Maqsud Mahmudov: “Əmlakımı öz aranızda bölüşdürün, mən də gedib cəzamı çəkim”

Foto: Maqsud Mahmudovun şəxsi arxivindən

Zərərçəkənlər arasında müğənnilər də var

Bakıda müxalifət partiyalarının keçirdiyi etiraz aksiyalarına gələrək, orada Prezident İlham Əliyev və hakimiyyətini müdafiə edən, bir müddət sonra isə Ukraynada tutulub Azərbaycana gətirilən Maqsud Mahmudovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Növbəti məhkəmə iclasında prokuror ona cəza istəyəcək.
1.6 milyonluq dələduzluq, xüsusi dəyəri olan əşyaları talama və s. əməllərdə ittiham olunan Maqsud Mahmudovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə baxılır.

Maqsud Mahmudov və vəkili məhkəmə istintaqının yekunlaşmasına etiraz edib. Onlar bildiriblər ki, ittiham tərəfinin şahidlərinin bir hissəsi dindirildi, bir qismi heç məhkəməyə çağırılmadı. Müdafiə tərəfinin də şahidlərinin olduğunu deyən vəkil onların dindirilməsini istəyib. Lakin hakim razılaşmayıb. Həm məhkəməyə gəlməyən şahidlərin ifadələrini, həm də işdəki ekspert rəylərini elan olunmuş hesab edərək, istintaqın yekunlaşmasına qərar verilib.

Maqsud Mahmudov işin sifarişlə aparıldığını vurğulayaraq, növbəti məhkəmə iclasına qatılmayacağını söyləyib.

Məhkəmədə Maqsud Mahmudovun vəkili onun girovluqda olan qızıl-zinət əşyalarının qiymətləndirilməsi üçün ekspertiza keçirilməsi haqda vəsatət qaldırıb. Bu vəsatət də təmin olunmayıb.

Məhkəmədə Maqsud Mahmudov zərərçəkmiş qismində tanınan şəxslərə müraciət edib:

“Gəlin belə danışaq, nə siz məni təhqir edin, nə də mən sizi. Mənim sizə verəcək pulum yoxdu. Sizə nə verirlər, onları götürün. Əmlakımı öz aranızda bölüşdürün. Mənə iş verəcəklər, sizin də əlimiz hər şeydən çıxacaq. Öz aranızda razılığa gəlin, əmlakını bölüşdürün, mən də gedib cəzamı çəkim…”.

Maqsud Mahmudovun işi üzrə məhkəmə prosesi aprelin 25-də davam edəcək.

Bu iş üzrə 90 nəfərə yaxın zərərçəkmiş var. Onların arasında müğənni Vasif Məhərrəmli, Afət Fərmanqızı da var. Maqsud Mahmudov onlardan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir. Zərərçəkmişlərin bir çoxu isə Maqsud Mahmudovun lombardına qızıl qoyub pul götürən şəxslərdir. Onların əksəriyyəti məhkəmədə ifadələrində qızıllarının qaytarılmasının ləngidiyini, lakin son nəticədə pulu ödəyib, onları geri aldıqlarını bildirib. Lakin ondan pulunu, əmlakını ala bilmədiyini deyənlər də çoxdur.

Ana səhifəSiyasətMaqsud Mahmudov: “Əmlakımı öz aranızda bölüşdürün, mən də gedib cəzamı çəkim”