Alimpaşa Məmmədov 312 epizod üzrə verilən rüşvət ittihamından, Bakıdakı mənzillərin ona necə verilməsindən danışdı
Şəmkirin keçmiş icra başçısı, 1 il 7 aydır həbsdə olan Alimpaşa Məmmədovun işi üzrə məhkəmə istintaqı başlayıb. Onun işini Gəncə Ağır Cinayətlər Məhkəməsində Nural Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.
Noyabrın 24-də keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. Alimpaşa Məmmədov xüsusilə külli miqdarda mənimsəmə, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə, cinayət yoluyla əldə edilmiş vəsaitləri leqallaşdırma kimi əməllərdə ittiham olunur.
İttihama əsasən, Şəmkirdə müxtəlif bələdiyyələrin təsis etdiyi iri müəssisələrə məxsus, dəyəri milyonlarla olan paylar icra başçısının göstərişiylə onun oğlunun adına keçirilib. Məsələn, Şəmkir şəhər bələdiyyəsinə məxsus “Abad Şəmkir” MMC-nin (zavod) 1 milyon 335 min manat dəyərində payı 2018-ci ildə Alimpaşa Məmmədovun oğluna satılıb. Satış isə cəmi 180 manata rəsmiləşdirilib. İki il sonra – 2020-ci ildə isə Adil Məmmədov da müəssisəni Fərid İslamzadənin adına keçirib.
Çinarlı bələdiyyəsinə məxsus “Çinarlı qəsəbə” MMC-nin 3 milyon 344 min manatlıq payları isə “Şəmkir səbəti” MMC-yə 40 manata satılıb. Bu şirkətin də rəsmi sahibləri keçmiş icra başçısının oğlu Adil Məmmədov, köməkçisi Mahir Əliyevdir.
Bundan başqa, ittihamda yazılıb ki, Alimpaşa Məmmədov “Şəmkir-Yeni Göyçə-Dağ Çəyir” avtomobil yolunun çəkilişi üçün satınalma müsabiqəsinin qalibi olmuş idarənin müdirindən 240 min manat pul alıb.
O, həmçinin 2015-2016-cı illərdə icra hakimiyyətinin keçirdiyi satınalmaların qalibi olmuş “Ağstafasutikinti” ASC-nin müdiri Vaqif Məmmədovdan 218 min manat rüşvət almaqda ittiham olunur.
Alimpaşa Məmmədova Bakının Nərimanov rayonu ərazisində “Sipark” yaşayış kompleksində iki mənzilin də rüşvət kimi verildiyi iddia olunur. İttihama əsasən, sabiq icra başçısı, Şəmkir şəhəri, Nizami küçəsi 2ünvanında “Sipark Şəmkir” MMC-yə torpaq sahəsi ayrılması, ümumi himayədarlıq və laqeydlik müqabilində şirkətin sahibindən 2018-ci ildə iki mənzili alıb. İki mənzilin ümumi dəyəri 700 minə yaxındır.
İttihama görə, ümumilikdə Alimpaşa Məmmədov icra başçısı işlədiyi müddətdə mənimsəmə və rüşvət yoluyla 6.8 milyon manata yaxın vəsait əldə edib. Bu vəsaitlərin bir hissəsi oğlu Adil Məmmədovun adına təsis olunan “Az Farel” MMC-nin tikinti xərclərinə yönəldilib.
Prokuror ittiham aktını elan edəndən sonra sabiq icra başçısı orada yazılanlara münasibət bildirib. Məsələn, prokuror ondan soruşub ki, ona 132 epizod üzrə ümumilikdə 1 milyon 700 min manatdan çox rüşvət almaqla bağlı ittiham verilib. Bu ittihamla razılaşır, yoxsa yox?
“Razıyam, heç bir problem yoxdur”, – sabiq icra başçısı cavab verib.
Dövlət ittihamçısı ondan Bakıda 677 min manat dəyərində iki mənzilin rüşvət kimi alınması haqda da sual verib. Alimpaşa Məmmədov bildirib ki, o, kimdənsə rüşvət və ya hədiyyə istəməyib. Onun sözlərinə görə, həmin mənzillər də indi 677 min manat dəyərləndirilib. Halbuki, o dövrdə tikinti yeni başlanan vaxt imzalanan müqavilədə qiymət 143 min manat olub:
“Heç o mənzillərin tikinti-təmiri qurtarmayıb”.
Alimpaşa Məmmədov bildirib ki, hüquqi baxımdan doğru olmayan, cinayət hesab edilən əməllərə yol versə də, məqsəd şəxsi mənafeyi yox, rayonu idarə etmək olub. Onun sözlərinə görə, elə sahələr var ki, rayona vəsait ayrılanda büdcədə həmin məsələlərlə bağlı vəsait nəzərdə tutulmurdu. Qeyri-rəsmi ödənişlərin hesabına həmin işləri yola verirdi:
“Mən vətəndaşları iş yeri ilə təmin eləmişəm, insanların dolanması üçün çalışmışam. Əgər bu israfetmə sayılırsa, nə deyirəm, razıyam. İttihamda bəhs olunan vəsaitləri rayonun idarəçiliyində, yeni iş yerlərinin yaradılmasında istifadə olunub. Yəni niyyət başqa olub…”
Sabiq icra başçısı ifadəsini yazılı şəkildə məhkəməyə təqdim edib. O vurğulayıb ki, istintaq dövründə də hərtərəfli və obyektiv araşdırma aparılması üçün istintaqa yardım edib.
Keçmiş icra başçısının işi üzrə məhkəmə prosesi dekabrın 8-də davam edəcək.
2014-2021-ci illərdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olmuş Alimpaşa Məmmədov 2021-ci il aprelin 29-da Şəmkirdə icra hakimiyyətinin binasında DTX keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, icra başçısı vəzifəsindən öncə 3 il Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.
Alimpaşa Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1 (cinayət yoluyla əldə edilmiş vəsaitləri leqallaşdırma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.
Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Ağstafa və Yevlaxdan başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir və Şəmkir rayon icra hakimiyyətlərində də bənzər əməliyyatlar keçirilib. Həbs edilən icra başçılarının Alimpaşa Məmmədov olub.
Onun həbsindən sonra özünün və yaxınlarının 10 milyondan çox dəyərdə əmlakı üzərinə həbs qoyulub. Onların arasında “Abad Şəmkir” MMC – qida məhsulları istehsal zavodu, “Az Farel” MMC – balıq yetişdirmə və emalı müəssisəsi və Bakıda mənzillər də var.