Qızılağac sakinləri: “Hər gün 50-60 qurbağa tutub satan var”

Foto: “milli.az”

“Milli Parkda, çayın kənarında qurbağa qalmayıb”

“Kəndimizdə qurbağa biznesinə başlayıblar, yerli sakinlərdən qurbağanın kiloqramını bir manatdan təhvil götürürlər”.

Bunu Meydan TV-yə Masallı rayonu Qızılağac kəndinin sakinləri deyiblər.

Onların sözlərinə görə, kəndin işsiz əhalisi hər gün qurbağa toplayaraq bir müəssisəyə satırlar:

“Hətta gün ərzində 50-60 qurbağa toplayıb satan da var. Bu isə kənddə əsl ekoloji fəlakətə səbəb ola bilər”.

Şikayətçilər deyiblər ki, Qızılağac Milli Parkının ətrafında yerlilərin “Qızılağac broyler” kimi tanıdığı istehsal müəssisəsi fəaliyyət göstərib. Təxminən 6-7 il əvvəl müəssisə fəaliyyətini dayandırsa da, binada avadanlıqları qalıb.

“Toplanan qurbağalar həmin müəssisədə çeşitlənir, soyuducuda saxlanılır. Müəssisə hasarlanıb, ərazisinə heç kim buraxılmır. Qurbağaları əhalidən bir neçə nəfər təhvil götürür. Milli Parkda, çayın kənarında qurbağa qalmayıb” , -adını mətbuatda çəkilməsini istəməyən sakinlərdən biri bildirib. Qeyd edib ki, müəssisənin Fəxi kimi tanınan Fəxrəddin adlı iş adamına məxsus olduğu deyilir. Buna görə də şikayətçilər adlarını açıqlamaqdan ehtiyat edirlər:

“Ətrafda əkin sahələri var. Müəssisə səhər saat 8-dən gecə saatlarına qədər işləyir. Bu gedişlə nə Milli Parkda, nə də kənddə qurbağa qalmayacaq. Halbuki qurbağaların kütləvi tutulması həşəratların çoxalmasına səbəb ola bilər ki,  bu da əkin sahələrinə, bostanlara təsirsiz ötüşməyəcək”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Meydan TV-nin ünvanladığı sorğunu cavablandırılmayıb.Qızılağac bələdiyyəsinin sədri Mina Quliyeva isə bildirib ki, kənddə qurbağaların toplanması ilə bağlı məlumatlı deyil:

“Kənddə pay torpaqlarının yanında kanallar, çay var. Həmin yerdən sel gələndə kənd camaatı zəli yığıb satır. Amma qurbağaların yığılmasını eşitməmişəm. Heç kim qoruq ərazisinə buraxılmır. Qoruq ərazisi nisbətən kənarda yerləşir”.

Qida Təhlükəsizlik Agentliyinin 2019-cu ilin sonunda keçirdiyi mətbuat konfransında sədrin müşaviri Elxan Mikayılov Azərbaycanın Avropa İttifaqı ölkələrinə qurbağa ayağı və ilbiz kimi ekzotik məhsulların ixracına hazırlaşdığını açıqlamışdı. Yerli mətbuat bir neçə il əvvəl qurbağa biznesi ilə məşğul olan şirkətlər haqqında materiallar dərc edib. Qida Təhlükəsizlik Agentliyi Avropa İttifaqına qurbağa satan iş adamları ilə bağlı sorğunu cavablandırmayıb.

Dövlət Statistika komitəsinin itxal-ixrac əməliyyatları ilə bağlı göstəricilər arasında qurbağa biznesi ilə bağlı məlumat yoxdur.

Ana səhifəBölgəQızılağac sakinləri: “Hər gün 50-60 qurbağa tutub satan var”