“Cəzaçəkmə müəssisələri insanlar üçün kabusa çevrilib”

Foto: Meydan TV

Hüquq müdafiə təşkilatı Azərbaycanda ağır işgəncə hallarının olduğunu deyir

“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” İctimai Birliyi mayda Azərbaycanda insan hüquqları və əsas azadlıqların müdafiəsi sahəsində vəziyyətin əvvəlki aylara nisbətdə daha da ağırlaşdığı qənaətindədir.

Bu barədə İctimai Birliyin iyunun 5-də yaydığı hesabatda deyilir.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi bildirib ki, hüquq-mühafizə orqanları cəmiyyətin gözü önündə insanların başlarına qara maskalar keçirib dövlət qurumlarında işgəncə veriblər.

Hesabat müəllifləri siyasi fəal Bəxtiyar Hacıyevin, Mail Kərimovun və Süleyman Ələkbərovun oxşar təzyiqlə qarşılaşdığını qeyd edib.

Hesabatda Ədliyyə Nazirliyinin Cəzaçəkmə Müəssisələrinin, İstintaq Təcridxanalarının insanlar üçün kabusa çevrildiyi qeyd olunub:

“Həmin müəssisələrdə saxlanılan məhbuslar, demək olar ki, hər gün ağır işgəncələrlə üzləşir və bəzi hallarda işgəncə altında öldürülürlər”.

“Siyasi baxışlarına görə azadlıqdan məhrum edilmiş siyasi məhbuslar Polad Aslanov-1, Elvin Behbudov-8, Niyaməddin Əhmədovla Səxavət Orucov-12, Elçin Məmmədov-16 saylı CÇM-də təzyiq, işgəncə və qeyri-insani rəftara məruz qalıblar. Bakı İstintaq Təcridxanasında Tapdıq Namazovla Fəqan Məmmədova müəssiəsinin rəisi və müavini tərəfindən ağır işgəncə verilib. Fəqan Məmmədov “kars”a salınıb”, – deyə hesabatda bildirilir.

Bildirilir ki, Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanma yerlərində, polis idarələrində də vəziyyət acınacaqlıdır:

“Vətəndaşlar inzibati saxlama yerlərində, polis idarə və bölmələrində ağır işgəncələrə, qeyri-insani rəftara məruz qalırlar”.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi bildirib ki, monitorinqlə bağlı ədliyyə və daxili işlər nazirliklərinə müraciət etsə, mənfi cavab alıb:

“Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov tərəfindən məhkəmələrə verilmiş qeyri-rəsmi tapşırığa əsasən, hüquq müdafiəçiləri açıq məhkəmə proseslərinə buraxılmır”.

Hesabatda deyilir ki, sosial-iqtisadi vəziyyətin ağırlaşması, cəmiyyətdə artan psixoloji gərginlik fonunda insan hüquqlarını addımbaşı pozulması və intihar hadisələri artıq adi hala çevrilib.

“Vətəndaşların şikayətlərinə baxılmır və yaxud da şikayətlər şikayət olunan ünvana göndərilir. Həmin məmurlar da şikayətçilərə təzyiqlər edir, bəzi hallarda isə müxtəlif bəhanələrlə şərlətdirərək həbs etdirirlər”, – deyə hesabatda vurğulanır.

Təşkilat Demokratiya 1918 Hərəkatının 1 May “Beynəlxalq Əmək Günü”nün yenidən bərpa edilməsi tələbiylə keçirdiyi aksiyanın polis tərəfindən dağıdılmasını pisləyib.

Həmçinin hərəkatın Yardımlı rayon şöbəsinin fəalı Cəlil Zabidovun yerli Polis İdarəsində tez-tez fiziki zorakılığa məruz qaldığını bəyan edib: “Eyni zamanda, Tələbə Güc Mərkəzi Gənclər hərəkatının üzvləri Təhsil Nazirliyinin qarşısında təhsildəki problemlərin, rüşvətin və ayrı-seçkiliyin aradan qaldırılması tələbiylə iki nəfərlik dinc aksiya-piket keçirtmək istəyərkən polisin kobud müdaxiləsiylə üzləşib”.

Hüquq müdafiə təşkilatı jurnalist Aytən Məmmədovaya qarşı təhdidlərin də araşdırılmadığını deyir: “Mayın 8-də jurnalist Aytən Məmmədovaya gecə saatlarında yaşadığı binanın liftində basqın olub. Hadisədən 28 gün keçməsinə baymayaraq hələ də həmin şəxs tapılmayıb”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev hesabatla tanış olandan sonra reaksiya verəcəklərini bildirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Cəzaçəkmə Müəssisələri barədə deyilənləri doğru saymayıb: “Yaxşı olardı ki, hesabatı hazırlayanlar beynəlxalq təşkilatların Azərbaycanın cəzaçəkmə müəssisələri barədə açıqlamalarını da oxuyardılar. Hansı işgəncədən söhbət gedə bilər axı? Heç bir fakt gətirmədən belə mülahizələr səsləndirmək doğru deyil”.

Ana səhifəSiyasət“Cəzaçəkmə müəssisələri insanlar üçün kabusa çevrilib”