Xaçmazda 4 ailə yeni tikilmiş elektrik stansiyasıyla dəmiryolunun arasında yaşayır
“İki il əvvəl elə buralarda gənc bir oğlanı qatar vurdu. Uşaqları çölə buraxmağa qorxuruq, qatar qapımızın önündən keçəndə gecələr uşaqlar qorxur, səsə oyanırlar. İllərdir ki, müraciət etmədiyimiz yer qalmayıb, bu işə bir əncam çəkilmir”.
Xaçmazın Çarxı kəndindən keçən dəmiryolunun kənarındakı köhnə, ikimərtəbəli binada yaşayan dörd ailə səbirsizliklə buradan köçürüləcəyi günü gözləyir. Ancaq uzun illərdir ki, bu arzuları gerçəkləşmir. Gecə və gündüz Rusiya istiqamətində hərəkət edən yük və sərnişin qatarları evlərin bir neçə metrliyindən keçir.
Ailələrdə azyaşlılar, xəstə, yaşlı insanlar var. Elə binada yaşayan Aysel Kərimovanın özünün bir azyaşlı övladı var. Qadın Meydan TV-yə deyir ki, uşağı dəfələrlə ölümün pəncəsindən xilas edib:
“Bir də görürsən başım ev işlərinə qarışır, 5-6 yaşı var, gözdən yayınıb çölə qaçır, günün 24 saatı uşağı güdmək olmur axı… Dəfələrlə olub ki, qatarın səsi gələndə cummuşam çölə, uşağı son anda xilas etmişəm. 2-3 il əvvəl bir gənc öldü. Nəyi gözləyirlər? Növbəti faciələri?.. 4 ailəni başqa yerə köçürmək, yaxud kompensasiya ödəmək bu qədər çətin işdir hökumət üçün?”
40 il əvvəl tikilmiş bu binada əvvəllər dəmiyolçular qalırlarmış. Kanalizasiya, qaz, telefon xətti və yaşamaq üçün başqa resurslar da yoxdur. Vəziyyəti ağırlaşdıran digər səbəbsə təxminən 3 il əvvəl binanın yaxınlığında tikilmiş elektrik yarımstansiyasıdır. Gözdən yayınan azyaşlılar tez-tez həmin yarımstansiyanın ərazisinə keçir ki, bu da təhlükəlidir:
“Binanın arxasında köhnə yarımstansiya, qarşısında təzə yarımstansiya… Həm uşaqların həyatına təhlükəlidir, həm də şüalanırıq, burda sağlam adam qalmayıb, hərəmiz bir xəstəlikdən əziyyət çəkirik”.
Xaçmaz Rayon İcra Hakimiyyətindən bildirilib ki, bina sökülməlidir, ancaq sakinlər təklif olunan kompensasiyayla razılaşmadığı üçün məsələ həllini tapmır.
Aysel Kərimovasa təklif olunan kompensasiyayla razılaşmamaqlarının səbəbini açıqlayır:
“3-4 il əvvəl səhv etmirəmsə Bakıdan idilər, gəlmişdilər, baxış keçirtdilər, dedilər, hər ailəyə 12 min manat veririk, köçün burdan… Razılaşmadıq, dedik, 12 min manatla hara gedək? Hökumət bir az çox pul versin ki, gedib kənarda başımıza bir çarə edək. Dedilər, onsuz da buranın ömrünə az qalıb, özünüz məcbur olub qaçacaqsız. Binanın dam örtüyü bərbad gündədir, yağış başımıza yağır, ancaq çıxmırıq, çıxıb hara gedək?..”
Sakinlər kompensasiyanın məbləğinin ən azı 25 min manat olmasını istəyirlər ki, gələcəkdə başqa yerdə özlərinə yaşayış yeri qura bilsinlər.