Yanan meyiti hadisə yerinə atmaqda adı hallanan başqa bir kənd sakini məhkəmədə dindirilib
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsi, 47 gün sonra yanmış meyitin tapılmasıyla bağlı işdə adı hallananlardan biri kənd sakini Altay Ələkbərovdur. Meyiti tapıldığı əraziyə – İlkin Süleymanovgilin evinin qarşısındakı dərəlik əraziyə məhz onun atdığı iddia olunur.
Altay Ələkbərov özü də aprelin 15-də bu iş üzrə məhkəmədə dindirilərkən belə bir məsələdə adının hallandığını etiraf edib. Gəncə Ağır Cinayətlər Məhkəməsində şahid qismində dindirilən kənd sakini İlkin Süleymanovun suallarını cavablandırarkən təsdiqləyib ki, qatilin o olması haqda məlumat yayılmışdı. Bununla əlaqədar hüquq-mühafizə orqanlarına şikayət etdiyini deyən Altay Süleymanovdan soruşulub ki, şikayətində o, İlkin Süleymanovun qohumlarının adını çəkib, yoxsa yox? O, məhkəmədə ifadəsində heç kimin adını çəkmədiyini, sadəcə, İlkin Süleymanovun qardaşı Bəhruz Süleymanovla aralarında olan söhbəti çatdırdığını bildirib:
“Eksperiment keçirilmişdi ki, meyit tapılan gün mən neçə dəqiqəyə gedə bilərdim. Həmin vaxt mən meyit tapılan yerdə polislərlə danışanda İlkin Süleymanovun qardaşı bizi gördü. Sonradan mənə dedi ki, düzünü danış. Mən də dedim ki, düz danışmışam. İlkinin başqa heç bir qohumunun adını çəkməmişəm”.
Lakin onun ifadəsi elan ediləndə məlum oldu ki, o, İlkin Süleymanovun bacısı oğlu Şahsuvarın adını çəkib. Qatilin o olması və meyiti ora atması haqda söz-söhbəti də Şahsuvar yayıb. Ona bu ifadəsini xatırladanda isə təsdiqləyib ki, belə ifadə verib. Amma Şahsuvar haqqında bu fikri niyə səsləndirməsini isə əsaslandırmayıb.
Altay Ələkbərovun “VAZ-2107” markalı avtomobili var. Məhkəmədə dindirilən Nuriyyə adlı şahid meyit yanan ərəfədə o ərazidə belə bir avtomobil gördüyünü demişdi.
Altay Ələkbərov deyir ki, həmin gün evlərində televizorun kabeli sıradan çıxdığına görə maşınla gedib, dərhal ondan kabeli alıb qayıdıb. İlkin Süleymanovun vəkilləri ondan soruşub ki, nə əcəb o, getdiyi kimi, daha qısa və asfalt yolla yox, uzun və nahamar başqa yolla qayıdıb? O, cavabında deyib ki, belə uyğun görüb.
Ötən məhkəmə iclaslarından birində dindirilən Tovuz Rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili Azər Məmmədov yenidən məhkəməyə çağırılıb. O, polis rəisi Şirzad Əsgərov, müavini Şahlar Cəfərov və daha bir neçə polisin yanvarın 9-dan 10-na keçən gecə saat 4-5 radələrində İlkin Süleymanovgilin evinə gizli daxil olub, ora saxta sübutlar yerləşdirilməsi iddiası ilə əlaqədar dindirilib.
İlkin Süleymanovun əmisi oğlu, həmin vaxt Post-Patrul bölüyündə işləyən Murad Süleymanov bildirmişdi ki, gecə saat 4 radələrində Azər Məmmədov ona zəng edib, uzadıcı (“udlinitel”) istəyib. O, çölə çıxanda qara maşının yanında Şirzad Əsgərov və başqa polisləri görüb: “Rəis mənə dedi ki, “hava soyuqdu, sən keç evə”. Keçdim, sonradan bildik ki, onlar əmimgilin (İlkin Süleymanovgil) evinə giriblər”.
Vəkillər Azər Məmmədovdan yanvarın 9-dan 10-na keçən gecə harada olduğunu, gecə saat 4 radələrində Murada zəng edib-etmədiyini soruşublar. O, təkzib edib.
“Ümumiyyətlə, işlə əlaqədar Murada zəng elədiyim vaxtlar olub. Amma gecə saat 4-də mən ona niyə zəng eləməliyəm? Yox, eləməmişəm. Həmin vaxt harada olacam, yəqin evimdə olaram da…”, – əməliyyat müvəkkilinin cavabı belə olub.
Lakin vəkillər bildirib ki, onun həmin gecə saat 04.26-da Murad Süleymanova zəng eləməsi və özünün də həmin ərazidə olmasını təsdiqləyən sübut – telefon danışıqlarının arayışı var.
Məhkəmədə İlkin Süleymanovun valideynləri də dindirilib.
Anası Gülnaz Süleymanova deyib ki, oğlu iki gözünün gördüyünün bəlasına düşüb. Anasının sözlərinə görə, İlkinin 47 gün ərzində uşağı saxladığı iddia olunan evə, həmin otağa dəfələrlə girib-çıxıblar, orada uşaq olmayıb:
“Dəfələrlə o evdən meyvə götürmüşük. Tovuzun Ağdam kəndinə yas yerinə gedəndə nəvəm otaqda asılmış paltomu gətirdi, geyindim, gördüm ki, çox arıqlamışam deyə, yaxşı oturmadı əynimə. Atası 2019-cu il oktyabrın 12-də insult olmuşdu. Atasına İlkin və qızım İlhamə baxırdı”.
