Bolqarıstan 70 rus diplomatını ölkədən çıxarır
Bolqarıstan 70 rus diplomatını və Rusiya səfirliyinin texniki heyətinin nümayəndələrini “persona non qrata” elan edib.
Bu barədə Rusiyanın Sofiyadakı səfirliyi məlumat yayıb.
Rusiyanın Bolqarıstandakı səfirliyinin müşaviri Filipp Voskresenskinin sözlərinə görə, Rusedəki baş konsulluq artıq bağlanır:
“Demək olar ki, bütün işçilər Varnadakı baş konsulluqdan çıxarılıb. Əməkdaşlarımız iyulun 3-dək Bolqarıstanı tərk etməlidirlər. Ailə üzvlərini nəzərə alsaq, 200-dən çox adam Rusiyaya qayıdacaq”.
Rusiya Xarici İşlər Nazirliyi Bolqarıstanın bu qərarına cavab verəcəyini bildirib.
Bolqarıstanın Baş naziri Kiril Petkov “Rusiya səfirliyinin nümayəndələrinin xüsusi xidmət orqanlarının üzvləri olduğu müəyyən edilib” tipli bəyanat verib.
Vaşinqton Moskvaya qarşı sanksiya siyahısını genişləndirir
ABŞ Rusiyaya qarşı növbəti sanksiya siyahısını elan edib.
Siyahıya 50-dən çox şəxs, o cümlədən 110-dan çox şirkət daxil edilib.
Bu barədə iyunun 28-də ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.
Siyahıda teleaparıcı Tina Kandelaki, Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukov, onun iki övladı və həyat yoldaşı Yevgeniya Vasilyevanın adları da yer alıb:
“S.V.İlyuşin adına Aviasiya Kompleksi” ASC, Birləşmiş Aviasiya Korporasiyası, “Tupolev” PJSC, “İlyushin Finance”, “MMC Kapo-Avtotrans” və “MMC Kapo-Jilbytservis” və digər şirkətlərin adı da var”.
Bundan əlavə, ABŞ Dövlət Departamenti Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və ya siyasi müstəqilliyini təhdid etdiyi və ya pozduğu güman edilən məmurlara, o cümlədən müxaliflərə qarşı təzyiqlərlə əlaqəli 500-dən çox hərbçi və məmura viza məhdudiyyətləri tətbiq edib.
ABŞ Maliyyə Nazirliyi Rusiyanın “S.V.İlyuşin adına Aviasiya Kompleksi” ASC, Birləşmiş Aviasiya Korporasiyası, “Tupolev” PJSC-yə qarşı da sanksiyalar tətbiq edib.
İlyushin Finance, “MMC Kapo-Avtotrans” və “MMC Kapo-Jilbytservis” şirkətləri qara siyahıya salınıb.
Siyahıya Qabaqcıl Tədqiqatlar Fondu, Rusiyanın bir sıra tədqiqat institutları daxil idi.
Ukraynalı hərbçilərin qaytarıldığı bildirilir
İyunun 28-də 15-in 17-ə nisbətən əsir mübadiləsi həyata keçirilib.
Məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi “Facebook”da paylaşıb.
“16 Ukrayna hərbçisi vətənə qayıdır, onlardan 2-si zabit və 14-ü əsgərdir. Bir mülki şəxs də azad edilib”, – deyə qeyd olunub.
Azad edilənlərdən beş nəfərin ağır yaralı olduğu bildirilib.
Makron: “Rusiya qalib gələ bilməz”
Fransa Prezidenti Emmanuel Makron Ukraynada müharibənin ilin sonuna qədər bitəcəyinə ümid edir.
Bu barədə G7 sammiti çərçivəsində mətbuata danışan Fransa dövlət başçısı bildirib.
O, “Rusiya qalib gələ bilməz və qalib gəlməməlidir”, – deyə vurğulayıb.
“Ukraynaya dəstəyimiz və Rusiyaya qarşı sanksiyalarımız yaxın həftələrdə və aylarda lazım olan qədər və lazımi intensivliklə davam edəcək. Məncə, Ukrayna Prezidentini, ukraynalıları və onların cəsarətli ordusunu alqışlamaq olar. Amma heç kim müharibənin yaxın həftələrdə və ya aylarda bitəcəyinə vəd verə bilməz. Ancaq ümid edirəm ki, bu ilin sonuna qədər savaş bitəcək”, – Makron belə deyib.
Fransa liderinin sözlərinə görə, Rusiyanın təcavüzünün yeganə məqsədi Ukrayna ərazisini kiçiltməkdir.
O əlavə edib ki, işğalçı ölkəyə qarşı sanksiyalar davam edəcək: “Biz sanksiyaları davam etdirəcəyik, Ukraynanın tam qələbəsi və ukraynalıların özlərinin seçdiyi şərtlərlə danışıqların aparılması üçün”.
