Hadisəyə görə 61 yaşlı şəxs həbs olunub
Gəncədə 61 yaşlı kişi qonşuluqda yaşayan və əqli geriliyi olan 16 yaşlı qıza təcavüz etməkdə ittiham olunur. Meydan TV-nin əldə etdiyi məlumata görə, 2021-ci ilin avqustunda baş vermiş bu hadisənin üstü uşaq 22 həftəlik hamilə olanda açılıb.
2005-ci il təvəllüdlü Aytən Hüseynova (ad-soyad şərtidir) evdə anası və bacısı ilə birlikdə yaşayır. Onun atası 2013-cü ildə xərçəng xəstəliyindən vəfat edib. Anası restoranda xadimə işləyərək, uşaqlarını dolandırır. Maddi durumları yaxşı olmadığına görə qohum-qonşular da onlara ərzaq, başqa yardımlar edir.
Hadisəni törətməkdə təqsirləndirilən Rəşid Məmmədov da evdə elektrik işlərilə bağlı təmir, odun kəsmək, ağac budamaq və s. məsələlərdə kömək etmək üçün onlara gəlib-gedirmiş.
Uşaq serebral iflici qalıq dövrü, yüngül dərəcəli əqli gerilik, davranış və nitq pozuntuları diaqnozuyla xəstəxanada qeydiyyatda olan Aytənin evdə vəziyyəti pisləşib, anası təcili tibbi yardım çağırıb. Gələn həkim ona müvəqqəti xarakter daşıyan dərmanlar versə də, ətraflı müayinəyə aparmağı məsləhət görüb. Ana uşağı sahə həkiminin yanına aparıb. Həkim isə Aytənin ödündə problem olduğunu deyərək, ona müalicəvi çaylar içməsini məsləhət görüb. Bu, 2021-ci ilin sentyabrında baş verib.
2022-ci ilin yanvarında bacısı Aytəni hamamda yuyunduranda onun qarnında şişkinlik görüb. Qızının daxili orqanlarında problem yarandığını düşünən ana poliklinikadan göndəriş alıb və hər iki qızı ilə birlikdə xəstəxanaya ultrasəs (USM) müayinəsindən keçməyə gediblər. Müayinə zamanı həkim Aytənin 22 həftəlik hamilə olduğunu deyib.
Anası və bacısının sözlərinə görə, Aytən öncə qorxub-çəkinsə də, sonradan onlara başına gələnləri danışıb. Deyib ki, hadisə avqustun əvvəllərində baş verib. Həmin gün anası bacısı ilə birlikdə göz həkiminə gedib. O isə küçədə su gətirən maşından öz qablarına su doldurub evə girəndə darvazadan Rəşid də arxasınca gəlib. Aytənin dediyinə görə, Rəşid əvvəlcə onun saçından tutub, səsini çıxarmamağı tələb edib. Əks halda, onu öldürəcəyini deyib. Onu evə gətirərək, təcüvüz edib:
“Qorxurdum ki, Rəşid yenə gələr, dediyini eləyər, öldürər. Həm də utanırdım. Ona görə heç kimə heç nə demədim, anama və bacıma da…”
1960-cı il təvəllüdlü qonşu isə azyaşlıya təcavüz etmədiyini, ona qarşı ittihamın əsassız olduğunu iddia edir.
Azyaşlının anasının şikayətindən sonra aparılan araşdırmalar zamanı müxtəlif ekspertizalar təyin olunub. Ekspertiza rəy verib ki, onun bədənində qızlıq pərdəsinin tamlığı pozulmayıb, lakin o, hamilədir. Bətnində olan qadın cinsindən olan dölün bioloji atası isə 99.9 faiz ehtimalla Rəşiddir.
Məhkəmə bugünlərdə Rəşid Məmmədov haqqında hökm çıxarıb. O, Cinayət Məcəlləsinin 149.2.3 (zorlama – yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə), 149.2.4 (öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə törədildikdə) və 157.1 (qanunla müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələrilə təqsirli bilinib və 8 il 3 ay azadlıqdan məhrum edilib.