„Çox istərdik və ümid edərdik ki, hər iki dövlət başçısı danışıqlarda Rusiyanın dəyirmanına su tökməsin”
“Qanun qəbul olunandan sonra yox, ondan əvvəl bu barədə fikir mübadiləsi aparılsın. Avropanın Rusiyadan fərqi ondan ibarətdir ki, bizim vəziyyəti idarə etmək, göstəriş vermək, rəhbərlik etmək kimi niyyətimiz yoxdur. Birbaşa danışıqlar Azərbaycan və Ermənistanı Rusiyanın telefon zənglərindən azad edəcək. Çox istərdik və ümid edərdik ki, hər iki dövlət başçısı danışıqlarda Rusiyanın dəyirmanına su tökməsin. Almaniya Rusyadan gələn neft və qazdan imtina etməyə razıdır. Böhranın səbəbkar dünya və Avropa ölkələri yox, məhz Rusiyadır”.
Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Meydan TV-yə müsahibə verib.
– Cənab səfir, Almaniya-Azərbaycan münasibətlərində siyasi-iqtisadi amillərdən hansılar üstünlük təşkil edir?
– Almaniya-Azərbaycan münasibətləri təkcə hökumətlərarası münasibətlər deyil. Bu münasibətlərin kökü tarixə gedir, 200 il əvvəl Almaniyadan köçkünlər Azərbaycana gələrək burada məskunlaşıblar. Onlar bu ölkədə yaşayıb yaradıblar. II Dünya Müharibəsinin əvvəllərinə qədər, yəni 40-cı illərdə isə deportasiya olunmaq məcburiyyətində qalıblar. Bu gün də Göygöl, Xanlar kimi kiçik Azərbaycan şəhərlərində, almanların əvvəllər məskunlaşdıqları şəhərlərdə onların evləri qalıb və dövlət tərəfindən də qorunur. Orda əvvəllər yaşayan almanlar köçsələr də, öz şəhərləri ilə əlaqələrini itirməyiblər. Bundan əlavə, Almaniyada böyük Azərbaycan icması var, 26 min azərbaycanlı Azərbaycan pasportu ilə ölkəmizin müxtəlif bölgələrində yaşayır. Həmçinin xeyli sayda azərbaycanlı var kı, Almaniya vətəndaşı olublar, alman pasportuna malikdirlər. Onların statistikasını aparmadığımızdan konkret sayını deyə bilməyəcəm. Eyni zamanda, çoxlu şagirdlər, tələbələr vardır, bütün bu insanlar hökumətlərimizin bir-biriylə ünsiyyətdə olması üçün bir növ körpü rolunu oynayırlar. Bəli, ölkələrimiz arasında dövlət maraqları da vardır, Almaniya Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramının üzvüdür. Azərbaycan da Avropa Şurasının üzvüdür, yəni bu əsasda da münasibətlərimiz vardır. Almaniyanın dövlət maraqları ondan ibarətdir ki, tam sabit olmayan bu coğrafiyada sabitlik və əmin-amanlıq olsun. Siz bilirsiniz ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra enerji mövzusu da aktuallaşıb, Azərbaycan da enerji istehsalçısı olan ölkədir. Hələ müharibədən əvvəl Almaniya özünün enerji mənbələrinin diversifikasiyasını həyata keçirmək istəyirdi. Yəni bu baxımdan da Azərbyacan Almaniya üçün əhəmiyyətli ölkədir. Bundan başqa, bizim ətraf mühitin qorunması sahəsində əməkdaşlığa birgə maraqlarımız vardır. Azərbaycan karbon istehsal edən ölkələrdən biridir, ona görə vacibdir ki, biz ekologiyanın təmizliyi üçün məsuliyyəti dərk edib bunu üzərimizə götürək. Azərbaycan Paris danışıqlarında da iştirak etmişdir, bu sahədə də əməkdaşlığa maraqlıyıq. Münasibətlərimiz ümumilikdə yaxşı olsa belə, arada fikir müxtəlifliyi yaranır, lakin bu da müsbət haldır. Biz belə mövzularla bağlı fikir mübadiləsi aparırıq. Beləliklə, bunun sayəsində yaranan anlaşılmazlıqları aradan qaldıra bilirik, ünsiyyət çərçivəsində bunlar da vacibdir. Günəş hər zaman şəfəq saçmır.
