Mütəxəssislər Fransa-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda baş verənlərdən danışıblar
“Azərbaycanla Fransa arasında mövcud olan siyasi, iqtisadi münasibətlərə yenidən baxılsın”.
Bu fikir Milli Məclisin noyabrın 16-da yaydığı bəyanatda yer alıb.
Eyni zamanda, Fransa şirkətlərinin enerji sektorunda Azərbaycan tərəfi ilə əməkdaşlığına yenidən baxılması təklif olunub.
Deputatlar da Fransanın əleyhinə fikirlər səsləndirib.
Məsələn, deputat Fəzail Ağamalı Fransa ilə münasibətlərə yenidən baxmağı təklif edib:
“Təklif edirəm ki, bizim Fransa ilə münasibətlərimizə yenidən baxılsın, səfirlimiz geri çağırılsın. Fransa ilə bizim diplomatik münasibətlərimizi davam etdirməyin mənası yoxdur”.
Bəs deyilənlər reallaşa bilərmi? Fransa ilə münasibətlərin korlanması Azərbaycanın xarici siyasətinə necə təsir edər?
“”Total” şirkəti ilə bağlı səslənən təkliflərin reallaşmasının ehtimalı sıfra bərabərdir”
Azərbaycan Mərkəzi Bankının “Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalar” adlı hesabatında qeyd olunub ki, bu ilin ilk 6 ayında Fransadan Azərbaycan iqtisadiyyatına 2 milyon 762 min dollarlıq investisiya qoyulub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 54 faiz çoxdur.
Fransanın Azərbaycana 2021-ci ildəki yatırımı isə ümumi 2 milyard 635 milyon 666 min dollarlıq xarici investisiyanın təxminən 0.07 faizidir.
Fransanın Azərbaycanda fəaliyyət göstərən ən böyük şirkəti “Total”dır. Bu münasibətlər zəminində “Total” da ölkədən qovula bilərmi? Bu halda nə baş verər?
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc müzakirələr zamanı bildirib ki, “Total” şirkətini Abşeron yatağından qovmaq Azərbaycanın iqtisadi izolyasiyasını istəyənlərin xeyrinədir:
“Əksinə kompaniyanın resurslarını Avropaya və Fransa elitasına qarşı yönəltmək gərəkdir”.
Azərbaycan Dövlət Neft Şirkətinin sabiq prezidenti Sabit Bağırov isə şirkətin ölkədən qovulması fikrinin reallaşmasını mümkünsüz sayır.
Bu barədə Meydan TV-yə danışan Sabit Bağırov deyib ki, ümumiyyətlə, “Total” (“TOTALENERGİES”) şirkəti ilə bağlı səslənən təkliflərin reallaşmasının ehtimalı sıfra bərabərdir:
“Ona görə mən bu məsələdə müzakirəyə girmək istəmirəm”.
Sabit Bağırovun sözlərinə görə, Azərbaycan hökuməti iqtisadi investorlarla bağlı sərt addım atmaq istəməz:
“Əvvəla, rəsmi Bakı bunu istəməyəcək. İstəyirsiniz, mərc də gələk, hazıram. Elə bir addım atılmayacaq, bizim danışmağamıza baxmayın, yuxarıda hər şeyi yaxşı bilirlər, nə olar, nə olmaz. Milli Məclisdə deyilənlər publika üçündür, siyasət başqa şeydir. Azərbaycan rəhbərliyi heç vaxt buna getməyəcək”.
“Hökumət “Abşeron” layihəsinə müdaxilə edə bilərmi?”
Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban isə Azərbaycan parlamentində Fransa Senatının qətnaməsi ilə bağlı qəbul edilən hökumətə çağırış bəyanatını tövsiyə xarakterli hesab edir:
“Sənəddə 4-cü çağırış enerji sahəsində əməkdaşlığı əhatə edir, belı yazılır: “Fransa şirkətlərinin enerji sektorunda Azərbaycan tərəfi ilə əməkdaşlığına yenidən baxılması”. Amma bu, avtomatik olaraq o qərara gəlmək deyil ki, hökumət qısa zamanda “Totalenergies” şirkətinin “Abşeron” qaz layihəsində iştirakına yenidən baxa bilər. Çünki “Abşeron” layihəsi üzrə 2009-cu ilin 27 fevral tarixində imzalanan müqavilənin tipi Hasilatın Pay Bölgüsü Sazişidir. Yəni bu tip müqavilələr icra olunmağa başlamazdan əvvəl Azərbaycan parlamentində təsdiq edilir və Prezident tərəfindən, həmçinin SOCAR-la layihə iştirakçıları arasında müqavilə sahəsinin təhvil-təslim aktı imzalandıqdan sonra hüquqi qüvvəyə minir”.
İlham Şaban sual edir ki, hökumət ”Abşeron” layihəsinə müdaxilə edə bilərmi? Axı sözügedən layihələrdə dövlətin maraqlarının qorunması rolunda SOCAR çıxış edir:
“Hökumətin SOCAR-dan həmin layihənin icrası ilə bağlı müfəssəl hesabat tələb etmək hüququ var. Bu hesabatın əsasında İqtisadiyyat Nazirliyinə göstəriş verilə bilər ki, ilk qazın çıxarılmasının bir neçə dəfə yubadılması və indiyə qədər çıxarılmaması səbəbindən Azərbaycana dəymiş ziyan hesablansın. Çünki əvvəlcə ilk qazın çıxarılması 2019-cu ilin ilk rübünə hesablanmışdı, sonra 2021-ci ilə keçirildi. Daha sonra 2021-ci ilin dekabrında prezidentlə görüşdə Fransa şirkətinin vitse-prezidenti bunun bir ilə ərsəyə gələcəyini bəyan etdi, indi isə 2023-ə hədəflənib”. İlham Şabanın fikrincə, həmin qiymətləndirilmə əsasında Azərbaycan hökuməti “Abşeron” layihəsinin icrasına cavabdeh şirkətin, yəni “Total”ın cərimələnməsi haqda qərar çıxara bilər:
“Amma bu da o demək deyil ki, belə bir qərar düşdüyümüz ziyanın ödənilməsində məhz Fransanın enerji nəhənginə yönələcək”.
