“23 min nəfər iş yerini itirib”
Azərbaycanda muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 min nəfər və ya 0,2 faiz artıb.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə deyilir.
Bildirilir ki, işləyənlərin sayı 1682,1 min nəfərdir. Onlardan 902,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 779,6 min nəfəri isə qeyri-dövlət sektorunda çalışır.
Bu ilin yanvar-fevral aylarında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 faiz artıb və 768,3 manat olub.
“Pensiyaçıların sayında da azalma baş verib”
İqtisadçı Nemət Əliyev deyir ki, bu ilin 2 ayı ərzində muzdla çalışıb əməkhaqqı alanların sırasından 23 min nəfər iş yerini itirib. Çünki yanvarın 1-də açıqlanan məlumatda işçilərin sayı 1 705,1 min nəfər göstərilib, martın 1-də açıqlanan siyahıda isə bu say 1682,1 min nəfərdir.
İqtisadçı bildirir ki, itirilmiş iş yerlərinin 10 faizi dövlət, 90 faizi isə qeyri-dövlət sektorunun payına düşüb. Bu ilin əvvəlinə olan vəziyyətə görə, son bir ildə pensiyaçıların sayında da azalma baş verib:
“Bu, nə az, nə çox 28,3 min nəfərlik azalmadır. Üstəlik, ünvanlı dövlət sosial yardım alan ailə üzvlərinin sayı da 130 min nəfər azalıb. Bəs gəlirlərini itirmiş 181 min nəfərdən çox insan əhali sayılmır?”
“Rəsmi işsiz və işsiz kimi tanınmayan 415 min insanın da gəlirləri artıb?”
Nemət Əliyev deyir ki, belə bir durumda Prezident İlham Əliyev əhalinin gəlirlərinin 20 faiz artmasından danışır:
“Maraqlıdır, statistikanın rəsmən işsiz kimi tanıdığı 315 min nəfərdən çox insan, hələ işsiz kimi tanınmayan 100 minlərlə vətəndaş necə olacaq? Onların da gəlirləri 20 faiz artıb?!”
Prezident: “Son üç ayda inflyasiya 18 faizə qalxıb”
Prezident İlham Əliyev hökumətin 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında deyib ki, son üç ayda əhalinin gəlirləri təxminən 20 faiz artıb.
Həmçinin prezident üç ayda inflyasiyanın 18 faizə qalxdığından da danışıb. Deyib ki, bu, yüksək rəqəmdir:
“Bilməliyik ki, bunun bir hissəsi idxal edilmiş inflyasiyadır. Çünki dünyada ərzaq məhsullarının və digər məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə də təsir edir. Lakin biz inflyasiyanı əhalinin gəlirləri ilə müqayisə etsək, burada yenə də real gəlirlər artmış sayılır”.
“Gəlirlərimiz 20 faiz artıb: mif və reallıq”
İqtisadçı Natiq Cəfərli “Gəlirlərimiz 20 faiz artıb: mif və reallıq” yazısında qeyd edir ki, bu il martın 1-də Azərbaycanda əhalinin sayı 10 milyon 164 min 500 nəfər olub. Beləliklə, 2021-ci ilin sonunda ölkədə 1 milyon 699 min nəfər muzdla çalışıb. Bunlardan 903 min 600 nəfər dövlət, 795 min 700 nəfər isə özəl sektorda fəaliyyət göstərib.
“2022-ci ilin yanvarında ölkədə 1 milyon 197 min təqaüdçü olub. Yenə rəsmi rəqəmlərə görə, ölkədə 2,7 milyon 18 yaşınadək uşaq var. Məmləkətdə aqrar sektorda çalışanların sayı rəsmi olaraq 1,7 mln. nəfər sayılır, təqribən, 800 minə yaxın da VÖEN-lə çalışanlar var”, – deyə o qeyd edib.
