“Dediklərini təkrarladım, bunu kamera ilə çəkdilər…”
Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında saxlanılan 5 nəfər inanclı fəaldan daha ikisinin haqqında həbs qərarı çıxarılıb. Müsəlman Birliyi Hərəkatının üzvləri İmran Məmmədli və Elgiz Məmmədovun hər birinə 30 sutka inzibati həbs cəzası verilib. Adları çəkilən şəxslər haqqında polisə müqavimət ittihamıyla inzibati xəta protokolu tərtib edilib və onlar mayın 21-də Nəsimi Rayon Məhkəməsinə aparılıb. Bir gün öncə – mayın 20-də bu məhkəmədə saxlanılan inanclı fəallardan Ağəli Yəhyayev haqqında da 1 aylıq inzibati həbs qərarı çıxarılmışdı.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında saxlanılan 5 nəfərdən ikisi – Mail Kərimov və Süleyman Yəhyayev isə mayın 20-də gecə saatlarında buraxılıb.
Mail Kərimov deyir ki, onu məhkəmənin qarşısında saxlayıb, əvvəlcə 22-ci polis bölməsinə, axşam saat 18.00 radələrində isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. İstər yolda aparılarkən, istərsə də idarədə ağlasığmaz işgəncələrə məruz qaldığını deyən Mail Kərimovun sözlərinə görə, onu zorlamaqla da hədələyiblər.
Mail Kərimov danışır ki, onu mayın 20-də səhər saatlarında Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında olarkən polislər saxlayıb, Nəsimi rayonu, 22-ci polis bölməsinə gətiriblər:
“Bizi Süleyman Yəhyayevlə eyni maşında gətirdilər. Orada əllərimizi arxadan qandallayıb, stula bağlamışdılar. Tərpənə bilmirdik. Az sonra o biri üç nəfəri (Ağəli Yəhyayev, İmran Məmmədli və Elgiz Məmmədov) gətirdilər. Bir az kamerada saxladılar. Sonra hərəmizi bir otağa salıb sorğu-sual elədilər ki, ora niyə getmişdiniz? Dedik ki, Razi Hümbətov inanclı qardaşımızdır, mənəvi dəstək üçün getmişdik. Doğmaları da görsün ki, tək deyil. Biz əvvəl də onun məhkəməsinə getmişik, belə hal olmayıb. Bizə izahat yazdırdılar. Sonra yenə müvəqqəti saxlama yerinə apardılar. Yarım saat sonra yuxarı qaldırdılar, gördüm ki, Süleyman da oradadır. Namaz vaxtını bilmək üçün saatı soruşanda dedilər ki, 6-ya qalıb. Əvvəl ikimizi də otaqdan çıxartdılar, sonra mənə dedilər ki, qayıt. Amma Süleymanı apardılar. Az keçmiş iki nəfər mülki geyimli gəldi. Onlar içəri girəndə otaqdakılar ayağa qalxdı. Məni qandallayıb apardılar. Elə aparırdılar ki, sanki qatı cinayətkaram. Başıma torba keçirdilər…”
Mail Kərimovun sözlərinə görə, onu maşına mindirib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparanda yolda döyməyə başlayıblar: “Başımda torba, gözləmədiyim halda, başımdan, sinəmdən vurmağa başladılar. Çox pis söyüşlər də söyürdülər. Onlar vururdu, mən də “ay Allah” qışqırırdım. Məni döyə-döyə “Bandotdel”ə gətirdilər. Başımda torba olsa da, pilləkənlə qaldırıldığımı hiss edirdim. Orada yerə uzatdılar və yerdə təpikləməyə başladılar. O qədər döydülər, amma sakitləşmədilər. Şalvarımı çıxardılar, alt paltarımı cırdılar. Dedilər ki, indi dubinka ilə zorlayıb, çəkəcəyik. Onlara dedim ki, “sizi Allaha and verirəm, bunu eləməyin”. Dedilər ki, bir şərtlə eləmərik, kamera qarşısında deməlisən ki, “səhv eləmişəm, bir daha məhkəmələrə getmərəm”. Razılaşdım. Dediklərini təkrarladım, bunu kamera ilə çəkdilər…”
Axşam saatlarında Binəqədi rayonu, “Baksol” adlanan ərazidə gətirib onu buraxdıqlarını deyən Mail Kərimov bildirib ki, hətta ora gətiriləndə də başında torba vardı: “Məni gətirib elə bir yerdə düşürdülər ki, bir tərəf zavod, bir tərəfdə də evlər. Maşından düşürəndə torbanı çıxartdılar, qandalı açdılar. Buraxanda da dedilər ki, arxaya baxma. Hava qaranlıq idi. Bildiyim odur ki, qara maşınla gətirmişdilər məni. Telefonumu bölmədə almışdılar. Cibimdə pul vardı, taksi tutub evə gəldim”.
İnanclı fəal vurğulayıb ki, üzərində işgəncə izləri, bədənində ağrılar hələ də qalır. Onun sözlərinə görə, heç bir qanunsuz addım atmadığı halda, belə işgəncəyə məruz qalmasının səbəbi ona məlum deyil: “Biz əvvəllər də məhkəmələrə getmişik. Belə şey gözləmirdik. Açıq məhkəmə prosesidir, istəyən hər bir şəxs iştirak edə bilər. Biz özümüz qanuna riayət edən adamlarıq. Anlamıram ki, niyə belə edirlər?”
Qeyri-iş günü olduğuna görə işgəncə iddialarına Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Bundan əvvəlki açıqlamalarında nazirliyin mətbuat xidməti polis idarələrində vətəndaşlara işgəncə verilməsilə bağlı iddiaları təkzib edib.
Adları çəkilən beş nəfər mayın 20-də Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətovun məhkəməsində iştirak etmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə gəlib. Lakin məhkəmə prosesi başlamamışdan öncə əraziyə cəlb olunmuş polislər tərəfindən saxlanılıblar.
Məhkəmədə Razi Hümbətova hökm oxunub. Hökmə əsasən, Razi Hümbətov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsilə təqsirli bilinib və 6 il azadlıqdan məhrum edilib.
Lakin o, özünü təqsirli bilmir və narkotik ittihamının saxta olduğunu deyir.
Razi Hümbətov məhkəmədə bildirib ki, 2021-ci il iyulun 7-də yaşadığı Ceyranbatan qəsəbəsində 5-6 mülki geyimli şəxs tərəfindən saxlanılıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını və orada təzyiqlərə məruz qaldığını deyən inanclı fəal bildirib ki, narkotik maddəni üzərinə polislər qoyub. O da təzyiq altında etiraf ifadəsinə imza atıb.
Müsəlman Birliyi Hərəkatı da Razi Hümbətovun narkotikdən uzaq biri olduğunu, əksinə, bu problemə qarşı aktiv mübarizə apardığını bəyan edib. Hərəkat üzvünün həbsini onun sosial şəbəkələrdəki paylaşımları ilə əlaqələndirir.
“Hərəkat birmənalı olaraq ölkədə hər növ hüquq və azadlıqlara yönələn reperesiya addımlarının arxasında dayanan İlham Əliyevin diktə etdiyi siyasəti qınayır. Bir daha Azərbaycan cəmiyyətini qorxu və əsarət altında saxlayan rejimin yarıtmaz davranışından doğan haqsız həbslərin dayandırmasını ondan tələb edirik”, – təşkilatın yaydığı bəyanatda bildirilir.
Razi Hümbətov həbsindən bir neçə gün əvvəlki paylaşımında “İlham Əliyev, xalq səni sevmir” yazmışdı.