Vəkil: “İş adamı və ailəsi bir məmurun eqosunun qurbanı olur”

İlqar İsmayılov və Zərifə Həmzəyeva, Foto: Meydan TV

“Onu dar ağacından asın, görsünlər ki, məmura itaət eləməyən belə cəzalandırılır”

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun vəkili İlhamə Həsənova deyir ki, bir məmurun eqosuna iş adamı və onun ailəsi qurban verilir. Vəkil “Azərbaycan Hava Yolları” QSC-nin rəhbəri Cahangir Əsgərovu nəzərdə tutur.

Müdafiəçinin sözlərinə görə, aylardır davam edən məhkəmə prosesi də İlqar İsmayılovun təqsirsiz olduğunu ortaya qoydu. Lakin ortada sifariş olduğuna görə prokuror heç bir sübut olmadığı halda, ona 8 il azadlıqdan məhrumetmə cəzası istədi.

“Bu ittihamın absurdluğunu, əsassızlığını sübut etmək üçün daha nə edək, necə danışaq, bilmirəm. Uzun müddətdir ki, “görmürəm, eşitmirəm, duymuram” reaksiyası ilə qarşılaşırıq. Qanuna və ədalətə qalsa, İlqar İsmayılova dərhal bəraət verilməlidir. Hətta bu bəraət çox gecikib. İlqar İsmayılovu bu gün dəmir barmaqlıqlar arxasına salan fakt hamımıza məlumdur. Bu faktın əhəmiyyətinin onu həyatdan məhrum etməyə qədər yüksək olduğunu dərk etməliyik”, – vəkil yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edərkən bildirib.

İlhamə Həsənovanın sözlərinə görə, şirkətdən digər həmtəsisçi Zərifə Həmzəyeva hər ay azı 500 min manat gəlir götürürdü. Bu da iş materiallarıyla sübut olunur. Lakin bu biri həmtəsisçi İlqar İsmayılov isə şirkətdən 2011-2016-cı illərdə 680 min manat pul götürüb mənimsəməkdə ittiham olunur: “Halbuki, həmin dövrdə İlqar İsmayılov özü şirkədə 5 milyon manatdan artıq vəsait mədaxil edib. İlqar İsmayılovun cinayəti “itaətsizlik” etməsidir. Onu buna görə cəzalandırırlar və başqalarına da dərs verirlər ki, məmura əməl eləməyən bu cür cəzalandırılır. Gəlin, İlqar İsmayılovu belə eləməyək, şəhərin görünən yerində dar ağacından asaq, hər kəsə dərs olsun”.

Vəkil xatırladıb ki, 1999-cu ildə İlqar İsmayılovun təkbaşına yaratdığı “İdeal Company”nin 50 faizini 2011-ci ildə AZAL prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyeva alaraq, həmtəsisçi olub. Zaman keçdikcə o, səhmlərin qalan hissəsini də iş adamından alıb: “Hazırda İlqar İsmayılovun anası kirayə qalır. Bir evi var. O ev həm də bankda girovdur. İşdə guya dəymiş ziyanın əvəzi kimi, müsadirə məsələsi qoyulub. Prokuror çıxışında o evin müsadirə olunmasını istədi. Hansısa məmurun eqosuna, sifarişinə görə bu boyda ədalətsizlik hökm sürür. Kim nə bilir ki, bu gün İlqar İsmayılova atılan şər-böhtan sabah onun övladının, nəvəsinin başına gəlməyəcək? İlqar İsmayılovun imzası olmayan, kserosurət sənədlərlə onu ittiham edirlər ki, guya şirkətdən bu qədər pul götürüb”.

Vəkil xatırladıb ki, İlqar İsmayılovun əlindən şirkətdəki payını almaq üçün 2017-ci ildə də onu eyni ittihamla həbs etmişdilər. Ona tələb olunan sənədlərə imza atdırdıqdan sonra cinayət işinə xitam verilmişdi: “Hətta həqiqət olmuş olsaydı belə, eyni əmələ görə iki dəfə məsuliyyətə cəlb etmə həm yerli, həm də beynəlxalq hüquq normalarına ziddir”.

İş adamının digər vəkili Rəşad Əliyev də İlqar İsmayılovun təqsirsiz olduğunu bildirib, onun haqqında bəraət hökmü çıxarılmasını istəyib. Vəkil vurğulayıb ki, bu iş üzrə çıxarılacaq hökm insanların Azərbaycanda məhkəmə sistemi və biznes mühitinə olan inamına da təsir göstərəcək: “İlqar İsmayılov haqqında bəraət hökmü çıxarılmalıdır, bu birmənalıdır. Bu hökm həm də ölkədəki biznes mühitinə töhfə olacaq. O baxımdan ki, əgər insanlarda azad biznes mühitilə bağlı inam yoxdursa, bərpa olacaq. İnam varsa, daha da möhkəmlənəcək. İnsanlarda məhkəmə sistemində ədalətə inam yaranacaq. Əks halda, olan-qalan ümidlər də yox olacaq. Yəni bu, təkcə İlqar İsmayılovun məsələsi deyil, həm də cəmiyyətin, ölkənin məsələsidir”.

Vəkil əlavə edib ki, İlqar İsmayılovun şirkətin xəzinəsindən digər həmtəsisçi Zərifə Həmzəyevadan gizli 680 min manat pul götürüb şəxsi ehtiyaclarına xərcləməsi haqda ittihamda yazılanlar yalandır: “Araşdırmalar göstərdi ki, Zərifə Həmzəyevanın yazılı razılığı olmadan şirkətə, hətta printer də alınmırmış. Belə olan halda, onun xəbəri olmadan 680 min manat pulun götürülməsi mümkün deyildi. Bu ittiham absurd və gülməlidir”.

Məhkəmə fevralın 7-də digər vəkillərin müdafiə çıxışıyla davam edəcək.

İlqar İsmayılova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.

İş adamı bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmtəə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir. O, həbsindən bir neçə gün əvvəl “Facebook” hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi “İdeal Company”nin direktoru təyin etmək məcburiyyətində qalıb.

Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. “Adore Company”nin rəhbərliyində ötən il dəyişiklik olub. Şirkətin direktoru Samir Əliyevi Nərmin İsmayılova əvəzləyib.

AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva “Premium Bank”ın da əsas səhmdarı, kosmetik məhsulların istehsalıyla məşğul olan “Gazelli Group”un da rəhbəridir.

Ana səhifəSiyasətVəkil: “İş adamı və ailəsi bir məmurun eqosunun qurbanı olur”