“Tərtər işi” üzrə həbs edilmiş 11 nəfərin işi yenidən istintaqa qaytarıldı

“Tərtər işi”. Foto: Meydan TV

Gəncə Hərbi Məhkəməsi əvvəlki iş üzrə icraata xitam verdi

Noyabrın 5-də Gəncə Hərbi Məhkəməsində 2017-ci ildə “Tərtər işi” üzrə həbs edilib, uzunmüddətli həbs cəzasına məhkum edilmiş şəxslərdən 11 nəfərin (Mirpaşa Mehdiyev, Sultan Zeydullayev, Rauf Orucov, Turan İbrahimli, Emin Adilzadə, Natiq Əliyev, Əlizamin Quliyev, Müşfiq Əhmədli, Məcid Qasımov, Atabəy Rəhimov və Faiq Əhmədov) işinə yenidən baxılıb. Hakim Vüqar Məmmədovun sədrliyilə keçirilən məhkəmə iclasının yekununda həmin şəxslər haqqında iş üzrə icraata xitam verilib və yenidən istintaqa qaytarılıb. Bu iş üzrə istintaqı əvvəl hərbi Prokurorluq aparmışdı. Lakin məhkəmə işi Baş Prokurorluğun İstintaq İdarəsinə qaytarıb. Çünki 2021-ci il dekabrın 18-də “Tərtər işi” üzrə icraat təzələnəndən sonra istintaqı bu qurum aparır.

Məhkəmədə çıxış edən vəkillər Ramiz Abdullayev, Səadət Seyidova, Zabil Qəhrəmanov təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin ləğv olunmasını, onların istintaq getdiyi dövrdə azadlıqda qalmasını istəyiblər. Vəkillər vəsatətlərini əsaslandırarkən bildiriblər ki, onsuz da bu adamlar 5 ildən çoxdur ittiham sübuta yetirilmədiyi halda, həbsdə saxlanılırlar.

Zabil Qəhrəmanov vurğulayıb ki, bu şəxsin təqsirsiz olması, onlardan etiraf ifadələrinin ağlasızmaz işgəncə altında alınması və s. məsələləri illərdir məhkəmələrdə desələr də, əhəmiyyət verən olmayıb. Vəkil vaxtilə bu iş üzrə istintaqa prosessual rəhbərliyi həyata keçirmiş Hərbi prokurorun müavini Şəfahət İmranovun məsuliyyətə cəlb olunması üçün onun haqqında xüsusi qərar çıxarılmasını istəyib. Müdafiəçi vurğulayıb ki, bu şəxslər haqqında ittiham aktını o təsdiqləyib.

Vəkil Səadət Seyidova Şəfahət İmranovla yanaşı, vaxtilə Tərtər Hərbi Məhkəməsində bu iş üzrə hökm çıxarmış, daha sonra Gəncə Apelyasiya Məhkəməsi və Ali Məhkəmədə də həmin hökmü qüvvədə saxlamış hakimlərin, məhkəmələrdə dövlət ittihamını müdafiə etmiş prokurorların da məsuliyyət daşıdığını bildirib. Müdafiəçi onların da haqqında xüsusi qərar çıxarılmasını istəyib:

“Bu dəfə Gəncə Apelyasiya Məhkəməsində işə baxılanda dövlət ittihamçısı hökmünün ləğvinə əsas olmuş halları sadalayanda müdafiə hüququnun pozuntusunu, sübutların qanunsuz yollarla – işgəncə nəticəsində əldə olunmasını qeyd etdi. Hətta təqsirləndirilən şəxslərdən Turan İbrahimli ilə bağlı məsələni də nümunə göstərdi ki, iş materiallarında bir sənəddə o, ərizə yazır, başqa bir hissədə isə məlum olur ki, bu adam ümumiyyətlə, hərf tanımır. Bu halları əvvəlki məhkəmələrdə bu işlərə baxan hakimlər, dövlət ittihamçıları görmürdü?”

Lakin bu vəsatət də təmin edilməyib.

Beləliklə, adları çəkilən 11 nəfərin işi üzrə yenidən istintaq gedəcək.

Baş Prokurorluğun ərizəsi əsasında sentyabrın 30-da Ali Məhkəmənin Plenumu “Tərtər işi” üzrə dövlətə xəyanət və başqa ağır ittihamlarla uzunmüddətli həbsə məhkum edilmiş 19 nəfər haqqında vaxtilə Gəncə Apelyasiya Məhkəməsi və Ali Məhkəmənin çıxardığı qərarları ləğv elədi. Bu məhkəmələr həmin şəxslər haqqında 10 ildən 20 ilə qədər həbs hökmlərini qüvvədə saxlamışdı.

Ali Məhkəmənin Plenumu qərar verdi ki, bu şəxslərin işlərini Gəncə Apelyasiya Məhkəməsi yenidən araşdırsın.

Sözügedən 19 nəfərin işi üç qrup şəklində apelyasiya instansiyasına göndərildi. Noyabrın 2-də Gəncə Apelyasiya Məhkəməsində üç ayrı qrup şəklində onların işinə baxıldı və hamısı haqqında Tərtər Hərbi Məhkəməsinin hökmü ləğv edildi.

19 nəfərdən qalan 8 nəfərin (7 nəfər və 1 nəfər olmaqla) işinə noyabrın 10-da baxılacaq.

Ana səhifəTövsiyə“Tərtər işi” üzrə həbs edilmiş 11 nəfərin işi yenidən istintaqa qaytarıldı