Mərkəz rəhbərinin sözlərinə görə, AÇG və “Şahdəniz” layihələrinin idarə edilməsində olduğu kimi, burada da hər şeyə cavabdeh bir oyunçu deyil:
“Məsələ burasındadır ki, “Abşeron” layihəsinin həyata keçirilməsini JOCAP (Joint Operating Company Absheron Petroleum) adlı əməliyyat şirkəti həyata keçirir və orada istər payçı qismində, istərsə də idarəçilikdə SOCAR və “Totalenergies” şirkətləri bütün riskləri və səlahiyyətləri 50/50 faiz qismində bölüşürlər”.
“Bu baxımdan elə düşünməyin ki, “Total”a təpinib onu motal kimi döyəcləsək, həm ürəyimiz soyuyacaq, həm də işlərimiz bundan sonra daha sürətlə irəliləyəcək və “Abşeron-2” layihəsindən də 2027-ci ildə ilk qazımızı çıxara biləcəyik. Təbii ki, hazırda hamını düşündürən bir sual var: bəs “Abşeron-1” layihəsindən qaz nə vaxt çıxarılacaq? Onun cavabını Fransa şirkəti açıqlamırsa, hökumət ictimailəşdirə bilər axı”, – ekspert vurğulayıb.
İlham Şabah deyir ki, deputatlar 2009-cu ildə Milli Məclisdə təsdiqlədikləri və Fransa şirkəti tərəfindən indiyə qədər qanun şəklini almış, amma ictimaiyyət üçün açıqlanmayan müqaviləni bir vərəqləyib tanış olsaydılar, görərdilər ki, SOCAR-ın xarici tərəfdaşı nəyi zamanda həyata keçirir, nələri isə vaxtında başa çatdıra bilmir.
“Abşeron” layihəsinin iştirakçıları hərəsi 50 faiz pay sahibi olan SOCAR və “Total” şirkətləridir. 20 faiz paya sahib olan “Engie” şirkəti 2017-ci ilin iyununda layihəni tərk edib.
“Abşeron” strukturu ilə bağlı müqavilə SOCAR və “Total” şirkətləri arasında 2009-cu il fevralında imzalanıb.
Münasibətlərin xarici siyasətə təsiri
AXCP sədri Əli Kərimli Fransa Senatının qətnaməsini qeyri-obyektiv, qərəzli və Azərbaycanın maraqlarına zidd hesab edir. Bununla belə, o, Azərbaycan tərəfinin məsələyə reaksiyasının adekvat olmasını vacib sayır:
“Yəni reaksiyalar Azərbaycanı daha da çıxılmaz vəziyyətə salmamalıdır”.
AXCP sədri deyir ki, Fransa ilə Azərbaycan arasında siyasi münasibətlərin kəsilməsi mümkünsüzdür:
“Fransa kifayət qədər böyük dövlətdir, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir, Avropa Birliyinin ən böyük hərbi gücüdür. Bu ölkə bütün silah növlərini istehal edən hərbi sınaye kompleksinə malikdir. Belə bir dövlətlə ciddi konfrantasiyaya getmək Azərbaycanın milli maraqlarına qətiyyən uyğun deyil və böyük zərbə olar”.
Ancaq Əli Kərimli Senatın qətnaməsini susqunluqla qəbul etməyi də yolverilməz hesab edir:
“Diplomatiya ondan ötrüdür ki, biz Fransanın mövqeyinə təsir göstərək. Fransanın Azərbaycanda 300-dən çox şirkəti işləyir, hakimiyyət də bunlar vasitəsilə Parisə təsir edə bilər. Neft Fondunun böyük miqdarda vəsaitləri Fransada istifadə olunur. Bax, bu iqtisadi rıçaqlardan istifadə olunmalıdır”.
“Ümumiyyətlə, Azərbaycan öz təbliğatını qurmağı bacarmalıdır. Məsələ ondadır ki, dünyada Azərbaycan haqqında o qədər neqativ informasiya yayılır ki, indiki mənzərə yaranır. Ölkə daxilində insan haqlarının pozulması, korrupsiya, seçki saxtakarlığı, işgəncə halları, xalqla hesabalaşmamaq neqativ həqiqətlərin arasında erməni yalanı da həqiqət kimi görünür. Ona görə də dövlətin imici dəyişilməlidir. Əks təqdirdə, təkcə Fransayla iş bitməz. Başqa ölkələr də belə mövqelərə gələ bilər”
AXCP sədri düşünür ki, Azərbaycanı hər bir qərəzli açıqlama verən dövlətlə konfrantasiyaya çəkməz düzgün yol deyil:
“Unutmayaq ki, çox da böyük dövlət deyilik. Kiçik bir düşmənlə 30 ildir problemlərimizi həll edə bilməmişik. Bu mənada Azərbaycanın ağılsızlıq edib bu yolu seçəcəyini düşünmürəm”.