Ailə həkimləri əməh haqlarının azlığından şikayətçidirlər
“Gün ərzində onlarla xəstə qəbul edirik, az qala gecələr də xəstə yaxınlarının telefon zənglərinə cavab veririk. Xəstə çağırışlarına da biz gedirik, hələ gündəlik sənəd işləri də var. Amma digər ixtisaslı həkimlər bonus aldıqları halda poliklinikalarda çalışan ailə həkimlərinə bonus ödənilmir”.
Bunu Meydan TV-yə ünvanlanan müraciətdə ailə həkimləri bildiriblər. Onların sözlərinə görə, ən aşağı maaş da əvvəllər sahə həkimi adlandırılan ailə həkimlərinə ödənilir.
Həkimlərdən biri, Nailə Məmmədova söyləyib ki, əlavə və maaşla birgə vergilər ödənilməklə əməkhaqları min manata çatmır. Halbuki icbari tibbi yardımın tətbiqindən sonra ailə həkimlərinə əlavə və bonuslarla yüksək maaş vəd edilmişdi. İndi isə məlum olub ki, bonuslar lor, kardioloq, yaxud cərrahlara ödənilir:
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi açıqlamasında həkimlərin min manatdan çox əməkhaqqı aldıqlarını deyir. Vergi ödəniləndən sonra 900 manat alırıq. Doğrudur, vergi mütləqdir, amma nəzərə alınmalıdır ki, bizim qazanc yerimiz yalnız maaşdır. Həkim də valideyndir, min manatla bilmirsən kommunal xidmət haqlarını ödəyəsən, ərzaq alasan, ya da uşaqların ehtiyacına xərcləyəsən. Çoxu təcili tibbi yardımda iş axtarır ki, bəlkə maaşı bir az yüksək olsun”.
Yalnız həkimlər deyil, orta tibb işçiləri də maaşlarının azlığından şikayətçidirlər. 9 saylı poliklinikada işləyən, işdən çıxarılma qorxusu ilə adının açıqlanmasını istəməyən tibb bacısı deyib ki, 20 ildən çox stajı var, cəmi 370 manat maaş alır.
“Xəstəxanalarda işləyənlərin maaşarı nisbətən çoxdur. Poliklinikada çalışanlar isə ən çox xəstə ilə ünsiyyətdə olanlardır, amma maaş hesablananda yada düşmürlər. Stomatoloqların da maaşları artırılmadır. Poliklinikada çalışanların vəziyyəti ilə maraqlanmaq lazımdır. Biz ögey uşaqlar durumuna düşmüşük, yad münasibət göstərirlər”,- tibb bacısı söyləyib.
İcbari Sığorta üzrə Dövlət Agentliyinin ötən həftə yaydığı açıqlamada bildirilir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda dəyişikliklər edilib.
Dəyişikliklərdə həkimlərlə yanaşı, orta tibb işçiləri üçün də artımlar nəzərdə tutulub. Belə ki, bir sıra həkim və orta tibb işçilərinin aylıq sabit həvəsləndirici əlavələri 14-15 faiz artırılıb. Artım Statistika və Aptek bölmələrinin rəhbərləri vəzifələrində çalışan həkimlərə, provizor vəzifəsi üzrə çalışan həkimlərə, həkim-statistik, həkim-metodist, tibbi şöbələrin (bölmələrin, kabinetlərin) müdirlərinə (həkim-stomatoloq istisna olmaqla) şamil olunur.
Həmçinin ilk dəfə olaraq tərbiyəçi və əmək terapiyası üzrə təlimatçı vəzifələrində çalışan orta tibb işçilərinin aylıq vəzifə (tarif) maaşına 200 manat məbləğində aylıq sabit həvəsləndirici əlavələr təyin olunub.
Bundan başqa, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrindən Agentlik tərəfindən yaradılmış “B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”ya üzv təyin olunmuş həkim-mütəxəssislərin aylıq vəzifə (tarif) maaşına da 200 manat məbləğində aylıq sabit həvəsləndirici əlavələr müəyyən edilib.
Aşağıda qeyd olunan ixtisaslardan olan həkimlər üçün ambulator fəaliyyət üzrə işin nəticələrinə görə həvəsləndirici əlavənin tətbiq edildiyi iş günü həddi artırılıb. Terapiya və pediatriya ixtisasları üzrə çalışan həkimlər üçün 25 nəfər sığortaolunandan 35 nəfərə, həkim-mama-ginekoloq və bütün cərrahi ixtisaslar üzrə çalışan həkimlər üçün 20 nəfərdən 30 nəfərə, eyni zamanda, ultrasəs müayinə üzrə çalışan həkim üçün işin nəticələrinə görə həvəsləndirici əlavənin tətbiq edildiyi iş günü həddi 25 nəfər sığortaolunandan 30 nəfərə çatdırılıb.
Tibb müəssisələrinin struktur bölmələrində böyük tibb bacısı (qardaşı), böyük mama, böyük feldşer, böyük laborant və təsərrüfat bacısı (qardaşı) vəzifəsində çalışanlar üçün aylıq sabit həvəsləndirici əlavələrə tətbiq edilən artım 15 faizdən 50 faizədək yüksəlib. Baş tibb bacısı (qardaşı) vəzifəsində çalışanlara isə Vahid Tarif Cədvəli üzrə əməyin ödənilməsi dərəcəsinə uyğun aylıq vəzifə (tarif) maaşının 15 faizi həcmində artım tətbiq edilib. Qaydaya edilən bu dəyişiklik noyabrın 4-dən qüvvəyə minib.
Agentliyin mətbuat xidmətindən Meydan TV-yə bildiriblər ki, ailə həkimlərin şikayəti ilə bağlı sorğu qeydiyyata alınıb. Məsələyə aydınlıq gətiriləcək.