Kinoşünas: “Hollivud təcrübəsinə əsaslanaraq film çəkmək uğurlu ideya deyil”
“Məmurlar kino sahəsində elə biabırçı vəziyyət yaradıblar ki, başı çıxmayanlar da kinodan danışır”.
Bunu kinoşünas Sevda Sultanova “Telegram” kanalında yazıb.
O, bu günlərdə millət vəkili Vüqar İskəndərovun “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı parlament komitələrinin birgə iclasında söylədiyi fikirləri şərh edərkən deyib.
“Biz Hollivud səviyyəsində Qarabağ həqiqətləri barədə filmlər çəkməliyik. Azərbaycan dilində filmlər çəkilir, elə özümüz çəkib, özümüz baxırıq. Artıq dünyaya açılmaq vaxtıdır. Qonşu ölkənin filmləri acı reallıq da olsa, deməliyik ki, beynəlxalq səviyyədə çəkilir. Ona görə də Hollivud rejissorları ilə birgə Qarabağa aid film çəkilməlidir. Büdcədə film sahəsinə ayrılan xərclərdə xəsislik etmək lazım deyil”, – deputat bildirmişdi.
Sevda Sultanova deyir ki, Hollivud təcrübəsinə əsaslanaraq film çəkmək heç də uğurlu ideya deyil.
Nümunə olaraq serb rejissoru Predrag Antonijeviçin Hollivudda Yuqoslaviya müharibəsi haqda çəkdiyi “Savior” filmini göstərir.
O əlavə edir ki, “Savior” “Rambo” filmləri stilistikasının bir az daha zövqlü formasıdır: “Bütün hallarda süjetə Amerika pafosu, ideoloji plakatçılığı hakimdir. Ssenarist, prodüser, operator- amerikalı və britaniyalılardır. Bu filmin uğuru da olmayıb. Amma keçmiş Yuqoslaviya ölkələrinin öz müharibə hekayələri haqda çəkdikləri sarsıdıcı filmlər həm bazarda kassa yığıb, həm mükafatlar qazanıb. Nümunə olaraq Danis Tanoviçin “Oskar”, “Kann” mükafatı alan “No Man’s Land” filmini göstərmək olar. Filmin büdcəsi, yanlmıramsa, 2 milyon avro olub. Vüqar müəllimə sual versən ki, Hollivud səviyyəsi nə deməkdir? Cavab verə bilməyəcək”.
Sevda Sultanova qeyd edib ki, müharibə mövzusunda əcnəbilərlə əməkdaşlığa israr varsa, ən yaxşı partnyor İsrail ola bilər.
Kinoşünasın fikrincə, müasir kinoda müharibə mövzusunda ən keyfiyyətli filmləri İsrail çəkir: “İsrail bizim strateji müttəfiqimizdir, hərbi sahədə əməkdaşlığımız var. Bizi İsrail daha yaxşı anlayır, nəinki Hollivud. Hətta İsrail kinematoqrafçıları ilə əməkdaşlıq olarsa belə, yenə də Qarabağ haqda filmi öz rejissorumuz çəkməlidir”.
Türkiyənin “Bozdağ Film” Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirketi İkinci Qarabağ müharibəsi haqqında səkkiz hissədən ibarət film çəkəcək.
“Qarabağ Vətən müharibəsi” adlanacaq serialın sifarişçisi Mədəniyyət Nazirliyidir.