“General Mövlam Şıxəliyevin həbsdən çıxması üçün 30 milyon pul toplanır”

Foto: TaniaKitura/shutterstock

Zərərçəkmişlər işə baxan hakimin tərəfkeşlik etdiyini deyirlər

Uzun müddət Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi olmuş, 2021-ci ilin aprelindən həbsdə olan general Mövlam Şıxəliyev və daha üç nəfərin işi üzrə son məhkəmə iclaslarında dəfələrlə deputat Ziyad Səmədzadənin adı hallanıb. Aprelin 12-də keçirilən son məhkəmə iclasında isə deputatın məhkəməyə çağırılıb dindirilməsi tələb olunub. Zərərçəkmiş tərəf bu barədə vəsatət qaldırıb.

Hakim jurnalistləri niyə MTN işinə buraxmır?

General və onun tabeliyində işləmiş üç nəfərin – istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun haqqındakı cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır. Məhkəmə prosesinə sədrlik edən hakim Elbəy Allahverdiyev hər dəfə bir bəhanə ilə jurnalistlərin məhkəmə iclasında iştirakına qadağa qoyur. Əvvəllər pandemiyanı, qapalı məkanlarda say məhdudiyyətini əsas gətirirdi. Xeyli vaxtdır ki, Nazirlər Kabineti bu məhdudiyyəti aradan qaldırıb. Görünür, ya hakimin Nazirlər Kabinetinin qərarından məlumatı yoxdur, ya da məhkəmədə üzə çıxan faktların ictimaiyyətə çatdırılmasının qarşısını almağa çalışır. Lakin media, o cümlədən Meydan TV məhkəmə zalında baş verənlər haqda məlumat əldə edir.

Deputat Ziyad Səmədzadənin və generalın oğlunun məhkəməyə çağırılması tələb olunur

Bir neçə iclasdır ki, məhkəmədə Prezidentin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin keçmiş direktoru, vaxtilə zavod, fabrik və başqa obyektləri olan sahibkar, hazırda isə vaqonda yaşayan İbrahim Zeynalovdan MTN-də 10 milyon dollar tələb olunması, 8 milyon alınandan sonra azad edilməsi məsələsi araşdırılır. Aprelin 12-də bu işlə bağlı şahidlər dindirilib.

Şahid Teyyub Məmmədov deyir ki, 2009-cu ilin iyun-iyul aylarında İlkin Zeynalov atasının MTN-dən buraxılması üçün ondan borc pul istəyib. O da mal-qarasını sataraq, 14 min toplayıb və İlkin Zeynalova özünün yaşadığı Neftçalanın Mirzəqurbanlı kəndində verib.

Abdulxalıq Manafov da ifadəsində bildirib ki, 2009-cu ilin iyun-iyul aylarında İlkin Zeynalovun xahişi ilə atasının həbsdən buraxılması üçün Neftçalada ona 10 min manat pul verib. Başqa bir şahid Namiq Nəcəfov da İlkin Zeynalovla dost olduğunu, atasına görə ona 10 min manat verdiyini deyib.

Şahid ifadələrindən sonra zərərçəkmişlərdən Zaur Əliyev vəsatət qaldırıb ki, deputat Ziyad Səmədzadə və Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyev məhkəməyə çağırılıb dindirilsin. O, vəsatətini əsaslandırarkən deyib ki, Mövlam Şıxəliyev və ətrafındakıların vətəndaşların başına açdıqları oyunlarla bağlı çoxsaylı faktlar var. Zərərçəkmiş bildirib ki, general və ətrafındakılar böyük sərvətləri vətəndaşların müflisləşməsi, ev-eşiyini itirməsi, qanunsuz həbs olunması, stresdən ailə üzvlərinin ölməsi hesabına əldə ediblər: “Bu adamlar ruşvət almayıblar. Sırf dövlətin gücündən istifadə edib, Azərbaycan vətəndaşlarını girov götürməklə quldurluq edib, mal-mülklərini əllərindən alıblar. Özlərinin qanunsuz əməllərinə don geyindirmək üçün adamlar haqqında saxta cinayət işləri açılıb. Həmin saxta cinayət işlərilə də biz zərərçəkmişlərdən bəzilərimizin haqqında qondarma hökmlər çıxarılıb, məhkum olunmuşuq. Ondan sonra da əl çəkməyiblər. Məsələn, İbrahim Zeynalovdan 8 milyonu alandan sonra bununla kifayətlənməyiblər, 4 hektar torpağını da Mövlam Şıxəliyevlə Yasin Məmmədov əlindən alıb. Yasin Məmmədov torpağı 3 qadının adına keçirib. Mövlam Şıxəliyev isə torpağı oğlu Elgünün adına keçirib.

Movlam Şıxəliyev
Source: APA

İbrahim Zeynalovun həbsinin sifarişçisi kimi Ziyad Səmədzadənin adı keçir. Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyev də cinayət yolu ilə əldə olunan əmlakın izinin itirilməsində iştirak edib. Bu iki şəxs mütləq çağırılıb məhkəmədə dindirilməlidir”.

Hakim Elbəy Allahverdiyev deputat və general oğlunun məhkəməyə çağırılması barədə vəsatəti təmin etməyib. Vəsatətin baxılmamış saxlanmasına qərar verilib.

