Şəmkir sakini: “O quyu mənim pulumla qazılacaqsa, bəs 70 min manat kimin cibindədi?”
“Hər kənddən 3-5 min manat yığırlar, artezian vururlar. Bizim kəndin əhalisi çox kasıbdır, istədikləri pulu toplaya bilmirik deyə, quyunu yarımçıq qazıb, çıxıb gediblər”.
10 ay əvvəl Prezident İlham Əliyev “Şəmkir və Tovuz rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama görə, Şəmkir və Tovuz rayonlarının 17 yaşayış məntəqəsində (ümumilikdə 105 min 153 nəfər əhalini əhatə edir) bu məqsədlə 20 ədəd subartezian quyusu layihələndirilməli və qazılmalıdır. Buna görə Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,4 milyon manat ayrılıb. Bu quyuların 10-u Şəmkirin payına düşüb.
“Düşüblər kəndin canına, pul dilənirlər”
Yeni yol kəndinin sakini Polad Vəliyevin sözlərinə görə, artezian quyusunu kəndlilərdən pul toplamaqla qazırlar:
“Şəmkirin 54 kəndi var, ən kasıbı Yeni yol və Konüllü kəndləridir. Quyuları qazmağa başlayanda bizim kəndləri ən axıra saxladılar. Gəlib kəndlilərdən quyu qazmaq üçün pul dilənirlər. Layihəyə görə Şəmkirin payına 10 quyu düşür, hər quyuya görə də 70 min manat ayrılıb. O quyu mənim pulumla qazılacaqsa, bəs o 70 min manat kimin cibindədi? Gəlib baxa bilərsiniz, kəndin əkin sahələrinin yanında yarımçıq qazıb, aradan çıxıblar”.
“Qazıntını yarımçıq atıb, getdilər”
Kənd sakini deyir, martın sonunda əkin sahələrinin yaxınlığına fəhlələr və qazıntı işləri aparmaq üçün ağır texnikalar gətirilib. Təxminən 4-5 gün ərzində qazıntı işləri aparılıb. Ancaq fəhlələr onlara ödəniş olunmadığını bildirərək işləri yarımçıq dayandırıblar:
“Dedilər ki, bizə avans verilməlidir, bizi aldadıb pulumuzu vermirlər. İşi dayandırdılar. Onsuz da onların naharını da yığışıb biz verirdik. Dedik, hələlik cibxərcliyi verək, sonra maaşınızı da sahibinizdən alarsınız, ancaq işi dayandırmayın. Razılaşmadılar, çıxıb getdilər”.
“Suvarma vaxtı sahələrdə bel davasına çıxırıq”
Polad Vəliyev qazıntısı yarımçıq qalmış artezian quyusunun gələcəkdə əkin sahələri üçün vacibliyindən danışır. Deyir, ümumilikdə 454 hektar olan əkin sahələrində suvarma mövsümündə qırğınlar yaşanır:
“Suvarma vaxtı çatanda qardaş qardaş üçün keçmir, inanın ki, kənddə ata oğulu, qardaş qardaşı qırır suya görə… Bütün yayı qonşu qonşuyla polisə düşür, qardaş qardaşla… Burda elə qırğınlar olur ki, suvarma vaxtı… Sahələrdə insanlar bellə davaya çıxır, bir-birinin başını yarır. Çünki sahəsi var. Səbəb də odur ki, əvvəllər su Şəmkirin dağlarından gəlirdi, sonra Dəryaçay su anbarı yaradıldı, suyu ordan verdilər. Bütün kəndlərə su ordan verilir. Bizim kəndə ay ərzində 3 dəfə növbə çatır, o su da kimin sahəsinə çatar, kimin sahəsinə çatmaz… Hamı istəyir sahəsi su görsün, məhsul versin. İnsanlar əzab-əziyyətlə əkin işləri aparır, susuzluqdan hamısı məhv olur”.
Şəmkir rayon Suvarma Sistemləri İdarəsinin rəisi Mirbəşir Ələsgərov Meydan TV-yə bildirilib ki, şikayətçi Polad Vəliyevi dinləyib və məsələ yaxın günlərdə həllini tapacaq:
“Baxmayaraq ki, bu işlərin mənə aidiyyəti yoxdur, bununla belə mən vətəndaşa da bildirdim ki, 2-3 günə məsələ həllini tapacaq”.
Şəmkir Rayon İcra Hakimiyyətindən isə Meydan TV-yə bildirilib ki, rayonda əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün tədbirlər görülür, hər il yeni artezian və subartezian quyular istifadəyə verilir. Hazırda da kəndlərdə bu işlər davam etdirilir.