DTX-dan əməliyyat: “MİDA-dan ev alan şəbəkənin üzvləri aşkarlanıb”

Həbs. Mənbə: Maxx-Studio/shutterstock

Saxlanılan şəxslərin IT mütəxəssisləri olduğu bildirilir

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inşa etdirdiyi binalardakı güzəştli şərtlərlə mənzillərin satışında qanunsuzluqlar – cəmi 5 saniyəyə 442 evin satılmasıyla bağlı cinayət işi başlanıb.

Kompüter sistemlərinə və məlumatlarına qanunsuz müdaxilə edən şəxslər məsuliyyətə cəlb edilib.

Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və MİDA birgə yayıb.

Bildirilir ki, bu il martın 30-da MİDA-nın növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin güzəştlə satışı prosesi yerinə yetirilərkən kənardan müxtəlif şəxslərin müdaxiləsi aşkarlanıb.

Onlar xüsusi kompüter proqram təminatlarından istifadə etməklə işə müdaxilə ediblər.

DTX-nin apardığı ilkin araşdırmalarla Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılıb:

“Müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşları Elçin Elman oğlu Məmmədov, Ruslan Afiz oğlu Hacıyev, Firudin İlqar oğlu Hüseynov, Yunis İltimas oğlu Lətifzadə, Tərlan Tahir oğlu Abdullayev və Cavid Fəhrad oğlu Məmmədov digərləri ilə əlbir olub ayrı-ayrı qruplar halında MİDA-nın “Güzəştli mənzil” informasiya sisteminə daxil olub”.

“Onlar maddi maraq zəminində onlara müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıblar. Bunu tətbiq etməklə martın 30-da “Güzəştli mənzil” informasiya sisteminə daxil olub və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə ediblər”, – məlumatda bildirilir.

Qeyd edilir ki, bu hərəkətləri ilə onlar hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurublar.

DTX bildirir ki, həmin şəxslər Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb ediliblər.

Dövlət Təhlükəsizliyi Xidməti
Foto: DTX

Sonda qeyd edilir ki, cinayət işi üzrə araşdırmalar davam edir.

Hazırda DTX və MİDA bu məsələlərlə bağlı zəruri hüquqi prosedur tədbirlərin həyata keçirildiyini açıqlayıb: “Dövlət tərəfindən güzəştli mənzil satışı prosesinə kibercinayətlər yolu ilə və ya digər qanunsuz müdaxilə halları və belə əməllər nəticəsində vətəndaşların seçimindən yayındırılmış mənzillərə dair obyektiv hüquqi qiymət verilməsi təmin ediləcək. Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Artıq bir neçə ildir ki, Azərbaycanda Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ev növbəsində olan minlərlə aztəminatlı ailə üçün güzəştli mənzillərin satışını həyata keçirir.

Bu il martın 30-da daha 500-ə yaxın güzəştli mənzil satışa çıxarılıb. Bu mənzilləri almaq istəyənlərin sayı isə 9 minə yaxın olub.

Satışdan sonra sosial şəbəkələrdə narazılıqlar, şikayətlər yayılıb. Onların əksəriyyətində bildirilirdi ki, mənzillərin hamısı 4-5 saniyə içində satılıb və bu işdə bir yanlışlıq var.

Meydan TV-yə bu barədə danışan 32 yaşlı Samirə İsayeva (ad şərtidir) bildirmişdi ki, evalma prosesini 10 saniyədən belə tez tamamlasalar da, sonda bircə mənzilin də qalmadığını görüblər.

“Mən hər gün kompüter arxasındayam, sürətli yazıram. Alacağımıza əmin idim. Heç 10 saniyə də çəkmədi, 8-9 saniyə böyük zaman deyil, yəni biz gecikmədik. Düşünürəm ki, prosesdə nəsə qanunsuzluq olub”, – Samirə İsayeva bildirib.