– Azərbaycanda demokratik təsisatların, medianın vəziyyətinə gəlmək istəyirəm. Məsələn, medianın durumu belədir ki, sizdən aldığımız müsahibəni oxucular saytda izləyə bilməyəcək, çünki hökumət bizi bloklayıb. Bu cür məsələlərə münasibətinizi bilmək istərdim?
– Siz haqlısınız, bilirik ki, bu sahədə bəzi çatışmazlıqlar var. Azərbaycan cəmiyyətində söhbət söz, toplaşmaq azadlığından gedirsə, burada çatşmazlıqlar var. Bu, məhz o mövzulardır ki, biz ölkələrarası, təkcə məmurlarla deyil, cəmiyyətlərarası çoxlu söhbətlər aparır, bunların aradan qaldırılması yollarını axtarırıq. Yalnız biz deyil, Avropa İttifaqı və Avropa Şurası da bu işə cəlb olunub. İlin əvvəlində Azərbaycanda “Media haqqında” Qanun da qəbul olundu. Təkcə Almaniya deyil, bütün Avropa İttifaqı ölkələri, Avropa Şurası, həm də NATO-nun üzvləri qanunla tanış olduqda, çatışmazlıqlar barəsində danışırlar. Xüsusilə söhbət qeyri-müəyyən hüquqi terminologiyanın istifadə olunmasından gedir. Bu, gələcəkdə həmin kəlmələrin fərqli interpretasiyasına, sui-istifadəsinə gətirib çıxara bilər. Hökumətinizlə bu barədə danışıqlar aparanda bizə dedilər ki, artıq çoxsaylı jurnalistlərlə və digər insanlarla bağlı qapılar arxasında danışılıb. Amma yaxşı olardı ki, açıq diskussiyalar da aparılsın. Həmçinin Azərbaycanın da üzv olduğu Avropa qurumlarından bir məsləhət alınsın, qanun qəbul olunandan sonra yox, ondan əvvəl bu barədə fikir mübadiləsi aparılsın. Misal üçün, Avropa İttifaqı Şurasının Venessiya Komissiyası, yaxud ATƏT-nin Media azadlıqları üzrə müşavirləri ilə məsləhətləşmələr aparılsaydı, daha yaxşı olardı. Ancaq məncə çox da gec deyil, qanun dəyişdirilə, daha da yaxşılaşdırıla, təkmilləşdirilə bilər. Əminəm ki, o zaman çatışmazlıqları aradan qaldıra biləcəklər.
– Son aylar Azərbaycanın demokratik düşərgəsində müzakirə olunan məsələlərdən biri Almaniyadan deportasiya olunan azərbaycanlı mühacirlərdir ki, onlardan 6 nəfəri həbs edilib. Biz indi söhbət etdiyimiz dəqiqələrdə həbs edilənlərin yaxınları Almaniyaya etiraz olaraq səfirliyin önündə aksiya keçirirlər. Onlar iddia edir ki, alman polisi gözlənilmədən evlərinə daxil olaraq heç nə götürməyə imkan verməyib və deportasiya ediblər. Ümumiyyətlə, bu adamların həbslərini izləyirsinizmi və söylədiklərini necə qiymətləndirirsiniz?
