Bəzi müddəaların ləğvi istənilir
“Azərbaycanın “Media haqqında” yeni qanunu onsuz da məhdudlaşdırılmış müstəqil jurnalistika və media mühitini daha da əngəlləyəcək”.
Avropa Şurasının konstitusiya qanunu üzrə ekspertlərindən ibarət Venesiya Komissiyasının rəyində belə deyilir.
Rəy Avropa Şurasının İnsan Haqları və Hüququn Aliliyi üzrə Baş Direktorluğu ilə birgə qəbul edilib.
Venesiya Komissiyası bildirir ki, son nəticəyə qəbul edilmiş qanunun mətni, həmçinin jurnalistlər, media hüquqşünasları, beynəlxalq ictimaiyyət təmsilçiləri və ATƏT-lə onlayn görüşlər əsasında gəlinib.
“Komissiya məruzəçiləri Azərbaycan hakimiyyəti ilə açıq dialoq apara bilməyib. Hakimiyyət qanunun müəyyən müddəaları ilə bağlı izahat verməyib. Yalnız rəyin daha öncəki versiyasına yazılı şərhlər göndərmişdilər”, – rəydə bildirilir.
Komissiya qeyd edir ki, yeni qanun Azərbaycanın media sektorunu, o cümlədən onlayn medianı tənzimləmək istəyir:
“Belə olanda da mediaya öz rolunu icra etmək üçün gərəkən şərait yaradılmaq əvəzinə, fəaliyyəti məhdudlaşdırılır. Bir sözlə, bu qanunun əksər maddələri Avropanın ifadə və media azadlığı standartlarına ziddir. İndiki formada yerinə yetirilə bilməz”.
Venesiya Komissiyası Azərbaycan hakimiyyətini təcili olaraq media orqanları təsis etmək üçün qoyduğu sərt məhdudiyyətləri, o cümlədən xarici mülkiyyət və xaricdən maliyyələşmə ilə bağlı tələbləri ləğv etməyə çağırıb:
“Hökumət ya Media Reyestrini, ya da jurnalistlər və media qurumlarının bu reyestrə salınması tələbini ləğv etməlidir. Eyni zamanda, jurnalistlər üçün tələb olunan akkreditasiya sistemi də ləğv edilməlidir”.
Komissiya Azərbaycan hakimiyyətinə tövsiyə edir ki, qanun ifadə azadlığının qorunmasına dair Avropa Məhkəməsinin presedent hüququna uyğunlaşdırılmalıdır.
Həmin hissədə bildirilir ki, jurnalistlərdən mənbələrin açıqlanmasını tələb etmək səlahiyyəti yalnız məhkəmədə olmalıdır:
“Bundan əlavə, platforma yayımçıları üçün lisenziya tələbi ləğv edilməlidir. Çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanlara yalnız məlumatlandırma yetərli olmalıdır. Audiovizual mediaya, həmçinin çap və onlayn media qurumlarının lisenziyasının ləğvi və xitam verilməsi şərtləri də dəyişdirilməlidir. Bu sanksiyaların adekvatlığı təmin edilməlidir”.
Venesiya Komissiyası Azərbaycan hakimiyyətini jurnalist anlayışını genişləndirməyə çağırıb.
Bildirir ki, yeni media qanununun 7-9-cu maddələrinə əlavələr edilməlidir. Məsələn, fövqəladə vəziyyət zamanı ifadə azadlığının məhdudlaşdırılması üçün aydın və çatımlı hüquqi əsaslar təmin edilməlidir:
“Şəxsin razılığı olmadan gizli çəkilişə qadağa məsələsi başqa maddə ilə əvəzlənməlidir. Belə bir materialın dərcinə aydın ictimai maraq olan hallar istisna sayılsın, üçüncü tərəflərin hüquqları təmin olunsun. Eyni zamanda, Mətbuat Şurasının hazırki modeli Avropa standartlarına uyğun dəyişdirilməlidir. Mətbuat Şurası müstəqil tənzimləyici orqan kimi fəaliyyət göstərməlidir”.
Media eksperti, hüquqşünas Xalid Ağəli Venesiya Komissiyasının “Media haqqında” Qanuna verdiyi rəyi şərh edib. O, rəydən belə bir qənaətə gəlir ki, Avropa Şurasına üzv olan bir ölkədə belə qanun tətbiq edilməməlidir.
Hüquqşünas bildirir ki, ötən ilin sonunda tələm-tələsik parlamentə çıxarılıb, qəbul edilən qanun layihəsini elə həmin vaxt mürtəce hesab edib. Onun mediaya töhfə yox, zərbələr vuracağını söyləyib:
“20-30 səhifəlik təkliflər də hazırlayıb təqdim etmişdik, təəssüf ki, nəzərə alınmadı. Tələm-tələsik hazırladığımız təkliflər əsasən, 20-25 maddəyə fokuslanmışdı. Venesiya Komissiyası da öz rəyində həmin müddəaları əsas hədəf alıb”.
Xalid Ağəlinin fikrincə, komissiya qənaətə gəlib ki, Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da “çəkindirici effekt”ə malik olacaq:
“Bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı Azərbaycan standartlarına uyğun gəlmir və mediaya “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir. Bu səbəblərdən, Qanun olduğu kimi tətbiq edilməməlidir. Qanun bütünlüklə ləğv edilməzsə, Venesiya Komissiyası təcili olaraq Azərbaycan hakimiyyətini “Media haqqında” Qanunun ifadə azadlığına başlıca təhdid mənbəyi olan bir çox müddəalarının ləğvini istəyib”.