Samirə İsayeva deyir ki, həyat yoldaşı bu sistemdən ev almaq istəyəndə dost-tanış və güzəştli şərtlərlə mənzil almış insanlardan “bunu özünüz etsəniz, mümkün olmayacaq” sözlərini çox eşidiblər.

Onlara bu sahəni bilən IT mütəxəssisə müraciət etmələri tövsiyə edilib. Hətta bir neçə belə mütəxəssis adı, nömrəsi də verilib: “Maraq üçün əlaqə saxladıq. Həmin mütəxəssislər 3 otaqlı evin alışı üçün 10 min, 2 otaqlı ev üçün 6-7 min, 1 otaqlı ev üçünsə 3-5 min arası ödəniş istədilər. Biz bunun absurd olduğunu düşündük. Adı üstündə, bizim bu qədər imkanımız olsaydı, özümüzə indiyədək ev alardıq. Həm evin məbləği, həm də bu vəsaiti veririksə, bunun harası güzəştli mənzil olur? Nə isə, biz imtina etdik və düşündük ki, onsuz da 10 saniyəyə işi tamamlaya bilirik. Sürətli yazmaq üçün IT mütəxəssisi olmaq lazım deyil”.

Meydan TV bu məsələni araşdırarkən bu sahədə IT xidməti göstərən qrupdan iş təklifi alan bir nəfərlə də danışıb.

Gündəlik işi kompüter sahəsində olan Rüfət Məmmədov (ad şərtidir) 2 ay öncə bir tanıdığının vasitəçiliyi ilə iş təklifi alıb. Ona maaşın yüksək olacağı, işin isə cəmi bir neçə saatlıq olduğu bildirilib: “Əvvəlcə mənə deyildi ki, özünlə bərabər, sürətli yazı yazan insanlar da tanıyırsansa, onlara da de. Bir neçə saatlıq işdir və 1500 manat maaş veriləcək. Daha sonra dedilər ki, 2-3 dəfə klaviaturada “PrtSC” düyməsini vurursan, 500 manat sənindir”.

Rüfət deyir ki, əvvəlcə elə bilib adi işdir, razılaşıb. Sonra işin nədən ibarət olduğunu biləndə rədd edib: “Mən də elə bilirəm vakansiya var, sən demə, şəbəkə qurublar. İnsanlar da bilmir, pula görə qoşulur bunlara. Sən demə, işləri MİDA-nın satışa çıxardığı evləri almaq üçün onlara müraciət edən vətəndaşlara ev alıb, onlardan minlərlə manat pul qoparmaq imiş. Sistemə canlı bot qoşurlar, çünki birbaşa bot uğursuz ola bilər”.

2021-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına Azərbaycanda 356.1 milyon məbləğində 5 min 293 kredit verilib.

Bu barədə hökumətin ötənilki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.

Sənəddə qeyd edilir ki, dövlətin verdiyi ipoteka kreditlərinin 253.8 milyon manatı (3 min 425) adi, 102.3 milyon manatı (1 min 868) isə güzəştli olub.

2020-ci ildə müqayisədə Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi təxminən 38 faiz artıb. Həmin il Fondun vəsaiti hesabına 257.5 milyon manatlıq 3 min 783 kredit verilib.

Ötən il güzəştli ipoteka kreditlərinin 44.7 milyon manatı və yaxud 1 min 66-sı Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) satdığı mənzillərin (sosial evlər) alınmasına verilib.

İpoteka və Kredit Zəmanət Fondunun açıqlamasına görə isə, indiyə kimi 37 min 984 ipoteka krediti verilib. Verilən ipoteka kreditinin məbləği isə 2 milyard 89 milyon 803 min 614 manat təşkil edib.

İpoteka kreditləri adi qaydada 8, güzəştlə isə 4 faizlə verilir.

Ana səhifəSosialDTX-dan əməliyyat: “MİDA-dan ev alan şəbəkənin üzvləri aşkarlanıb”