Zelenski: “Biz imkan verməyəcəyik ki, Rusiya qüvvələrini artırsın…”

V.Zelenski. Foto: Meydan TV

“Rusiya qoşunlarını çıxarmalı, kompensasiya ödəməli və Ukraynanın ərazi bütövlüyünü tanımalıdır”

“Ukraynaya qarşı müharibənin dayandırılması üçün vaxt çatıb. Biz Rusiyaya öz qüvvələrini gücləndirmək üçün imkan verə bilmərik. Əminəm ki, bu müharibəni dayandırmaq zamanı gəlib çatıb”.

Bu açıqlamanı noyabrın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski G20-nin İndoneziyada keçirilən sammitinin iştirakçılarına müraciətində səsləndirib.

“Biz imkan verməyəcəyik ki, Rusiya gözləsin və öz qüvvələrini artırsın… Mən əminəm ki, indi müharibənin dayandırıla biləcəyi vaxtdır”, – Zelenski belə deyib.

V.Zelenski bildirib ki, müharibənin başa çatması üçün Rusiya öz qoşunlarını çıxarmalı, vurduğu zərərə görə kompensasiya ödəməli və Ukraynanın ərazi bütövlüyünü tanımalıdır.

Ukrayna dövlət başçısı həmçinin müharibədən sonrakı təhlükəsizlik sisteminin möhkəmləndirilməsi üçün beynəlxlaq konfrans çağrılmasını təklif edib.

G20 sammiti İndoneziyanın Bali adasında keçirilir.

Tədbir noyabrın 15-də başlayıb, sabah yekunlaşmalıdır.

Rusiya Prezidenti Vladimir Putin sammitə qatılmayıb. Tədbirdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edir.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəSiyasətZelenski: “Biz imkan verməyəcəyik ki, Rusiya qüvvələrini artırsın…”