Motosiklet sürücüsünü döyən məmur: “İşdən azad oluna bilərəm”

Sultan Dadaşov. Foto: screenshot

DİN: “Hadisə ilə bağlı araşdırmalara başlanılıb”

Daxili İşlər Nazirliyi (DİN) Bakıda motosiklet sürücüsünün “Lexus” markalı avtomobilin sahibi tərəfindən döyülməsi ilə bağlı araşdırmalara başladığını açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin inspektoru Anar Qafarov görüntülərdən məlumatlı olduqlarını deyib.

O bildirib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Aprelin 25-də sosial şəbəkələrdə “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobili idarə edən şəxsin motosiklet sürücüsünə təzyiq göstərməsini əks etdirən görüntü yayılıb.

Mətbuat prospektində qeydə alınan hadisənin videosunu zərərçəkən Murad Salmanın paylaşdığı bildirilir.

Videoda yolda hərəkət zamanı ona yol verməyən “Lexus”a etiraz edən motosiklet sürücüsünün daha sonra avtomobili idarə edən şəxsin aqressiyası və fiziki təzyiqinə məruz qaldığı əks olunub.

Videoda həmçinin görünür ki, avtomobil sürücüsü maşınla motosikleti idarə edənin ayağını bilərəkdən xəsarət yetirməyə çalışıb.

“Lexus” idarə edən şəxsin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviri, 1959-cu il təvəllüdlü Sultan Tofiq oğlu Dadaşov olduğu bildirilir.

Prezident İlham Əliyevin 2019-cu il noyabrın 19-da imzaladığı sərəncama əsasən, Sultan Dadaşov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Sultan Dadaşov “Gününsəsi.info”ya açıqlamasında hadisə baş verərkən özündə olmadığını deyib.

O bildirib ki, bu hadisəyə görə işdən azad oluna bilər: “Heç özüm də bilmədim ki, bu hadisə necə baş verdi. Çox əsəbi idim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş olmayaydı. Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram”.

Ana səhifəSosialMotosiklet sürücüsünü döyən məmur: “İşdən azad oluna bilərəm”