“Təqaüdçülərdə gəlir artımı 9 faiz civarındadır”
İqtisadçı deyir ki, əhali kateqoriyasının sayı, təxminən, rəsmi əhali sayı ilə uyğun gəlir:
“Maaş və təqaüdlərin artımına, gəlirlərin artmasına baxaq: Dövlət sektorunda çalışanların maaşları indeksləşdirilib, ortalama 10-12 faiz civarında artıb. Bunların sayı 903600 nəfərdir. Özəl sektorda maaş artımına dövlətin müdaxiləsi ancaq minimum əməkhaqqına görə ola bilər, hə, burada 250 manatdan 300 manata minimum əmək haqqı artırıldı”.
“Yəni özəl sektor indi 300 manatdan aşağı maaş verə bilməz. Sonra baxaq təqaüdçülərə – sayları 1 milyon 200 minə yaxındır. Bu ilin yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği daha 9,4 faiz artıb. Aprelin 1-də 363 manat olub. O cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,1 faiz artaraq 394 manata çatıb. Yəni, təqaüdçülərdə gəlir artımı 9 faiz civarındadır. 20 faiz deyil”, – deyə o qeyd edib.
“Bu aylarda əsl fermerlər daha çox kisədən yeyir, mövsümə hazırlaşırlar”
Aqrar sektora gəlincə, iqtisadçı deyir ki, burada kimin adına pay torpaq, həyətyanı sahə var, adını fermer qoyub qeydiyyata alırlar. Onların dövriyyəsi və gəliri haqqında rəsmi məlumat tapmaq mümkün deyil: “Düşünmürəm ki, məsələn, şəmkirli və ya qubalı fermerin bu ilin ilk 3 ayında gəlirləri 20 faiz artsın. Əksinə, bu aylarda əsl fermerlər daha çox kisədən yeyir, mövsümə hazırlaşırlar”.
VÖEN-lə çalışanlar bəs?
VÖEN-lə çalışanların gəlirlərinin artmasına gəlincə, Natiq Cəfərli deyir ki, burada da 20 faiz artım olması şübhəlidir. Bunu tam dəqiq bilmək üçün gərək Vergi Xidməti bu ilin ilk 3 ayında VÖEN-lə çalışanların dövriyyəsini və ödənişlərinin həcmini açıqlasın. Bu zaman onların gəlirlərinin nə qədər artdığını görmək olar: “Vergiləri artmayıbsa, gəlirləri də arta bilməz. 0-18 yaş uşaqlara gələndə bunların gəlirləri yoxdur, maksimum 15-18 yaş arası uşaqların iş yeri və maaşı ola bilər. Deməli, prezidentin və rəsmi təbliğatın, “gəlirlər 20 faiz artıb”, tezisi ancaq minimum əməkhaqqına aiddir, bir tək o sahədə doğrudan da, 20 faizlik artım var. Digər kateqoriyalara daxil olan insanların gəlirlərinin artımı, ortalama 8-10 faiz civarında olub ki, bu da normal ölkələrdə standart 4 nəfərlik ailə timsalında hesablansa, daha aşağı göstəricilər alınır”.
Bəs 20 faizlik artım söhbəti haradan çıxıb?
“Rəsmi statistikaya görə, Azərbaycanda əhalinin nominal gəlirləri 2022-ci ilin birinci rübü (yanvar-mart) ərzində 18.9 faiz artıb. Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 1 593.2 manat təşkil edib ki, bu da illik müqayisədə 18.5 faiz artım deməkdir”, – iqtisadçı bildirir.
O deyir ki, belə baxanda rəsmi rəqəmlərdə də 20 faizi görmək mümkün deyil. 18,5 faizdir və bu, real artım deyil, nominaldır:
“Hətta rəsmi statistikanı götürsək belə, əgər bu ilin ilk rübündə ərzaq inflyasiyası 17 faizdən çoxdursa, deməli, əhalinin real gəlirləri, demək olar ki, artmayıb, çünki əhali qazancının 75 faizinə yaxınını ərzağa və kommunal xidmətlərə xərcləyir”.