– Burda iki məsələni bir-birindən ayırmalıyıq. Bir qrup insan var ki, onlar Almaniyaya daxil olduqdan sonra Federal Qaçqınlar İdarəsinə müraciət edirlər. Onlar siyasi qaçqın kimi sığınacaq üçün müraciət edirlər. Bundan sonra federal ədliyyə orqanları bir müddət onların siyasi qaçqın olub-olmadığını yoxlayır. Bəzi hallarda onların siyasi qaçqın statusu üçün yetərli səbəblər olmadığı aşkar edilir. Əlbəttə, bu qərarla razılaşmamaq olar və buna qarşı məhkəmə vasitəsilə müraciət də etmək mümkündür. Bir qrup da insan var ki, onların deportasiyası başqa səbəblərdən baş verir. Misal üçün, onların hər hansı bir cinayət əməlində iştirak etmələri. Amma hər bir halda bunlar ədliyyə orqanları tərəfindən yoxlanılır. Biz səfirlik olaraq özümüz də sorğu göndərmişik ki, bunların ədliyyə tərəfindən bütün instansiyalarda yoxlanıldığına əmin olaq. Sorğu göndərsək də, hələ bütün məqamları bilmirik. Ancaq əminliklə deyə bilərəm ki, yoxlama aparılır, ondan sonra bu cür qərar verilir. Artıq ilk yaranmış hallar zamanı dərhal səfirlik olaraq reaksiya verdik və Azərbaycan hökuməti ilə danışıqlara başladıq, hələ də bu danışıqlar davam edir. Hər bir halda yaxşı olar ki, belə məsələlər insanların şəxsi məlumatları ilə bağlı olduğundan ictimailəşdirməzdən əvvəl bağlı qapılar arxasında müzakirə edilsin. Faktlar araşdırılsın, səbəblər dəqiqləşdirilsin, ondan sonra məlumatların mediaya çıxması yaxşı olardı. Mən həbsə düşən şəxslərin ailə üzvlərini əmin edə bilərəm ki, Almaniya səfirliyi və hökuməti hər bir halda bu məsələyə biganə qalmayacaq, artıq müraciət etmişik. Səbəbləri də araşdırılır, biganə deyilik, məşğul oluruq.
– Deportasiya olunanların bəziləri qeyd edirlər ki, Almaniyada haqlarında məhkəmə qərarı olmadan zorla evlərindən çıxarılırlar. Bu barədə nə deyə bilərsiniz?
– Bunlar gümanlardır, biz də belə fikirlərin işlədildiyini bilirik. Amma səfirliyin bu barədə məlumatı yoxdur. Ona görə də sorğu göndərib araşdırırıq. Xarici İşlər Nazirliyi vasitəsilə sorğumuz daxili işlər orqanlarına yönəldilib. Hadisə Almaniyada baş verdiyindən vəziyyəti tam analiz edib dəqiq məlumat verə bilmirik. Hazırda daxili işlər orqanlarından cavab gözləyirik, bilmək istəyirik onlara vəkillər təyin olunmuşdumu. Bu vəkillərdən də sorğulanmalıdır ki, hansı işlər görülüb, həqiqətənmi rəsmi formada idarələr müraciətlər edilibmi? Yoxsa hadisələr səbəbsiz baş verib? Mütləq bu məsələlər aydınlaşmalıdır, eyni zamanda readmissiya və ekstradisiyanı bir-birindən ayırmaq lazımdır. Bundan başqa, Almaniya qanunvericiliyi imkan verir ki, istənilən dövlət orqanı tərəfindən verilən qərara qarşı etiraz edilsin, qərarın dəyişilməsi üçün məhkəməyə müraciət olunsun. Bir sıra insanlar da var ki, onlar könüllü şəkildə Almaniyadan qayıtmaq istəyirlər, belə insanların sayı da çoxdur.