Rusiya Baydenin ailə üzvlərini ölkəyə buraxmayacaq
Rusiya ABŞ Prezidenti Cozef Baydeni, onun ailə üzvlərini və 25 Amerika vətəndaşını sanksiya siyahısına daxil edib.
Bu barədə iyunun 28-də Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Siyahıda Stenford Universitetinin professoru, tanınmış politoloq Frensis Fukuyamanın adı var.
Nazirlik bu gün 43 Kanada vətəndaşının Rusiyaya girişinə qadağa qoyub.
Siyahıya federal və regional məmurları, hakim Liberal Partiyasının funksionerləri və ictimai xadimləri daxil edilib.
Conson Putinə etiraz edən alimləri Britaniyaya çağırdı
Britaniyanın Baş naziri Boris Conson Rusiya Prezidenti Vladimir Putinin siyasətindən narazı olan rus alimləri ölkəsinə dəvət edib.
“Putinin zorakı əməllərinə görə təşviş, narahatlıq yaşayan alim və tədqiqatçıları Böyük Britaniyaya dəvət edirik. Müraciət edib, azad, bilik axtarışını qiymətləndirən bir ölkədə işləyə bilərsiniz”, – Baş nazir G7 Liderlər Zirvə Toplantısında çıxışı zamanı belə deyib.
Martın əvvəlində ukraynalı alimlərə dəstək məqsədilə “Risk bölgəsində araşdırma” proqramı yaradılıb.
Proqrama ayrılan vəsait 10 milyon funt sterlinqdir.
Proqram çərçivəsində 130-a yaxın ukraynalı alim Böyük Britaniyaya gedəcək.
Consonun təşəbbüsü Ukrayna və Böyük Britaniya universitetləri arasında tərəfdaşlıq sisteminin genişləndirilməsi kimi təbliğ edilir.
Bildirilir ki, Britaniya hökuməti eyni dəstəyi müharibəni pisləyən rus alimlərinə də göstərməyə hazırdır.
Ukraynada hərbi əməliyyatlarlara başlayandan sonra Böyük Britaniya Rusiya dövlət universitetləri və təşkilatları ilə birgə aparılan tədqiqat proqramlarının maliyyələşdirilməsini dayandırıb.
Poltavada matəm günü
Ukraynanın Poltava vilayətində Kremençuqdakı “Amstor” Ticarət Mərkəzində həlak olanlara görə matəm elan edilib.
Bu barədə Poltava Vilayət Hərbi Administrasiyasının rəhbəri Dmitri Lunin “Teleqram” kanalında yazıb.
O, hazırda ticarət mərkəzinin dağıntılardan təmizləndiyini bildirib və 36 nəfərin itkin düşdüyünü qeyd edib.
“Hazırda Rusiyanın zərbəsi nəticəsində 18 nəfərin öldüyü məlumdur. Daha 36 nəfər itkin düşüb. 59 nəfər yaralanıb, onlardan 25-i xəstəxanaya yerləşdirilib”, – Lunin bildirib.
İyunun 27-də günün ikinci yarısı Rusiya ordusu Ukraynanın Poltava vilayətinin Kremençuk qəsəbəsindəki ticarət mərkəzinə raket zərbəsi endirib.
İlkin məlumatda 10 nəfərin həlak olduğu qeyd olunub.
G7 ölkələrindən Ukraynaya dəstək vədi
G7 ölkələrinin liderləri Ukraynanı dəstəkləyəcəklərini, Rusiyaya qarşı sanksiyaları saxlayacaqlarını və lazım olan qədər silah göndərəcəklərini vəd ediblər.
Dövlət başçılarının toplantısı zamanı Rusiya Kremençuqdakı “Amstor” Ticarət Mərkəzinə raket zərbələri endirib.
Böyük Britaniyanın Baş naziri Boris Conson baş verən hadisəni Vladimir Putinin “qəddarlığı və barbarlığı” adlandıraraq pisləyib.
Sammitə ev sahibliyi edən Almaniya kansleri Olaf Şolz isə Rusiyanı bütün razılaşmaları pozmaqda ittiham edib: “Biz hamımız razılaşdıq ki, Rusiyaya qarşı müdafiəsində Ukraynanı dəstəkləməyə davam edək. Bir şey aydındır ki, bu müharibə beynəlxalq münasibətlərdə dərin yaradır”.
“Əvvəllər mən kifayət qədər şüurlu şəkildə bunu dönüş nöqtəsi adlandırırdım. Çünki Rusiyanın Ukraynaya hücumuna görə dövlətlərarası əməkdaşlıq, bir-birimizlə bağladığımız bütün qaydalar, müqavilələr pozuldu. Bu, xüsusilə zorla dəyişdirilməməli olan sərhədlərə aiddir”, – deyə Şolz söyləyib.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.