Gülnaz Süleymanova bildirib ki, o 47 gün ərzində oğlu dəfələrlə toy və yas məclislərinə gedib. Bunu təsdiqləyən şahidlər və başqa sübutlar da var: “Qohum-qonşunun hüzr yerinə İlkin gedirdi. Yanvarın 4-də Ağdam kəndində ölü yerində olmuşuq. Yanvarın 6-da Gəncəyə hüzr yerinə gedib. O evin bütün qapıları da açıqdır. Ora daim girən-çıxan olub. Yanvarın 6-da İlkin yas yerindən qayıdandan sonra bir az yatdı, sonra qapıya çıxdı. Mən çıxanda gördüm ki, Rövşənlə mağazanın yanında oturub, həmin vaxt Şərif də onların yanına gəldi. Axşam yemək yedi, bayıra çıxdı. İlkin evimdən o çıxan oldu…”
İlkin Süleymanovun anası onu da əlavə edib ki, oğlu saxlandıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları, xüsusən polis rəisi Şirzad Əsgərovun rəhbərliyi altında polislər onlara qarşı dəfələrlə qanunsuz hərəkətlər edib:
“Yanvarın 10-da İlkini evə çəkiliş üçün gətirməmişdən əvvəl gəlib tələb elədilər ki, çıxın evdən. Atası stola yapışdı, çıxmaq istəmədi. Bizi zorla çıxardılar. Bizi məcburi maşına mindirdilər. İnandırdılar ki, qaynım və o biri oğlum orada qalır. Bizdən sonra onları da aldıblar ki, guya təcili prokurorluqdan dindirməyə çağırırlar. Aparıblar onları şöbəyə, buraxmayıblar…”
Gülnaz Süleymanova deyir ki, polislər bundan sonra da evlərinə hücum etmişdilər. Onun sözlərinə görə həmin vaxt sındırılmış pəncərə şüşəsi hələ də olduğu kimi qalır: “Mehman Hümbətov müəllimin (həyat yoldaşını nəzərdə tutur-red.) üstünə elə qışqırırdı ki… O da yenicə insultdan ayılmış adamdır. Dedim, ayıb deyil, ağsaqqal adamı niyə bu vəziyyətə salırsız? “
Gülnaz Süleymanova əlavə edib ki, uşaq itkin olduğu müddətdə nəinki onların, başqa qonşularının heç birinin evində axtarış aparılmayıb.
İlkin Süleymanovun atası İbrahim Süleymanov bildirib ki, müstəntiq Nadir Mirzəyev onu dindirməyə çağıranda oğlu haqqında şər-böhtan xarakterli fikirlər səsləndirib:
“Mənə deyirdi ki, İlkin qıza daim təcavüz edib. Mən də məcbut olub efirdə İlkinin belə qabiliyyətinin olmadığını açıqladım. İlk vaxtlar bu söhbəti atmışdılar ortaya. Mənim çıxışımdan sonra bu söhbət aradan çıxdı…”
Vəkil Zabil Qəhrəmanov bu cür məsələlər müzakirə olunduğuna görə prosesin bu hissəsinin qapalı keçirilməsini təklif edib. Lakin İlkin Süleymanov özü razılaşmayıb: “Mümkündürsə, o məsələ ümumiyyətlə, müzakirə olunmasın”.
İbrahim Süleymanov oktyabrın 12-də insult keçirdiyini, ayın sonunda nisbətən sağaldıqdan sonra ara-sıra evdə müəyyən işlər gördüyünü bildirib. O deyib ki, dekabrda Nərminin saxlandığı otaqda dəzgahı qoşub, hamam stulunu düzəldib:
“6 yanvarda başqa yerdə yandırılmış meyiti bir də ora tullayıb yandırıblar. Oğlumun o işlə heç bir əlaqəsi olmayıb. Var qüvvələri ilə çalışıblar ki, İlkini günahkar çıxarsınlar. İlkin gecələr mənim yanımda çarpayıda yatırdı. O evdə qızı necə saxladı bu adam? Onu şər-böhtana salıblar. Kiminsə cinayətini yükləmək üçün İlkindən istifadə olundu. Onu 6 yanvarda tutub, polis şöbəsində işgəncə veriblər. Onu yanvarın 10-da evə gətirəndə hamımızı zorla uzaqlaşdırdılar. Bizim çıxarılmağımızda polis rəisi Şirzad Əsgərov da fəal iştirak edirdi”.
İbrahim Süleymanov o zaman Baş prokurorun birinci müavini olan Rüstəm Usubovla görüşündən də danışıb. Həmin görüşdə bu işin istintaqını aparan müstəntiq Nadir Mirzəyev də iştirak edib:
“Dedim ona ki, necə ola bilər, 47 gün orada uşaq qalsın, onun bir saçının teli və ya başqa bir izi qalmasın orada? Cavab verdi ki, görünür, elə təmizləyib ki, qalmayıb. Ehtimalla adam tutarlar?”
O əlavə edib ki, yanvarın 9-dan 10-na keçən gecə polislər saxta sübutlar yerləşdirmək üçün gizli şəkildə evlərinə giriblər.
Məhkəmə prosesi aprelin 27-də davam edəcək.
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.
İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.