Paşinyan: “Yerevan və Bakı dəmir yolunun bərpasına başlamağa yaxındır”

Nikol Paşinyan Foto: Meydan TV

“Ermənistan və Azərbaycan Rusiyanın vasitəçiliyi ilə dəmir yolunun inşasına və bərpasına başlamağa çox yaxındır. Bu isə bölgənin kommunikasiyalarının açılması deməkdir”.

Bu fikirləri fevralın 3-də hökumətin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan söyləyib.

“Biz kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupun fəaliyyətinin ilk praktik nəticələrindən bəhs edə bilərik. Dünənki görüş Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun inşasının başlanmasına həsr olundu “, – Paşinyan bildirib.

Onun sözlərinə görə, dəmir yolu hansı ölkənin ərazisindən keçirsə, elə onun da tabeliyində olacaq və bu barədə razılıq var.

“Biz artıq layihəni və texniki xarakter daşıyan məsələləri, həmçinin tikinti və maliyyə ilə bağlı mövzuları müzakirə edirik. Əlbəttə, hadisələri qabaqlamaq lazım deyil, ancaq indiki dinamikanı saxlasaq, əminliklə söyləyə bilərik ki, yaxın gələcəkdə bu imkanı reallaşdıra biləcəyik”, – Paşinyan əlavə edib.

Ermənistanla Azərbaycanı əlaqələndirən Yerasx-Culfa-Ordubad-Mezri-Horadiz dəmir yolunun inşası ilə bağlı qərar İlham Əliyevlə Nikol Paşinyanın 2021-ci ilin 15 dekabrında Brüsseldəki görüşündən sonra verilib. Bu haqda razılaşma Azərbaycan, Ermənistan və Rusiyanın baş nazirlərinin müavinlərindən ibarət işçi qrup tərəfindən əldə olunub.

Sonralar Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan bəyan edib ki, Yerevan hökuməti həmin yolun ölkə ərazisindən keçən 45 kilometrlik hissəsini bərpa etməyi planlaşdırır. Dəmir yolunun istifadəyə başlanmasından sonra Ermənistan Rusiya və İranla, Azərbaycan isə Naxçıvan Muxtar Respublikası ilə əlaqə əldə etmiş olacaq.Azərbaycan ötən ilin fevralında dəmir yolunun Horadiz-Ağbənd hissəsinin bərpasına başlayıb. Bakı bəyan edib ki, 100 kilometrlik magistral ölkənin əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu əlaqəsi yaratmağa imkan verəcək.

Ana səhifəXəbərlərPaşinyan: “Yerevan və Bakı dəmir yolunun bərpasına başlamağa yaxındır”