“Hər putyovkadan 150 manat “otkat” idi”
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, hazırda ev dustaqlığında olan Səlim Müslümovun məhkəməsi davam edir. Sabiq nazir Bakı Ağır Cinayətlər məhkəməsində mühakimə olunur.
“Sehrli Naftalan” sanatoriyasında çalışmış Ehtiram Əhmədov noyabrın 21-də keçmiş nazirin məhkəməsində şahid kimi dindirilərkən danışıb ki, o, işlədiyi müddətdə imtiyazlı şəxslər sanatoriyada istirahətdə olublar:
“Onlar putyovka ilə istirahətə gəlirdilər. Hər putyovkadan müəyyən məbləğ “otkat” qalırdı. Onlar hesablanırdı, toplanırdı. Sanatoriyanın rəhbəri Dilsuz Əzizov idi. Pulu verirdi, aparıb Şəlalə Cəfərovaya çatdırırdım”.
Ehtiram Əhmədov deyir ki, sanatoriya putyovkalarından ümumilikdə 1 milyon manat “otkat” çatdırıb.
Naftalanda yerləşən və nazirliyin tabeliyində olan başqa bir sanatoriyanın – “Möcüzəli Naftalan”ın rəhbəri Elşən Əmiraslanovun oğlu Qoca Əmiraslanov da məhkəmədə dindirilib. O bildirib ki, atasının vəzifələrini faktiki o, icra edib.
Cinayət işinin materiallarında yazılıb ki, istintaqın araşdırma apardığı dövr ərzində putyovka xərcləri üçün bu sanatoriyanın hesabına 3 milyon manat pul köçürülüb. Həmin vəsaitin 1 milyon manata yaxın hissəsi isə “otkat” olaraq, nazirliyə geri qaytarılıb:
“Sanatoriyaya göndərişlər olurdu. Bir putyovka üçün təxminən 600-700 manat nəzərdə tutulmuşdu. Hər putyovkadan 150 manat “otkat” idi. Toplanan pulları nazirliyin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcovun əliylə şöbə müdiri Şəlalə Cəfərovaya vermişik. Sonuncu dəfə 29 min 500 manat “otkat” verməliydik. Eşitdik ki, Səlim Müslümov işdən çıxıb. Ona görə həmin pul bizdə qaldı…”
Kürdəmir rayonunda sanatoriyada işləmiş Elçin Ağayev məhkəmədə danışıb ki, nazirliyin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcova 4 il ərzində 204 min manat “otkat” verib. Həmin pullar putyovkalar üçün köçürülən vəsaitlərin bir hissəsi olub.
61 yaşlı Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.
2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.
20 milyon manatlıq mənimsəmə, israfetmə və rüşvətdə təqsirləndirilən Səlim Müslümova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Səlim Müslümov 27 milyon manatlıq ziyanın 20 milyonunu istintaq dövründə ödəyib. O, həmin ödənişdən sonra ev dustaqlığına buraxılıb. Lakin rəsmi səbəb kimi, onun səhhətindəki problemlər göstərilib.