Ana: “İndi qaldı oğlum da daxil olmaqla, vətənpərvər övladları şərləyən, işgəncə verən, bu işləri sifariş verən və icra edənlərin hamısının cəzalandırılması”
2017-ci ilin mayında Tərtər hadisələri zamanı işgəncə nəticəsində öldürülən Elçin Mətləb oğlu Quliyevə bəraət verilib. Bu barədə Meydan TV-yə onun anası Validə Əhmədova məlumat verib.
Ermənilərə casusluq – dövlətə xəyanət ittihamıyla Elçin Quliyevin barəsində başlanmış cinayət işinə o, öldüyünə görə 2017-ci ilin dekabrında bəraətverici əsaslar olmadan xitam verilmişdi. Həmin qərarı o zaman hərbi prokurorun müavini Şəfahət İmranov çıxarmışdı.
2021-ci ilin dekabrında Tərtər işi üzrə istintaq yenilənəndən sonra Baş prokuror Kamran Əliyev 31 yanvar 2022-ci ildə Elçin Quliyev haqqında sözügedən qərarı ləğv etmişdi.
Validə Əhmədova bildirib ki, aprelin 19-da onu Baş Prokurorluğa çağırıb, bəraət qərarını təqdim ediblər. Onu Baş prokuror Kamran Əliyev və yeni istintaq qrupunun rəhbəri Qasım Məmmədov qəbul edib.
Validə Əhmədovanın sözlərinə görə, oğlunun heç bir cinayət törətmədiyi, şərləndiyi hər kəsə məlum idi. Artıq bu, rəsmi sənədlə də təsdiqini tapdı:
“İndi qaldı oğlum da daxil olmaqla, vətənpərvər övladları şərləyən, işgəncə verən, bu işləri sifariş verən və icra edənlərin hamısının cəzalandırılması. Onların hamısı – ən aşağı vəzifəlisindən tutmuş, ən yüksək vəzifəlisinə qədər – cəzalanmasa, rahatlıq yoxdur. Onlar bu ölkəyə dağ çəkiblər. Baş prokuror söz verdi ki, obyektiv araşdırılacaq, günahkarlar cəzalandırılacaq”.
Validə Əhmədova əlavə edib ki, “Tərtər işi” nəticəsində ölənlərdən başqa, çoxlu sayda insan xəstəliyə tutulub, işdən çıxarılıb:
“Bunların cavabı mütləq verilməlidir. Tərtər faciəsi o qədər böyük miqyaslı bir faciədir ki…”
Validə Əhmədova vurğulayıb ki, oğlunun ölümü ilə əlaqədar Avropa Məhkəməsinə şikayət edib.
“Tərtər işi”ndə hərbi prokuror Xanlar Vəliyev, general Hikmət Həsənov və digər vəzifəlilərin adı hallanır.
Hikmət Həsənov 2014-cü ilin dekabrından 1-ci korpusun komandiri olub. 2021-ci ilin avqustunda korpus komandiri vəzifəsindən azad edilərək, Hərbi Akademiyanın rəis müavini təyin olunub.