– Həm də Avropa İttifaqı ilə Azərbaycan arasında “Viza Sadələşdirilməsi və Riadmisiya” sazişi var, hüquq müdafiə təşkilatları hər iki tərəfi sənədin qoyduğu öhdəliklərə əməl etməməkdə qınayırlar. Yəni 6 nəfərin həbsini qabardırlar…
– Siz dediyiniz saziş Avropa İttifaqıyla imzalanıb, bundan çıxış edərək bir neçə protokollar vardır. Artıq Almaniya ilə readmisiya haqqında protokol işlənib hazırlanıb və qüvvəyə minməkdədir. Söhbət ondan gedir ki, Almaniya hər bir halda protokolda qoyulan bütün şərtlərə və zəmanətlərə riayət edir, əsaslı olaraq onları yoxlayır. Bəzən olur ki, vətəndaş siyasi sığınacaq üçün müraciət edir və bundan sonra yoxlama aparılır. Görünür ki, onun siyasi sığınacaq almasi üçün kifayət qədər faktları yoxdur. Bundan sonra hakimlər, – nəzərə alın ki onlar azaddır və dövlət tərəfindən çıxış etmirlər, – qərar verirlər ki, bu adamın qaçqın statusu alması üçün kifayət qədər əsası yoxdur. Ancaq buna rəğmən hər bir şəxsin yenidən qərara qarşı çıxış edib ərizəylə müraciət ünvanlamaq imkanı vardır. Əmin edirəm ki, hər bir halda Almaniya sazişin bütün bəndlərinə əməl edir və hər bir şeyi nəzərə alır. Azərbaycanla bir çox mövzuda, o cümlədən, bu mövzuda da müzakirələr aparılır. Əmin ola bilərsiniz ki, Almaniyadan Azərbaycana, Azərbaycandan Almaniyaya gedən yüksək rütbəli adamların görüşlərində bu mövzuya mütləq toxunulacaq. Hər il hökumətlərarası məsləhətləşmələr həyata keçirilir, burada da əsas mövzulardan biri bu məsələ olacaqdır.
– Söhbətimizi Dağlıq Qarabağla bağlı danışıqlarla davam etdirək. Bildiyimizə görə, Şuşada da olmusunuz. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsüylə Azərbaycanın və Ermənistanın dövlət başçıları arasından görüş oldu. Həmin görüşün səhəri günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkələrin xarici işlər nazirləri ilə telefonla danışdı. Sizə elə gəlmirmi danışıqlarda Rusiya tərəfindən tıxac yaranıb?
– Dağlıq Qarabağ adlanan muxtar ərazidə baş verən münaqişədən 30 il ötüb. Birinci müharibə 90-cı illərdə olub və ondan 30 il sonra ikinci savaş olub. Ötən müddətdə də hər iki tərəfdə təbliğat işləri aparılıb. Gənclər artıq bir-birlərini yaxşı tanımırlar, ona görə gözləmək sadəlövhlük olardı ki, 30 il təbliğat əsasında möhkəmlənmiş fikir bir neçə ilə aradan qaldırılsın və hər şey rahatlıqla baş tutsun. Düşünürəm ki, bu, özü bir möcüzədir ki, 2021-ci ilin dekabrında Şərqi Tərəfdaşlıq çərçivəsində keçirilən görüş, sonra bu ilin aprelində və bir neçə gün əvvəl dövlət başçıları arasındakı görüş zamanı kifayət qədər əsas razılıqlar əldə edilib. Onu da başa düşüb qəbul etməliyik ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən aparılan görüş o dəqiqə Moskvanın rəğbəti ilə qarşılana bilməzdi. Amma mən ümid edirəm, bu görüşlər zamanı hər iki dövlət başçısı gördülər ki, birbaşa danışıqların aparılması və bu danışıqların Avropa qurumları tərəfindən müşayiət olunması daha effektiv olar. Nəinki bu vaxta qədər Moskvanın rəhbərliyi ilə aparılan danışıqlar. Avropanın Rusiyaya nisbətdə apardığı danışqların fərqi ondan ibarətdir ki, bizim bu məsələdə vəziyyəti idarə etmək, göstəriş vermək, rəhbərlik etmək kimi niyyətimiz yoxdur. Amma hər iki dövlət başçısı da və biz də bilirik ki, Rusiyanın regionda hələ də təsiri mövcuddur. Azərbaycan ərazisində Rusiya ordusunun nümayəndələri var, Ermənistanda onların sayı daha da çoxdur, Azərbaycana nisbətdə orada Rusiyanın təsiri dairəsi daha artıqdır. Əlbəttə, hər iki dövlət başçısı bunu nəzərlərindən qaçıra bilməz, əksinə, nəzərə almalı və müvafiq hərəkət etməlidirlər. Həmçinin qarşıda sərhəd komissiyalarının da zirvə görüşünün keçiriləcəyi, bir çox məsələnin müzakirə olunacağı nəzərə alınmalıdır. Artıq birbaşa danışıqlar da tərəfləri Rusiyanın telefon zənglərindən azad edəcək. Biz çox istərdik və ümid edərdik ki, hər iki dövlət başçısı danışıqlarda Rusiyanın dəyirmanına su tökməsin. Bunun üçün danışıqlarda, sözlərin seçimində həssas olmalı, yəni böhtan dilindən istifadə etməmək daha yaxşı olardı. Onlar bir-birilə elə səviyyədə danışıqlar aparmalıdırlar ki, bu səviyyə tədricən hər iki ölkənin cəmiyyətlərinə də sirayət etsin. Əgər liderlər görüşüb danışa, fikir mübadiləsi apara bilirlərsə, razılığa gələ bilirlərsə, bunu ictimaiyyət nümayəndələri də bacara bilərlər. Bu da bir növ ümid verməlidir ki, cəmiyyətlər artıq bir-birilə əlaqəyə girib, münasibətlər qursunlar.
