“İcra hakimiyyətinin binası üçün ayrılan pulun 990 min manatını icra başçısına verdik”

Vilyam Hacıyev. Foto: Meydan TV

Şirkət rəhbəri narazı sakinləri sakitləşdirmək üçün icra başçısına pul verdiyini deyir

İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevə qarşı ittihamlardan biri də icra hakimiyyətinin binasının tikintisi üçün ayrılmış vəsaitin bir hissəsinin mənimsənilməsilə bağlıdır. Tikintini həyata keçirmiş “NTC Kompani”nin təsisçisi və icraçı direktoru Elnur İsayev aprelin 15-də məhkəmədə dindirilib.

Vilyam Hacıyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə baxılır.

Elnur İsayev bildirib ki, icra hakimiyyətinin binasının tikintisi üçün müqavilədə 6 milyon 200 min manat vəsait nəzərdə tutulub. Lakin son nəticədə 4 milyona yaxın pul köçürülüb. Şirkət rəhbərinin sözlərinə görə, bu vəsaitin də 990 mini Vilyam Hacıyevə çatıb.

“Şirkətin əməkdaşı Səyalı Səfərova dedi ki, işi bizdən almaq istəyirlər, əgər danışıb həll eləməsək, tikintini davam etdirməyə mane olacaqlar. Təxminən 990 min manat pulu Səyalı xanıma verdim ki, Vilyam Hacıyevə çatdırsın…”, – şirkət rəhbəri məhkəmədə ifadəsində bildirib.

Sabiq icra başçısı Elnur İsayevin yalan danışdığını, onu ümumiyyətlə, tanımadığını bildirib.

Başqa bir şahid – şirkət rəhbəri olan Nakim Xəlilov isə deyir ki, İmişlinin kəndlərindən birində iş aparanda yerli camaatla problem yaranıb. Yardım üçün icra başçısına üz tutub:

“İşləməyə problem yaradırdılar. Buna görə Vilyam Hacıyevin qəbuluna düşdüm. Dedi ki, kömək edərik, amma rayonda tədbirlər olur, 10 min manat kömək edərsən. Axırda 8 min 500 manata razılaşdıq”.

O, icra hakimiyyətinə ümumilikdə 11 min manat verdiyini bildirib. Onun sözlərinə görə, həmin pulun 2 min 500 manatı rayonda keçirilən tədbirlər üçün, 8 min 500 manat isə şirkətin apardığı işlərə mane olan sakinləri sakitləşdirmək üçün verilib.

Bu cinayət işindəki epizodlardan biri də DOST İş Mərkəzində adı işçi kimi rəsmiləşdirilmiş şəxslərin əməkhaqqı kartları vasitəsilə hər ay 100 min manatdan çox vəsaitin mənimsənilməsilə bağlıdır. Onlardan biri də Rüfət Qəmbərovdur. Onun da adı DOST Mərkəzində işlə təmin olunmuş şəxs kimi rəsmiləşib, adına açılmış əməkhaqqı kartına maaş köçürülüb.

Rüfət Qəmbərov məhkəmədə bildirib ki, ümumiyyətlə, nə DOST Mərkəzində işləyib, nə pul alıb, nə də maaş kartı olub. Amma o, işsiz olduğuna görə məşğulluq üçün müraciət etdiyini bildirib.

Sabiq icra başçısının məhkəməsi davam edir.

Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.

O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.

Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valtitada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.

Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu, sifarişlə həbs edildiyini bildirir.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.

Ana səhifəSiyasət“İcra hakimiyyətinin binası üçün ayrılan pulun 990 min manatını icra başçısına verdik”