Britaniya kəşfiyyatı: “Rusiya ordusu ağ fosfordan istifadə edə bilər”
Rusiya ordusu Mariupol şəhərində hərbçilərə və mülki şəxslərə qarşı naməlum zəhərli maddədən istifadə edib.
Bu barədə Ukraynanın “Azov” taborunun “Telegram” kanalında məlumat yayılıb.
İddia edilir ki, zəhərli maddə şəhərə dronlardan atılıb.
“Bu, insanlarda tənəffüs çatışmazlığı və damar sistemində nasazlıq yaradır”, – deyə məlumatda qeyd olunur.
Ukraynanın Müdafiə Nazirliyi Britaniya kəşfiyyatına istinadən bildirib ki, Rusiya Mariupolda ağ fosfordan istifadə edə bilər.
Britaniya kəşfiyyatının qiymətləndirməsində deyilir ki, silah kimi istifadə edilən və yanıqlara səbəb olan ağ fosfor Donetsk bölgəsində artıq istifadə olunub.
Kəşfiyyat xəbərdarlıq edib ki, Rusiya Ukraynanın Mariupol limanının bombardmanı zamanı da ağ fosfor (WP) sursatlarından istifadə edə bilər.
Ukraynanın Müdafiə Nazirliyi (MN) bu gün kəşfiyyat qiymətləndirməsini rəsmi saytında dərc edib.
Ağ fosfor gecə işıqlandırmaq və ya tüstü pərdəsi yaratmaq üçün istifadə olunur, lakin silah kimi istifadə edildikdə dəhşətli yanıqlara səbəb olur.
Kimyəvi silahların istehsalı və istifadəsi Kimyəvi Silahlar Konvensiyası ilə qadağan olunsa da, Rusiyanın bu tələblərə əməl etmədiyi bildirilir.
Qondarma Donetsk Xalq Respublikasının (DXR) yerli polis nümayəndəsi Eduard Basurin isə bildirib ki, DXR qoşunları Mariupoldakı “Azovstal” zavodunu ələ keçirmək üçün “kimyəvi qoşunların köməyinə” müraciət edə bilər.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Ukraynanın Buça şəhərində Rusiya ordusu tərəfindən dinc sakinlərə qarşı kütləvi qətliamın və müharibə cinayətlərinin törədildiyi də bildirilir.