– Cənab səfir, Azərbaycanın müvafiq qurumlarının Oxçuçayın zəhərlənməsi ilə bağlı Almaniyaya iradlarına münasibətiniz necədir?
– Əslində, bu məsələ vətəndaş cəmiyyətlərinin göstərdiyi nümunələrdən biridir. 2019-cu ildə Ermənistanın vətəndaş cəmiyyətinin üzvləri alman firmasının ekologiyanı zəhərləməsi haqqında məlumat verib və qurumun dayandırılmasını tələb edib. Misal üçün, biz Azərbaycanda olan ekoaktivistlərə də müraciət etdik ki, onlar birbaşa Ermənistanda olan həmkarları ilə əlaqə saxlasınlar, biz də özümüzdən asılı olan bütün dəstəyi verəcəyik. Həm Federal Ekologiya Nazirliyi, həm GİZ təşkilatı, həm də BMT-nin ekelogiya proqramı çərçivəsində bu məsələni dəstəkləyək ki, həqiqətən də çaylara çirkab suların axıdılmasının qarşısı alınsın, dəymiş zərər də aradan qaldırılsın. Beləliklə, təmizlənmiş su ilə suvarma işləri aparıla bilsin. Belə hallar olarkən dərhal Cinayət Məcəlləsinə müraciət edirlər, amma məsuliyyətə cəlb olunma çayların suyunun təmizlənməsinə gətirib çıxarmayacaq. Ona görə çox istəyirik ki, hər iki ölkənin ekologiya nazirləri bir-biri ilə əlaqə saxlasınlar, hər regionda çirkabın səviyyəsi müəyyənləşdirilsin, hesabatlar toplasın və tezliklə də çirkab suların axıdılması dayandırılsın. Biz Almaniya olaraq bu məsələdə beynəlxalq təşkilatların ekologiya proqramlarını dəstəkləməyə hazırıq.
– Suallarım Rusiyanın Ukraynaya qarşı işğal savaşı barədə olacaq. Doğrudur, Almaniya Kansleri Şolts Ukrayna xalqına müraciət edib növbəti dəfə dəstəyini ifadə edib. Amma nədənsə Rusiyanın işğal müharibəsində daha çox Almaniya və Fransa günahlandırılır, bu ittihamları necə qiymətləndirirsiniz?
