“Yardımlı meşələrində kütləvi  ağac kəsimi taxta materiallarının idxalı ilə bağlı ola bilər”

Mənbə: Ecofront

Meşələrin qırılması ilə bağlı araşdırma aparılır

Yardımlı meşəsində ağaclar kütləvi şəkildə kəsilir. Bu barədə “Ecofront” məlumat paylaşıb. Bildirilib ki, rayon meşəsinin 3 saylı meşəbəyliyinin 11 saylı dolayında material üçün qeyri-qanuni onlarla ağac kəsilib. Kəsilən ağacların hamısı fıstıq ağaclarıdır.

Bir neçə gün əvvəl də Yardımlı meşəsinin 4 saylı meşəbəyliyinin 13 saylı dolayında 100-ə yaxın ağac kəsilməsi ilə bağlı məlumat verilmişdi. Bildirilirdi ki, rayon meşəsinin 4 saylı meşəbəyliyinin 13 saylı dolayından 80 kubmetr taxta-şalban materialı Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən ələ keçirilib və idarəyə daşınıb. 1 maşın, 30 kubmetr materialı isə ağacları kəsənlər tərəfindən aparılıb.

“Bu qırıntıların bəzilərində şantaj, qisas tipli məqsədlərlə kəsintinin izləri var. Bəzi ağaclar kəsilsə də, doğranmayıb. Tələsik kəsildiyi üçün parçalanma çox olub. Araşdırılmalı və günahkarlar cəzalanmalıdır. Meşə mühafizəsi çətin işdir. Təkcə odun tədarükündən yox, bu cür potensial təxribatlardan da qorumaq lazımdır”,-ekofront yazır.

Yardımlı meşəsinin 4 saylı meşəbəyliyinin 13 saylı dolayında da 100-ə yaxın ağac kəsilib.

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində çalışanlardan biri isə adının açıqlanmaması istəyi ilə Meydan TV-yə bildirib ki, son vaxtlar ixtisarlar aparılır, onların arasında peşəkarlar da var. İşçilərin sayı azaldılarsa, meşələrə nəzarət etmək daha da çətinləşəcək:

Mənbə: Ecofront

“Meşələrə nəzarət etmək onsuz da çətindir. Son bir-iki aydır Rusiyada taxtanın qiyməti artıb, o qiymətə taxta-şalban gətirib satmaq baha başa gəlir. Ağacları kəsib taxta sexinə daşıyırlar. Bunu elə vaxt edirlər ki, xəbər tutana kimi gec olur”.

Mərkəz əməkdaşı deyib ki, Yardımlı meşəsində ağacların kəsilmə səbəblərindən biri də kəndlərin qazlaşdırılmamasıdır:

“Sonuncu ağac kəsilməsi ilə bağlı ciddi araşdırma gedir, nazirlik tərəfindən tapşırıq verilib. İşə polis, prokurorluq da qarışıb”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aprelin 22-də yaydığı açıqlamada isə deyilir ki, son günlər Yardımlı və Lerik meşələrində ağacların kəsilməsi ilə bağlı Meşələrin İnkişafı Xidmətinə daxil olan məlumatlar ciddi narahatlıq yaradır. Yardımlı və Lerik meşələrinə müdaxilə hallarının artması faktları təhlil olunub. Ehtimal edilir ki, son dövrdə ölkəyə gətirilən taxta materiallarının idxalında azalmanın qeydə alınması sözügedən meşə ərazilərinə təzyiqlərin artmasına səbəb olub.

Nazirlik son 4 gündə görülən işlərin nəticələri ilə bağlı sualları cavablandırmayıb.

Ana səhifəBölgə“Yardımlı meşələrində kütləvi  ağac kəsimi taxta materiallarının idxalı ilə bağlı ola bilər”