyyətinə rəvac verilməlidir. Yaxşı olardı, Bakıda yaşayan güney əsilli şəxslərin Azərbaycan vətəndaşlığı alması qaydaları asanlaşdırılsın”,-deyə əlavə edib.
Nəsib Nəsibli bildirib ki, Azərbaycan hökuməti İrandan gələcək təhdidləri önləmək üçün Türkiyə, İsrail, ərəb ölkələri, ABŞ və digərləri ilə təmasları genişləndirməlidir.