“O daha Rusiya lideri olmayacaq”
Böyük Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin (MI6) keçmiş rəhbəri Riçard Dirlov Rusiya Prezidenti Vladimir Putin barəsində sensasiyalı iddialar səsləndirib.
Onun sözlərinə görə, 2023-cü ilin sonuna qədər Vladimir Putin vəzifəsindən kənarlaşdırılacaq və uzunmüddətli müalicə üçün “sanatoriya”ya yerləşdiriləcək.
“Düşünürəm ki, 2023-cü ildə Putin hakimiyyətdən gedəcək, amma, yəqin ki, sanatoriyaya. Beləliklə, o daha Rusiya lideri olmayacaq, yəni sanatoriyadan qayıtsa belə”, – deyə Dirlov bildirib.
Dirlov hesab edir ki, belə bir ssenari Kremldəki saray çevrilişindən daha üstün görünür.
MI6-nın keçmiş rəhbərinin sözlərinə görə, onun proqnozlaşdırdığı hadisələr baş verərsə, Kremldə hakimiyyət Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin əlinə keçəcək.
Bundan əvvəl MI6-nın keçmiş zabiti, o zaman Rusiyada işləmiş Kristofer Stil mənbələrinə istinadən demişdi ki, Vladimir Putin səhhətindəki problemlərə görə hakimiyyətə nəzarəti itirir.
Stilin fikrincə, nəticədə Kremldə xaos hökm sürür.
Riçard Dirlov 1999-2004-cü illərdə MI6 kimi tanınan Böyük Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin rəhbəri olub.
Kristofer Stil 2006-2009-cu illərdə MI6-nın Londondakı baş qərargahında Rusiya bölməsinin rəhbəri olub.
2017-ci ildə Amerika mediasında K.Stilin ABŞ-ın 45-ci prezidenti Donald Trampla bağlı tərtib etdiyi gizli dosye ortaya çıxıb.
Sənədlərdə Trampın Kremllə əlaqəsi və Rusiya xüsusi xidmət orqanları tərəfindən Amerika prezidenti haqqında seksual xarakterli kompromatların olması qeyd edilib.