Paşinyan Rusiyaya 2 günlük səfərə gedib
Aprelin 19-da Moskva vilayətində, Novo-Oqaryovoda Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar baş tutub.
Görüş ərəfəsində Kremlin mətbuat xidməti xəbər verib ki, siyasətçilər Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağ üzrə razılaşmaların gerçəkləşdirilməsini müzakirə edəcək. Putinlə Paşinyanın görüşündə gündəliyin əsas məsələsi Ermənistanla Azərbaycan arasında ehtimal olunan sülh razılaşmasının bağlanması olacaq.
Bundan başqa, tərəflər Rusiya-Ermənistan arasında strateji partnyorluq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı aktual məsələlər barədə danışmağı planlaşdırır.
Günün ikinci yarısı Kremldən verilən məlumata görə, iki ölkə başçısı Azərbaycan və Ermənistan arasında, eləcə də bütövlükdə regionda münasibətlərin normallaşmasına kömək etmək məqsədilə Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli əməkdaşlığın aktivləşdirilməsi barədə razılığa gəliblər.
“Rusiya sülhməramlı kontingentinin təhlükəsizliyin təmin edilməsinə, Dağlıq Qarabağ əhalisinin həyatı üçün əlverişli və təhlükəsiz şəraitin yaradılmasına həlledici töhfəsini vurğuladılar. Onlar təxirəsalınmaz humanitar vəzifələrin tezliklə həllinin, Dağlıq Qarabağ nizamlanmasının siyasi və diplomatik vasitələrlə həllinin zəruriliyini, bu kontekstdə ATƏT-in Minsk Qrupunun Həmsədrlik İnstitutunun potensialından və təcrübəsindən onun beynəlxalq mandatına uyğun istifadənin vacibliyi qeyd ediblər”, – məlumatda vurğulanır.
“Tərəflər 26 noyabr 2021-ci il tarixli mövcud üçtərəfli razılaşmaya uyğun olaraq, Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və təhlükəsizlik məsələləri üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər”, – deyə məlumatda qeyd olunub.
Eyni zamanda, V.Putin N.Paşinyanın cari ilin ikinci yarısında Yerevana səfər dəvətini qəbul edib.
Paşinyan aprelin 19-u Rusiyaya iki günlük rəsmi görüşə gedib.
Səfər zamanı o, həmçinin Rusiya hökumətinin sədri Mixail Mişustin, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşməyi planlaşdırır.
Daha əvvəl, aprelin 7-si Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin sonunadək Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiya yaratmaq barədə razılığa gəlib. İki ölkə liderləri həmçinin respublika XİN-lərinin rəhbərlərinə sülh danışıqlarına hazırlığa başlamağı tapşırıb.