Yeni “Media haqqında” qanunda KİV-lərin yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər qoyur.
Jurnalistlərə dövlət orqanlarında akreditasiyadan keçmək tələbi qoyur.
Platforma yayımçılarından lisenziya istəyir.
Bundan əlavə, çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanların məlumatlandırılmasını tələb edir. Eyni zamanda, jurnalistlərə gizli çəkilişlərdən istifadəni qadağan edir.
Venesiya Komissiyası isə düşünür ki, qanunun müəyyən etdiyi jurnalist anlayışının, gizli çəkilişlərin yayılmasının qəti qadağan edilməsi qüsurludur.
Rəydə qeyd olunur ki, jurnalsit anlayışı genişləndirilməli, gizli çəkilişlərə qadağalar ictimai maraqlar baxımından yol verilən olmalıdır.
Xalid Ağəli də bildirir ki, qanun Azərbaycanda media sektoru ilə bağlı, demək olar ki, hər şeyi, o cümlədən onlayn medianı tənzimləməyi hədəfləyir.
Onsuz da məhdudlaşdırıcı olan qanunvericilik mühitində həddindən artıq tənzimləmənin ən bariz nümunəsidir:
“Qanunun hər hansı özünütənzimləməyə heç bir yer qoymaması və dolayısı ilə, Media Agentliyinin Media Nazirliyi rolunu öz üzərinə götürməsilə, məsuliyyətli jurnalistikanın var olma potensialını məhdudlaşdırması təəssüf doğurur. Qanun, medianın “ictimai nəzarətçi” rolunu yerinə yetirməsi üçün gərəkli şərtləri təmin etmək yerinə, medianın fəaliyyətlərini məhdudlaşdırmağa hədəflənib”.
2022-ci ilin əvvəlində Azərbaycanda yeni Media Haqqında qanun qəbul edilib.
Müstəqil jurnalistlər və media ekspertləri, eləcə də beynəlxalq təşkilatlar ilk gündən bildirib ki, bu qanun müstəqil media və jurnalistlərin işlərinə əngəl törətmək məqsədi daşıyır.
Azərbaycan rəsmiləri isə daim açıqlamalarında ölkədə medianın müstəqil olduğunu bildirir.
“Prezident İlham Əliyev plüralizmin bütün təzahürlərini silib və 2014-cü ildən bəri qalan tənqidçiləri amansızcasına susdurmağa çalışır”.
“Sərhədsiz Reportyorlar” Təşkilatının açıqladığı 2022-ci ilin Mətbuat Azadlığı İndeksini hesabatında belə deyilir: “Azərbaycan hökuməti hələ də mediaya nəzarət edir. Bu, müstəqil mediaya təzyiq, digərlərilə yaxşı münasibət qurmaq şəklində özünü göstərir”.
Avropa Şurasının Jurnalistikanın Qorunması və Jurnalistlərin Təhlükəsizliyinin Təbliği Platformasının aprelin 27-də yaydığı “Gərginlik və münaqişə vaxtı mətbuat azadlığının qorunması” adlı hesabatında belə bildirilir.
Hökumət nümayəndələri isə eyni fikirdə deyil. Məsələn, Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Aydın Mirzəzadə “Turan” Agentliyinə deyib ki, Venesiya Komissiyasının rəyi onu təəccübləndirib.
Ona hansı əsasla bu qənaətə gəldikləri sual doğurur:
“Nəyə görə hesab edirlər ki, Azərbaycanda informasiya yaymaq məhduddur? İstənilən nəticə müəyyən hesablamalara söykənir. Çox istərdim ki, bu rəyi verən qurum hansı texnologiya vasitəsilə bu nəticəyə gəldiyini açıqlasın”.
Medianın İnkişafı Agentliyi (MEDİA) isə açıqlayıb ki, qeyd olunan məsələlərlə bağlı rəsmi mövqelərini Venesiya Komissiyasına təqdim ediblər.
Bu arqumentlərin bir qismi bu və ya digər formada yekun rəydə öz əksini tapıb:
“Qanun layihəsi heç də rəydə qeyd olunduğu kimi seçilmiş qruplarla yox, cəmiyyətin müxtəlif seqmentlərindən olan media nümayəndələri və ekspertlərin iştirakı ilə dəfələrlə müzakirə olunub. “Media haqqında” Qanun “jurnalist” anlayışı ilə bağlı beynəlxalq təcrübəyə istinad edərək bu fəaliyyətə daha geniş prizmadan yanaşıb, yalnız ölkə daxilində deyil, həm də ölkə xaricində Azərbaycan jurnalistlərinin peşəkar fəaliyyətinin məhdudiyyətlərdən qorunmasına yönəlib”.
Agentlik bildirir ki, qanun fövqəladə vəziyyətlərdə jurnalistlərin təhlükəsiz peşə borclarını yerinə yetirməsini təmin edir.
Rəydə iddia edildiyi kimi Qanunun media subyektinə dair tələblərinin (Maddə 26) başa düşülməsində hər hansı çətinlik mövcud deyil:
“Üstəlik qeyd edilir ki, qanunda media subyektlərinin xarici şəxslər tərəfindən təsis edilməsi və xaricdən maliyyələşdirilmə qətiyyən istisna edilmir. Belə olan halda, sadəcə, nizamnamə kapitalında pay nisbəti müəyyənləşdirilir, çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün şəxsin Agentliyə məlumat verməsi icazə deyil, bəyanetmə xarakteri daşıyır ki, bunu lisenziya proseduru ilə eyniləşdirmək əsassızdır”.