Rusiya ölkədə “Facebook”un istifadəsini qismən məhdudlaşdırır

Facebook. Mənbə: Chinnapong/shutterstock

“Facebook” da dörd KİV-nin rəsmi hesablarını məhdudlaşdırıb

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (Roskomnadzor) ölkədə “Facebook” sosial şəbəkəsinə girişi qismən məhdudlaşdırıb.

Agentlik bunu “Facebook” sosial şəbəkəsinin (Meta Platforms, Inc.) fevralın 24-də Rusiyanın dörd informasiya resursunun – “Zvezda” telekanalı, “RİA Novosti” agentliyi, “Lenta.ru” və “Qazeta.ru” internet saytlarının rəsmi hesablarının məhdudlaşdırması ilə əlaqələndirib.

Bildirilib ki, bu hərəkət “Rusiya vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasında iştirak edən şəxslərə təsir tədbirləri haqqında” 272-FZ saylı Federal Qanunla qadağandır.

Fevralın 24-də Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti Meta Platforms, Inc administrasiyasına sorğu göndərib.

Qurum “Facebook” sosial şəbəkəsinin Rusiya mediasına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırılmasını istəyib. Həmçinin məhdudiyyətin səbəbinin açıqlanmasını tələb edib.

Sosial şəbəkə rəhbərliyi agentliyin tələblərinə məhəl qoymayıb.

Fevralın 25-də Baş Prokurorluq Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq “Facebook” sosial şəbəkəsinin əsas insan hüquq və azadlıqlarının, habelə, Rusiya vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasında iştirakının tanınması barədə qərar qəbul edib.

Bu gündən “Roskomnadzor” qərara əsasən, “Facebook” sosial şəbəkəsinin Rusiyada istifadəsini qismən məhdudlaşdırır.

Məlumatda həmçinin bildirilir ki, agentlik 2020-ci ilin oktyabr ayından etibarən “Facebook” tərəfindən Rusiya mediasına və internet resurslarına qarşı belə senzura ilə bağlı 23 hal qeydə alıb.

Ana səhifəDünyaRusiya ölkədə “Facebook”un istifadəsini qismən məhdudlaşdırır