“Qiymətin kəskin artması neft bazarı üçün potensial risklər yaradır”

Source: meydan TV

Azərbaycan nefti 126,80 dollar olub

Avropa İttifaqı ölkələrinin Rusiya neftinə qismən qadağalar qoyması dünya bazarında neft qiymətlərinin artmasına səbəb olub.

Brent markalı neftin bir bareli 123 dolları ötüb. Bu, son iki ayın ən yüksək həddidir.

Eyni zamanda, Nyu-Yorkun Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin iyul fyuçersi də 3,59 dollar (3,12 faiz) bahalaşaraq bareli 118,66 dollardan satılıb.

Azərbaycanın “Azeri Light” markalı neftin də bir barelinin qiyməti 0,89 dollar artaraq 126,80 dollar olub.

Azərbaycan neftinin bir barelinin 2022-ci il ərzində olan maksimum qiyməti martın 9-da qeydə alınıb: 135,99 dollar.

Deputat, iqtisadçı Vüqar Bayramov deyir ki, neftin qiymətindəki artımlar həm Çində karantin qaydalarının yumşalması, həm də Brüsseldə Avropa İttifaqının Rusiya neftindən imtina müzakirələri ilə əlaqədardır.

Onun sözlərinə görə, neftə qlobal tələbin artması kontekstində dünya bazarında təklifin azalacağı tərəddüdləri də birjalara təsirsiz ötüşmür.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan 2021-ci ildə 27 milyon 116 min ton xam neft və xam neft məhsulları ixrac edib.

İqtisadçıya görə, bu, o deməkdir ki, il ərzində xaricə 173 milyon 271 min barel neft göndərilib. Bu isə gündəlik ixracatın orta hesabla 427 min 715 barel olması anlamına gəlir: “2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 50 dollar müəyyənləşdirildiyini nəzərə alsaq, neftin illik orta qiyməti yüksək olarsa, Dövlət Neft Fonduna daxil olmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir”.

Vüqar Bayramov deyir ki, bununla yanaşı, neftin qiymətinin kəskin artması neft bazarı üçün potensial risklər yaradır.

Onun fikrincə, qiymət artımları bir tərəfdən gündəlik 12 milyon xam neft hasil edən Birləşmiş Ştatlarda şişt neft hasilatını artıracaq, digər tərəfdən bazarda “köpüklər” yaradacaq:

“Bu baxımdan, artan qiymətlərin yenidən aşağı enməsi istisna edilmir. Enerji məhsulları ixrac edən əksər ölkələr və eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımdan vacibdir. Əksər neft ölkələri üçün 1 barel neftin qiymətinin 80 dollar intervalında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur”.

İqtisadçı bildirir ki, neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda, siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir:

“Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resursları ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Odur ki, prioritet neft gəlirlərindən asılılığı minimumlaşdırmaqdır”.

Avropa İttifaqı Rusiya neftinə qismən sanksiya qoymağı razılaşdırıb.

Bununla Rusiya Prezidenti Vladimir Putini Ukraynaya müdaxiləyə görə cəzalandırmaq istəyirlər.

Neftə qadağa bu istiqamətdə planlaşdırılan altıncı sanksiya paketində nəzərdə tutulub.

Gündə təxminən 2,3 milyon barel Rusiya xam nefti boru kəmərləri və limanlar şəbəkəsi vasitəsilə qərbə ötürülür.

Sanksiyaların Rusiya neftinin idxalının 75 faizinə təsir edəcəyi bildirilir. Bu təsirin ilin sonunadək 90 faizə çatacağı ehtimal edilir.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəXəbərlər“Qiymətin kəskin artması neft bazarı üçün potensial risklər yaradır”