– Biz ilk növbədə aydın şəkildə deyirik ki, Rusiya Ukraynaya hücum edib və bu hücum üçün heç bir əsas yox idi. Rusiya əvvəlki illərdə Krımı, Donetsk və Luqanskını da işğal yoluyla zəbt edib. Bununla da Rusiya beynəlxalq hüquq normalarına zidd hərəkətə yol verib. Müharibə ərəfəsində müəyyən fikirlər səslənirdi ki, Avropa ölkələri, o cümlədən, Almaniya 2014-cü ildə daha düzgün və sərt reaksiya verməmişdi. Amma artıq bu məsələ federal kansler ilə prezident Zelenski arasında aparılan telefon danışığı zamanı aradan qaldırıldı. 24 fevraldan əvvəl də Almaniya hər bir zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib, sərmayələrin bu ölkəyə cəlb olunmasına səy göstərib və insanlar arasında daha isti münasibətlərin olması üçün müxtəlif platformalar yaratmışdı. Bu müharibə zamanı alman cəmiyyəti vargücüylə Ukraynanı dəstəkləməyə səfərbər olunub. Şəxsən mənim Almaniyadakı evimdə ukraynalı valideynlər 3 uşağıyla qalır, onların təhsil, tibbi çətinliklərini aradan qaldırmaq üçün biz səy göstəririk. Könüllülərin sayı da çoxdur. Onlar öz evlərində ukraynalı ailələrini saxlayırlar, onların təhsili, işlə təmin olunması, tibbi ehtiyaclarının ödənilməsi ilə məşğul olurlar. Düşünürəm ki, ukraynalılar Almaniya dövlətinin onlarla həmrəy olduğunu başa düşür və qəbul edirlər. Müharibə başlayandan bugünə qədər 400 min Ukrayna vətəndaşı qaçqın kimi Almaniyaya gəlib. Bu günədək göstərilən yardım 370 milyon avroya çatmışdır.
– 24 fevral müharibəsinin başlanması ilə bağlı iki yanaşma var: Birincisi, Fransayla Almaniya Ukraynanın NATO-ya üzvlüyündə müsbət yanaşmamaları indiki vəziyyətə gətirdi. İkincisi, Rusiya Prezidenti Vladimir Putinin 2007-ci il Münhen çıxışına ciddi reaksiya olsaydı, indiki vəziyyət yaranmazdı. Bu yöndə ittihamlar əsaslıdırmı?
– Deyə bilmərəm ki, o vaxt belə reaksiya olsaydı, indi necə olardı. Ümumiyyətlə, NATO-ya yeni dövlətin qəbulu illərboyu davam edən prosesdir, buna əmək sərf olunmalıdır. Məsələn, 90-cı illərdə NATO-nun Şərq istiqamətində genişlənməsinə böyük əmək sərf olunmuşdu, uzun proses keçildi. NATO-ya giriş o demək deyil ki, quruma üzv oldun, ABŞ atom silahını həmin ölkə üçün qalxan edəcəkdir. NATO-ya üzvlük o deməkdir ki, hamısı eyni və bərabər hüquqa malik toplu yaratsınlar və bir-birini dəstəkləsinlər. Öz ölkələrinin ən gizli, sirli mövzusu olan silahlanma və müdafiə sistemi barədə məlumatları mübadilə şəklində bir-biriylə paylaşsınlar. Həmçinin daxil olduqları təşkilata lazımı investiya qoymaq iqtidarında olsunlar. 2014-cü il və ondan əvvəl Gürcüstana hücumdan sonra hər iki ölkədə müəyyən dinamiklik hiss olunurdu. Amma sonradan atılan daş topuğa dəyər, bəlkə bu gün fikirləşsək ki, o zaman belə etsəydik, başqa cür olardı, bunu indi demək çətin olar. Hadisə baş verəndən sonra həmişə yeni ideyalar gəlir, daha ağıllı fikirlər irəli sürülür. Amma o zaman üçün verilən qərarlar görünür o vaxt üçün məqbul olan qərarlar idi.
– Bir sıra ciddi ekspertlər Almaniya və Fransanın Ukraynanın qalib gəlmək istəmədiklərini deyirlər. Məsələn, təhlilçi Piantkovskiy bildirir ki, əgər Ukrayna qalib olsa, beynəlxalq münasibətlər yenidən formatlanacaq. Nəticədə dünyada əsas 3 dövlət söz sahibi olacaq: ABŞ, Böyük Britaniya və Ukrayna. Yəni Almaniya əvvəlki kimi Moskvadan qaz və neft ala bilməyəcək. Bu barədə nə deyə bilərsiniz?
