Aksiyaçılar Ukraynaya dəstəklərini nümayiş etdiriblər
Fevralın 27-də Ukraynanın Bakıdakı səfirliyi önündə bu ölkəyə dəstək aksiyası keçirilib. İştirakçılar “Ukrayna” “Putin rədd ol”, “Ukrayna, Azərbaycan səninlədir” şüarları səsləndirərək, dəstəklərini bildiriblər.
Polis səfirliyə gedən küçələrdə müxtəlif maneələr yaratsa da, insanlar aksiyaya qatılıblar.
Aksiyaya qatılanlardan müsavatçı, Milli Şuranın Koordinasiya Şurasının üzvü Tofiq Yaqublu Meydan TV-yə deyib ki, onlar işğala məruz qalmış Ukraynaya dəstək üçün səfirliyin qarşısına gəliblər:
“Ukrayna azad olmaq istəyir, Putin isə bunu qəbul edə bilmir. Çünki Ukrayna azad cəmiyyət qurandan sonra həmin azadlıqlar Rusiyanın daxilinə istiqamətlənəcək. Putinin NATO-nun genişlənməsi ilə bağlı dediyi təhlükəsizlik məsələsi yalandır. Heç bir dövlət, yaxud hərbi-siyasi birlik Rusiyaya hücum etmək niyyətində deyil. Hazırda Ukraynada baş verənlər işğaldır və anti-insani müharibəsidir. Putini və Lukaşenkonu Miloşeviçin taleyi gözləyir, artıq XXI əsrdir. İndi 2008 və 2014-cü illər deyil, dünya çox dəyişib. Dünyanın planları çox dəyişib, ABŞ və koalisiyası quldurlara qarşı müharibə elan edib. Ümid edirik ki, yaxın günlərdə Rusiyanın işğalçı qoşunları Rusiyanı tərk edəcək”.
Polisin maneəsinə tuş gələn insanlar deyiblər ki, Azərbaycan hökumətinin məqsədi onların Rusiya imperiyasına etiraz etmələrinin qarşısını almaqdır:
“Bu gün bizim ora buraxılmamağımıza başqa ad vermək mümkün deyil. Təsəvvür edin ki, Ukraynada döyüşənlər həm də bizim üçün döyüşür. Putin rejiminin əzilməyi xalqımızın xeyrinədir”.
Polislər maneələrin nə üçün yaradılması barədə suala “göstəriş belədir” cavabını veriblər.
Daxili İşlər Nazirliyi bugünkü aksiya barədə hələ məlumat yaymayıb.