Zərərçəkmiş hakimə: “Şıxəliyevin əlinin altında işləmisiz, ona görə…”

Bu da zərərçəkənlərin etirazına səbəb olub. Onlardan Hüseyn Səfərov hakimi işi birtərəfli aparmaqda ittiham edib. O bildirib ki, zərərçəkmişlərin vəsatətləri təmin olunur:

“Bütün vəsatətlərimizi qulaqardına vurursuz. Keçən məhkəmə iclasında bunların (təqsirləndirilən MTN-çiləri nəzərdə tutur) barəsində həbs qərarı verilməsini tələb etdik. Amma siz yenə də hakimlik yox, bunlara himayədarlıq etdiniz. Nəticədə onlar prosesdən sonra məhkəmədə söyüş söydülər. Vüsal Ələkbərov istəyirdi ki, mən onun təhqirinə reaksiya verim, ağzının üstünə vurum. Bizi məcbur edirsiz ki, məhkəmə zalında əlbəyaxa olaq? Başa düşürük ki, siz uzun müddət Mövlam Şıxəliyevin əlinin altında işləmisiz. Əslində, bu gün onun işində sizin hakimlik etməyiniz ağlasığmazdır. Siz özünüz özünüzə hörmət edib, bu işə baxmamalısınız, özünüzə etiraz verməlisiniz. Burada özünüzü məhkəmə hakimi kimi aparmırsız, Mövlam Şıxəliyevə, onun dəstəsinə vəkillik edirsiniz. Ziyad Səmədzadənin, Mövlam Şıxəliyevin oğlunun məhkəmədə dindirilməsi haqda vəsatəti hansı əsasla təmin etmədiniz? Ziyad Səmədzadə bu gün depuatatdır deyə, ondan çəkinirsiz?”

MTN generalının təkcə “Sahil”in üstündəki binada 8 mənzili var?

Zərərçəkmiş İbrahim Zeynalovun hazırda acınacaqlı vəziyyətdə olduğunu deyən Hüseyn Səfərov vurğulayıb ki, məhz Səmədzadənin dostu Eldar Mahmudovun sifarişi nəticəsində həmin adam həbs olunub, bütün var-dövləti əlindən alınıb: “Mövlam Şıxəliyevlə Yasin Məmmədov da həmin sifarişi icra ediblər. 8 milyon dollarını alıblar, ürəkləri soyumayıb. Bizim heç birimizin durumu İbrahim Zeynalovdan fərqli deyil. Bu gün mən kirayədə yaşayıram. Nəvələrim mənim kirayədə yaşadığım evə gəlir. Mövlam Şıxəliyev həbsdədir. Amma onun təkcə metronun “Sahil” stansiyasının üstündəki binada 8 bir-birindən böyük, təmirli mənzili var. Haradan alıb o mənzilləri? Bizlərin hesabına alınmış evlərdir. Siz isə elə mövqe tutursuz ki, sanki bu cinayətləri bizə qarşı etməyiblər. Belədirsə, cənab prezident niyə Milli Təhülkəsizlik Nazirliyini ləğv etdi? Niyə Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırıldı? Niyə Mövlam Şıxəliyev, Yasin Məmmədov, Sahib Ələkbərov, Vüsal Ələkbərov istintaqa cəlb olunub məhkəmə qarşısına çıxarılıb? Sizə xəbərdarlıq edirəm, burada çox pis hadisələr olacaq və bütün baş verənlərin məsuliyyəti sizin üzərinizdədir. Bilin ki, bizim itirəcəyimiz bir şey qalmayıb…”

Zərərçəkən Elvar Əliyev isə Mövlam Şıxəliyevin yaxın ətrafında onun üçün azadlığına nail olmaq məqsədilə 30 milyon pul toplandığını iddia edib:

“Mən “Sədərək” bazarında işləyirəm. Orada Mövlam Şıxəliyevin şərikləri var. Onlar ətraflarında olan sahibkarlardan pul yığırlar. Deyirlər ki, Mövlam Şıxəliyevin azad edilməsi üçün 30 milyon manat pul verilməldir. Sizə sual edirəm: həmin pul bizim ziyanımızın ödənilməsi üçündür, yoxsa rüşvət verib Mövlam Şıxəliyevin azad edilməsi üçün? Xahiş edirəm, sualıma cavab verin”.

Hakim Elbəy Allahverdiyev suala cavab verməyib.

“Niyə qanunları pozursuz, niyə bizi intihara sürükləyirsiz?”

Zərərçəkmişlərdən Əfsəl Həsənəliyev deputat və general oğlunun məhkəməyə çağırılmamasına sərt reaksiya verib:

“Bu cinayətkarları indiyə qədər gizlədən, havadarlıq edən Zakir Qaralov, Rüstəm Usubov olub. İndi də siz onları himayə edirsiniz. Niyə vəsatəti təmin etmirsiz? Niyə qaydaları pozursunuz? Siz mütəşəkkil dəstəni himayə etməyə girişmisiz. Bu adamlar xalqı dövlətdən, prezidentdən narazı salan adamlardır. Siz məni intihara sürükləyirsiniz. Vəsatətlərimizi təmin edin. Vaxtilə Gəncə Ağır Cinayətlər Məhkəməsində də hakim Kəramət Əliyev sizin kimi bizə qarşı cinayətlərə şəriklik elədi. Prezident Eldar Mahmudovu qovandan sonra Kəramət Əliyev qapıma gəlib, uşaq kimi hönkürüb ağladı. Məndə onun səs yazıları, videosu da var. Siz də Kəramət Əliyevin vəziyyətinə düşə bilərsiz. Bu mütəşəkkil dəstənin üzvünə çevrilməyin. Bizi də intihara sürükləməyin…”

Hakim Elbəy Allahverdiyev Əfsəl Həsənəliyevin çıxışı başa çatmamış məhkəmə prosesinin aprelin 12-nə qədər təxirə salındığını açıqlayıb.

Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.

Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib. İstintaq dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

Zərərçəkmişlər arasında “Texnikabank”ın sahibi Etibar Əliyev, onun oğlu Kəramət Əliyev və digərləri var.

Ana səhifəSiyasət“General Mövlam Şıxəliyevin həbsdən çıxması üçün 30 milyon pul toplanır”