“Avropaya müharibəni qaytaran Vladimir Putindir”
“Fevralın 24-də səhər tezdən rus qoşunları azad və suveren ölkə olan Ukraynanı işğal edib. Yenə də Avropanın mərkəzində günahsız qadınlar, kişilər və uşaqlar ölür və ya həyatlarını itirmək qorxusu ilə üz-üzədirlər. Bu vəhşi hücumu və buna haqq qazandıran bütün arqumentləri pisləyirik”.
Avropa Komissiyasının fevralın 24-də yaydığı bəyanatında belə bildirilir.
Sənəddə qeyd edilir ki, Avropaya müharibəni qaytaran Rusiya Prezidenti Vladimir Putindir və bu qaranlıq zamanda Avropa İttifaqı Ukrayna və ukraynalıların yanındadır: “Biz Rusiya rəhbərliyinin suveren, müstəqil ölkəyə qarşı görünməmiş təcavüz aktı ilə üz-üzəyik. Rusiyanın hədəfi təkcə Donbas, Ukrayna deyil, hədəf Avropada sabitlik və bütün beynəlxalq sülh nizamının pozulmasıdır. Buna görə prezident Putini məsuliyyətə cəlb edəcəyik”.
Avropa Komissiyası bildirir ki, bu gün təsdiq üçün Avropa liderlərinə kütləvi və məqsədyönlü sanksiyalar paketi təqdim ediləcək.
Bu paketlə Rusiya iqtisadiyyatının strateji sektorlarını hədəfə alınacaq, Rusiya üçün vacib olan texnologiyalara və bazarlara çıxış əngəllənəcək: “Biz Rusiyanın iqtisadi bazasını zəiflədəcəyik. Rusiyanın Avropa İttifaqındakı aktivlərini donduracağıq və Rusiya banklarının Avropa maliyyə bazarlarına çıxışını dayandıracağıq. İlk sanksiyalar paketində olduğu kimi, biz tərəfdaşlarımız və müttəfiqlərimizlə – ABŞ, Böyük Britaniya, Kanada, həmçinin, Yaponiya və Avstraliya ilə sıx əlaqədəyik. Bu sanksiyalar Kremlin maraqlarına və müharibəni maliyyələşdirmək imkanlarına ağır zərbə vurmaq üçün nəzərdə tutulub”.
Hesabatda qeyd edilir ki, əslində milyonlarla rus müharibə istəmir.
Buna baxmayaraq, Vladimir Putin saatı Rusiya imperiyasının dövrünə çevirməyə çalışır: “Bununla o, rus xalqının gələcəyini riskə atır. Rusiyanı zorakılığı dərhal dayandırmağa və qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırırıq. Biz prezident Putinin onilliklər ərzində Avropaya sülh və sabitlik bəxş edən təhlükəsizlik sistemini yıxmasına imkan verməyəcəyik. Putinə qanunun aliliyini güc və amansızlıqla əvəz etməsinə icazə verməyəcəyik”.
Bəyanatın sonunda bildirilir ki, inam və azadlıq üzərində qurulan cəmiyyətlər və ittifaqlar möhkəm, uğurlu olur. Bunu tarix sübut edib: “Avtokratların qorxduğu da budur. Avropa İttifaqı Ukraynanın və onun xalqının yanındadır. Biz onları dəstəkləməyə davam edəcəyik. Ukrayna qalib gələcək”.
Daha öncə Almaniya kansleri Olaf Şolz “Nord Stream 2” boru xəttinin (red: boru xəttilə Rusiyadan Baltik Dənizinin altı ilə Almaniyaya təbii qaz gedir) dayandırılması ilə bağlı açılama verdi.
O bildirdi ki, buna səbəb Rusiya-Ukrayna münaqişəsinin gərginləşməsidir.
Kansler açıq şəkildə bildirdi ki, rus qoşunlarının Ukraynaya daxil olması beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır:
“Bu mərhələdə sanksiyalarla prosesin daha da gərginləşməsinin və növbəti fəlakətlərin qarşısını almaq vacibdir. Bütün diplomatik səylərimiz buna yönəlib”.
Ardınca Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın 5 bankına və üç zəngin şəxsinə sanksiyalar tətbiq etməsi ilə bağlı açıqlama verdi.
Qeyd etdi ki, Moskva böhranı gərginləşdirərsə, Londonun ona qarşı maliyyə silahları var.
Sanksiya tətbiq edilən zənginlər Gennadi Timçenko, Boris Rotenberq və İqor Rotenberqdir. Onların hər birinin aktivləri dondurulacaq, Britaniyaya səyahətdən məhrum ediləcəklər.
Sanksiyaların tətbiq ediləcək 5 Rusiya bankı isə – Rusiya, IS Bank, General Bank, Promsvyazbank və Qara Dəniz Bankıdır.
Boris Conson Rusiyanı “bir slavyan ölkəsi” ilə döyüşməkdə ittiham edib.
ABŞ da Rusiyaya sanksiya tətbiq edən ölkələr sırasındadır.
Prezident Co Bayden Rusiya elitasına, onların ailələrinə, banklara və dövlət borcuna sanksiya tətbiq edəcəyini bildirib.
Bayden deyib ki, sanksiyalar Rusiya Prezidenti Vladimir Putinin fevralın 21-də qondarma Donetsk və Luqansk respublikalarının müstəqilliyini tanıması ilə bağlı tətbiq olunacaq:
“Məhdudiyyətlər Rusiyanın suveren borcuna, elitasına və onların ailələrinə, İnkişaf və Xarici İqtisadi Fəaliyyət Bankına və “Rusiya hərbçilərinin bankı”na (Bayden nəyi nəzərdə tutduğunu açıqlamayıb – red.) aid olacaq”, – deyə Co Bayden qeyd edib.