“Azərbaycan öz iqtisadi siyasətində kifayət qədər şəffafdır”
“Azərbaycan Ukraynaya qarşı hərbi təcavüzə görə ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaları pozmur”.
“Turan”ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger iyunun 9-da keçirdiyi brifinqdə səsləndirib.
Bakı tərəfindən sanksiyaların pozulması hallarının olub-olmaması barədə dəqiqləşdirici sualın cavabında səfir belə deyib:
“Biz sanksiyaların hər hansı pozuntusunu müşahidə etmədik. Azərbaycan öz iqtisadi siyasətində kifayət qədər şəffafdır”.
Diplomatın sözlərinə görə, ABŞ və digər Qərb dövlətlərinin Ukraynaya təcavüzündən sonra Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu ölkəni iqtisadi cəhətdən zəiflətmək məqsədi daşıyır.
“Biz başa düşürük ki, region ölkələri onlara qarşı sanksiyaların gözlənilməz təsirləri ehtimalından çox narahatdır. Biz Bakıda hakimiyyətlə dialoq aparırıq, sanksiyaların hansı nəticələrinin ola biləcəyini və bu narahatlıqların aradan qaldırılması üçün hansı tədbirlərin görülə biləcəyini müzakirə edirik”, – deyə Li Litzenberger bildirib.
Səfir deyib ki, ABŞ Azərbaycanın digər qonşusu İrana da sanksiyalar tətbiq edib:
“Burada da bütün məsələlər müzakirə olunur və problem yaranarsa, həll edilir”.
Li Litzenberqer onu da deyib ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra qonşu ölkələrdə onların təhlükəsizliyi və suverenliyilə bağlı əsaslı narahatlıq yaranıb.
“Vladimir Putinin etdiyi bütün ölkələr üçün siqnal oldu ki, o, sərhədləri tanımır və bu, onun hərbi ambisiyalarıdır. Təəssüf ki, Rusiya çox irrasional və gözlənilməz hərəkət edə bilər. Mən region ölkələrinin niyə belə narahat olduqlarını başa düşürəm”.
Diplomat digər postsovet ölkələrinin də Rusiyanın təcavüzünə məruz qalacağı təqdirdə Vaşinqtonin dəstək verəcəyini gizlətməyib:
“Düşünürəm ki, ABŞ bütün ölkələrin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyəcək. Əgər biz belə təhdidləri görsək, müvafiq və mütənasib tədbirlər görüləcək”.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayandan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan şimal dövlətə qarşı sanksiyalara start verilib.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.