– Əlbəttə, bir çox mütəxəssis və ekspert „günləri uzun olanda“ çox fikirlər səsləndirə bilərlər. Mən sizə bir gün əvvəl Avropa İttifaqının gəmilərdən neftin daşınmasına qadağa qoyulduğunu deyə bilərəm. Bəli, Avropa İttifaqının üzvlərindən biri deyir ki, neftsiz qala bilməz. Ona görə neft kəmərləri ilə olan daşınmaya icazə verildi. Amma Almaniya artıq özünü fövqəladə hal üçün hazır edib və Rusiyadan gələn neft və qazdan imtina etməyə razıdır. Bunun üçün Almaniyanın fövqəladə hallar üçün proqramı var ki, tətbiq ediləcəkdir. Əlbəttə, qiymətlər qalxır və bu, davam edəcək, asan proses olmayacaq. Amma biz buna hazırıq. Yaxşı olardı, mütəxəsislər belə fikirlər yürüdərkən faktlara əsaslanardılar, yəni Almaniya və Fransa Ukraynanın qalib gəlməsinə maraqlı olmaması barədə mövqe yoxdur. Nəzərə alaq ki, Rusiya da təbliğat maşınını işə salmaq üçün əmək sərf edir. Bununla da Avropa İttifaqı ölkələri, dost ölkələr içərisində nifaq, fikir ayrılığı yaratmağa çalışır. Ona görə bu cür yalan məlumatlar mediaya sızdırılır ki, guya Almaniya və Fransa Ukraynanın qalibiyyətini istəmirlər, bunlar həqiqətəuyğun deyil. Hər bir halda Almaniya aydın şəkildə bildirib ki, bütün Rusiyadan gələn qaz nə neft xammalından imtinaya hazırdır. Nəzərə alsaq ki, Rusiya bugünə qədər Avropa İttifaqına yönəltdiyi neft və qazın yalnız 10 faizini yönəldə biləcəkdir, biz buna birlikdə nail olmuşuq.
– Artıq postsovet məkanında və Avropanın qonşluğunda 3 aydan çoxdur müharibə gedir. Dünya ötən əsrin 30-40-cı illərinin vəhşətini yenidən yaşayacaqmı? Mən bu sırada ərzaq qıtlığını da nəzərdə tuturam…
– Biz bir şeyi dəqiqləşdirməliyik ki, ölkədə baş verən iqtisadi böhranın, ərzaq məhsullarının çatışmazlığının əsas səbəbkarı Rusiyaya qarşı irəli sürülən sanksiyalar deyil. Əsas səbəb Rusyanın başqa ölkənin sərhədlərini pozub ora hücum etməsidir. Əgər Rusiya sabah hərbi heyətini geri çağırsa, dərhal sanksiyalar dayanacaq və bu ölkənin özünün də istehsal etdiyi məhsullar satışa buraxılacaq. İndiki böhran ilk növbədə Rusiyadan asılıdır. Yəni böhranın səbəbkarı dünya və Avropa ölkələri yox, məhz Rusiyadır. İqtisadi böhranın nəticələrindən danışırıqsa, bu yaxınlarda kanslerin müavini Robert Habekin Dünya İqtisadi Forumunda işlətdiyi qlobalizasiya termini xatırlatmalıyam. Robert Habek demişdi ki, qlobalizasiya hər hansı ölkədə böyük şirkətlərin etdikləri qüsurlara göz yumaraq onları dəstəkləmək anlamına gəlməməlidir. Yəni qlobalizasiya varlıları daha da varlandırıb və böyük şirkətləri dəstəkləyib hüquq pozuntularının qaçırılması deyil. Qlobalizasiya bloklaşma yaratmadan bütün ölkələrin əməkdaşlığı və açıq mübadiləsi deməkdir. Hazırda dünya iqtisadiyyatı kifayət qədər möhkəmdir və Avropa ərazisində baş verən müharibə zamanı belə fəaliyyətini davam etdirmək iqtidarındadır. Ötən əsrin 30-40-cı illərindəki böhranın səbəbləri tamamilə başqaydı, o zaman böhran müharibə səbəbindən baş tutmamışdı. Bir çox səbəb vardı, ən əsası çatışmayan idarəçilik. Bu gün isə müharibənin də öhdəsindən gələcəyik, iqtisadiyyat da ona dözəcək. Hazırda Almaniya və Amerikada peşə təhsili olan işçilərin sayında çatışmazlıq var, işsizlərin sayında yox.