Vəkil: “Hesab edirik ki, Tofiq Yaqublunun özünün özünə xəsarət yetirməsi nəticəsinə gəlmək absurddur”
Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu onun işgəncə şikayəti üzrə cinayət işi başlamaqdan imtina edən Səbail Rayon Prokurorluğunun qərarından məhkəməyə şikayət verib.
Tofiq Yaqublu prokurorluğun böyük müstəntiqi Araz Əkbərovun qəbul etdiyi “cinayət işi başlanmasının rədd olunması haqqında” qərarın ləğvi üçün Səbail Rayon Məhkəməsinə üz tutub. Onun şikayətinə hakim Azər Tağıyevin sədrliyilə baxılacaq.
Vəkil Nemət Kərimli Meydan TV-yə bildirib ki, şikayətə fevralın 10-da baxılacaq.
“Hesab edirik ki, Səbail Rayon Prokurorluğunun qərarı qanunsuz və əsassızdır, ləğv olunmalıdır. Çünki ən əsas sübut olan kamera görüntüləri əldə olunub araşdırılmadı. Hesab edirik ki, Tofiq Yaqublunun özünün özünə xəsarət yetirməsi nəticəsinə gəlmək absurddur”.
Vəkil əlavə edib ki, kamera görüntülərinin sıradan çıxarılması bu işin obyektiv araşdırılacağına ümidləri azaldır.
Tofiq Yaqublu da bildirib ki, yerli məhkəmələr bu işə obyektiv baxıb, ədalətli qərar çıxarmasa, ölkədaxili instansiyaları keçəndən sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunacaq.
Prokurorluq Tofiq Yaqublunun sosial mediada yayılan görüntülərində işgəncə əlamətlərinin olmadığı nəticəsinə gəlib. Prokurorluq Cinayət-Prosessual Məcəlləsinin 39.1.1 (cinayət təqibini istisna edən hallar – cinayət hadisəsi olmadıqda) maddəsinə istinad edərək, siyasi fəalın şikayəti üzrə cinayət işi başlanmasının rədd edilməsi haqda qərar qəbul edib.
Tofiq Yaqublu hesab edir ki, bu qərar ona qarşı işgəncənin birbaşa ölkənin birinci şəxsinin razılığı və tapşırığıyla həyata keçirildiyini sübut edir:
“Bu qədər açıq şəkildə törədilmiş cinayətin ört-basdır edilməsinin bircə anlamı var: göstəriş almış adamlar Tofiq Yaqublunu rahatca öldürə də bilərlər, cəzasız qalacaqlarına əmin olsunlar”.
Daxili İşlər Nazirliyi Tofiq Yaqublunun polislər tərəfindən işgəncəyə məruz qalması haqda iddiaları təkzib edib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev hadisədən sonra verdiyi açıqlamada bildirib ki, siyasi fəalın polis bölməsində döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır: “Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq”.
Hadisədən təxminən iki həftə sonra “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının rəhbərliyinin Daxili İşlər naziri Vilayət Eyvazovla görüşündə də bu məsələ müzakirə olunub. Təşkilatın icraçı direktoru Rüfət Səfərov Meydan TV-yə bildirib ki, nazir Tofiq Yaqublunun polislər tərəfindən o duruma salınmasını istisna edib:
“Vilayət Eyvazov bildirdi ki, aksiyada saxlanma və maşına mindirilmə zamanı müəyyən sıyrıqlar, yüngül xəsarətlər ola bilər. Amma Tofiq Yaqublunun üzündəki xəsarətlərin polisə aidiyyəti olmadığını dedi. Nazir bildirdi ki, məsələni prokurorluq araşdırıb qiymət verəcək. Mən belə başa düşdüm ki, Tofiq bəy polisə aidiyyəti olmayan, qanunsuz dəstə tərəfindən Bakıdan 70-80 km kənara aparılıb, döyülüb. Bildirdik ki, nəyə görə bu hadisə ilə bağlı cinayət işi başlanmır. Nazirin fikri bu oldu ki, prokurorluq orqanları məsələni araşdırsın, ondan sonra əgər hansısa polis məsuliyyət daşımalıdırsa, daşıyacaq”.