Paşinyan KTMT sammitindəki müzakirələri “açıq, səmimi və pozitiv” adlandırıb
Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT sammitindəki müzakirələri “açıq, səmimi və pozitiv” qiymətləndirib.
“Azatutyun” yazır ki, Ermənistanın Baş naziri bu gün hökumət iclasında qeyd edib ki, iki mühüm sənəd üzrə razılıq əldə olunmasa da, onlar tamamlanmağa göndərilib. O, KTMT ölkə-üzvləri liderlərinin ümumi məxrəcə gələ biləcəklərinə ümid bəslədiyini bildirib.
“KTMT Şurasının deklarasiyası qəbul olunmasa da, yəni biz deklarasiyaya qol çəkməmişik və KTMT sentyabrın 13-dəki eskalasiyaya münasibət bildirməyib, amma yenə də sənədə qol çəkmədiyimiz üçün müzakirəni ümumilikdə müsbət hesab edirəm. O cümlədən, Rusiya Federasiyası ilə ikitərəfli formatda danışıqları müsbət qiymətləndirirəm və ümid edirəm ki, qeydə alınmış razılaşmalar mümkün olduğu qədər tez reallaşacaq”, – Paşinyan qeyd edib.
TASS isə yazır ki, Paşinyan çıxışında “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində Azərbaycanın Ermənistan sərhədindəki hərəkətləri ilə bağlı konsensus yoxdur və bu, bu strukturun imicinə xələl gətirir”, – deyib.
Baş nazirin sözlərinə görə, Ermənistanın KTMT-də sədrliyi dövrü çox gərgin keçib:
“Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi imzalanmasının 30 illiyini və yaradılmasının 20 illiyini qeyd etdik. Yubileylərdən fərqli olaraq, bizim əhval-ruhiyyəmiz yubiley deyil”.
N.Paşinyan xatırladıb ki, son 2 ildə KTMT üzvü olan Ermənistan ən azı üç dəfə Azərbaycanın təcavüzünə məruz qalıb.
“Ermənistanın təşkilata üzv olmasının Azərbaycanı aqressiv hərəkətlərdən çəkindirməməsi üzücüdür və əslində bu günə qədər Azərbaycanın Ermənistana təcavüzünə KTMT-nin reaksiyası ilə bağlı qərara gələ bilməmişik. Bu faktlar dövlətə böyük ziyan vurur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının həm ölkəmiz daxilində, həm də onun hüdudlarından kənarda imicini pisləşdirir. Mən bunu Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında sədrliyinin əsas uğursuzluğu kimi qiymətləndirirəm”, – deyə o bildirib.
Xarici işlər nazirləri Şurası, Müdafiə nazirləri Şurası və Təhlükəsizlik Şurası katibləri Komitəsinin dünən keçirilmiş birgə iclasında Stanislav Zas bəyan edib ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üzrə müştərək tədbirlər haqda qərar layihəsi ümumilikdə razılaşdırılıb.
Daha sonra KTMT Kollektiv Təhlükəsizlik Şurasının geniş iclasında Belarus Prezidenti Aleksandr Lukaşenko məsələyə aydınlıq gətirərək söyləyib ki, Ermənistan tərəfi imzalanacaq sənədə düzəlişlər təklif edib, lakin onlar bu məsələnin müzakirəsini təxirə salmağı qərara alıblar.