“Rusiya Müdafiə Nazirliyinin açıqlaması “Müttəfiqlik haqqında” Bəyannaməyə ziddir” (yenilənib)

Rusiya Müdafiə Nazirliyi, Foto: https://militaryarms.ru/

Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin bugünkü bəyanatından təəssüfləndiyini bildirib.

Bu barədə Müdafiə Nazirliyinin martın 26-da yaydığı açıqlamada qeyd olunur.

Nazirlik martın 25-də müdafiə naziri Zakir Həsənovun rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığını xatırladaraq bildirib ki, onlar sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca yaranmış vəziyyət müzakirə ediblər:

“Söhbət zamanı Azərbaycan tərəfi bəyan edib ki, məntəqələrdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır. Lakin buna baxmayaraq martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib”.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir və onun heç bir müddəasını pozmayıb: “Təəssüflə qeyd edirik ki, həmin bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməyib. Buna görə bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır. Rusiya Müdafiə Nazirliyinin açıqlaması ikitərəfli əlaqələrin mahiyyətinə və 2022-ci il 22 fevral tarixində iki ölkə arasında imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməyə ziddir”.

“Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur”, – deyə açıqlamada vurğulanır.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyindən xahiş edir ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılsın.

“Müdafiə Nazirliyi Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, “Dağlıq Qarabağ” ifadəsi işlətməməyi və Azərbaycan ərazilərinin adını düzgün olaraq göstərməyi xahiş edir”, – deyə bayanatada qeyd edilib.


“Ordu dərhal əvvəlki mövqelərə çəkilməlidir”

Rusiya Müdafiə Nazirliyi Azərbaycan tərəfinə qoşunları geri çəkmək çağırışı edib.

Bu barədə nazirlik martın 26-da bəyanat yayıb.

Açıqlamada bildirilir ki, 24-25 mart tarixlərində Azərbaycan ordusu 2020-ci ilin noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatın şərtlərini pozub:

“Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağ ərazisində Rusiyanın sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olaraq müşahidə postu qoyublar”.

“”Bayraktar-TB2″ pilotsuz uçan apartla Dağlıq Qarabağın silahlı birləşmələrinin Fərrux kəndi ərazisindəki birləşmələrinə 4 zərbə endirilib”, – deyə Rusiya Müdafiə Nazirliyinin bəyanatında qeyd olunur.

Bəyanatda vurğulanır ki, Rusiya sülhməramlı kontingentinin komandanlığı hazırda situasiyanın nizamlanması və qoşunların əvvəlki mövqelərə qayıtması üçün tədbirlər görür:

“Azərbaycan tərəfinə qoşunları geri çəkmək çağırışı edilib”.

Ötən gün və bu gün Azərbaycan Müdafiə Nazirliyi Qarabağda qanunsuz erməni silahlı qüvvələrinin təxribat törətməyə cəhd göstərdiyi haqda açıqlama yayıb.

Nazirlik qeyd edib ki, bu gün səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib:

“Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib. Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.

Azərbaycan tərəfi Rusiya Müdafiə Nazirliyinin açıqlamasına hələ ki münasibət bildirməyib.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Ermənistan isə hazırda eyni ittihamla Azərbaycanı suçlayır.

Ana səhifəSiyasət“Rusiya Müdafiə Nazirliyinin açıqlaması “Müttəfiqlik haqqında” Bəyannaməyə ziddir” (yenilənib)