Rusiyanın aktivləri Ukraynanın bərpasına yönəldilə bilər

Rusiyaya qarşı sanksiyalar. Foto: Anton Petrus/shutterstock

Dondurulmuş aktivlərin həcminin təxminən 600 milyard dollar olduğu bildirilir

Litva, Slovakiya, Latviya və Estoniya Rusiyanın işğalından sonra Ukraynanın bərpasını maliyyələşdirmək üçün Avropa İttifaqı tərəfindən dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsini təklif edir.

Mayın 3-də Ukrayna Rusiyanın vurduğu dağıntılardan sonra ölkəni bərpa etmək üçün lazım olan vəsaitin həcmini təxminən 600 milyard dollar qiymətləndirib.

Hər 4 ölkə bildirir ki, müharibə davam edərkən ziyanın məbləğinin kəskin şəkildə artacağı ehtimal edilir.

Ölkələrin təklifi ilə bağlı məktub mayın 24-də Aİ maliyyə nazirlərinə təqdim olunacaq.

Məktubda bildirilir ki, Ukraynanın bərpası xərclərinin əhəmiyyətli hissəsi, o cümlədən Rusiyanın hərbi təcavüzü qurbanlarına təzminat Rusiya tərəfindən ödənilməlidir:

“27 ölkəni təmsil edən blok həm də Moskvaya qarşı yeni sanksiyalar hazırlamağa başlamalıdır. Nəhayət, əgər Rusiya Ukraynaya qarşı hərbi təcavüzü dayandırmasa, AB ilə Rusiya arasında ümumiyyətlə heç bir iqtisadi əlaqələr qalmamalıdır”.

Ölkələr qeyd edir ki, onların maliyyə resursları, məhsulları və ya xidmətlərinin heç biri Rusiyanın döyüş maşınına töhfə verməməlidir. Bunu tənzimləmək lazımdır.

Hər dörd ölkə qeyd edir ki, Aİ və həmfikir ölkələr artıq Rusiyanın fiziki və qurumlarına məxsus aktivləri və mərkəzi bankın 300 milyard dollarlıq ehtiyatlarını dondurub:

“Biz indi bu resurslardan həm Ukraynanın Rusiya təcavüzünə qarşı davamlı səylərinin xərcləri, həm də ölkənin müharibədənsonrakı bərpası üçün maliyyə mənbəyi kimi maksimum istifadənin hüquqi yollarını müəyyən etməliyik”.

“Mərkəzi bankın ehtiyatları və ya dövlət müəssisələrinin əmlakı kimi dövlət aktivlərinin müsadirəsi bu baxımdan birbaşa əlaqə və təsirə malikdir”, – məktubda qeyd edilir.

Aİ indiyədək Rusiya və Belarus oliqarxlarının və qurumlarının 30 milyard avro dəyərində aktivlərini dondurub.

Avropa Komissiyası mayın 17-də Ukraynanın milli və AB qanunlarına uyğun olaraq dondurulmuş Rusiya aktivlərinin ələ keçirilməsinin mümkün olub-olmadığını yoxlaya biləcəyini söyləyib.

Komissiyanın sözçüsü Kristian Viqand deyib ki, aktivlərin dondurulması onların ələ keçirilməsindən fərqli prosesdir. Əksər üzv dövlətlərdə bu, mümkün deyil və aktivlərin müsadirəsi üçün cinayət hökmü lazımdır: “Həmçinin, hüquqi baxımdan özəl qurumlar və mərkəzi bankın aktivləri eyni deyil”.

Onun sözlərinə görə, Komissiya bu həftənin sonunda məhdudlaşdırıcı tədbirlərin pozulmasının Aİ-də cinayət hesab edilməsi təklifini, habelə müsadirə ilə bağlı Aİ-nin mövcud qaydalarına yenidən baxılması və gücləndirilməsi, aktivlərin bərpası və müsadirəsi sisteminin gücləndirilməsi təklifini təqdim edəcək.

“Aktivlərin müsadirə edilməsinin qanuni yollarının müəyyən edilməyəcəyi hallarda, ondan rıçaq kimi istifadə edilməli və yalnız Rusiya Ukraynaya vurduğu bütün zərərləri kompensasiya etdikdən sonra sərbəst buraxılmalıdır”, – dörd ölkə bildirib.

Rusiya Ukraynadakı hərəkətlərini “xüsusi əməliyyat” adlandırır və bildirir ki, hərbi əməliyyat işğal üçün deyil, cənub qonşusunun hərbi imkanlarını məhv etmək və təhlükəli millətçi hesab etdiyi qüvvələri ələ keçirmək məqsədi daşıyır.

Ana səhifəDünyaRusiyanın aktivləri Ukraynanın bərpasına yönəldilə bilər