“85 nəfər qeyri-döyüş şəraitində həlak olub, 12 nəfər intihar edib”
II Qarabağ müharibəsindən 2022-ci ilin 31 yanvarınadək Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri 110 nəfərdən artıqdır.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) 30 yanvar hesabatında belə deyilir.
İtkilərin təsnifatına toxunan institut qeyd edib ki, onlardan 15 nəfəri Ermənistan hərbçilərinin açdığı atəş nəticəsində, 10 nəfəri mina partlayışından, qalanları isə (85 nəfər) qeyri-döyüş şəraitində ölüblər.
“Hadisələrin əksəriyyəti Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən təsdiq olunub. Ümumilikdə müharibədən sonrakı ötən dövrdə 15 nəfər erməni gülləsindən, 14 nəfər təyyarə qəzasından, 12 nəfər avtoqəzadan, 12 nəfər bədbəxt hadisədən, 10 nəfər mina partlayışından, 10 nəfər müxtəlif xəstəliklərdən, 9 nəfər naməlum səbəbdən, 9 nəfər Vətən müharibəsində aldığı xəsarətlərdən, 5 nəfər qeyri-nizamnamə hadisəsindən, 2 nəfər əməliyyat tədbirində dünyasını dəyişib. 12 nəfərsə intihar edib”, – deyə hesabatda vurğulanır.
İnstitut apardığı araşdırmalarına istinadən bildirir ki, təhlükəsizlik və müdafiə sektorunda hərbi itkilərin sayı ciddi şəkildə artır:
“Xüsusilə də qeyri-döyüş şəraitində olan itkilər diqqət çəkir. İntiharlar, texniki qəzaların nəticəsində onlarla hərbi qulluqçunun dünyasını dəyişməsi güc strukturularını təxirəsalmaz tədbirlər görməyə vadar etməlidir”.
Azərbaycan Müdafiə Nazirliyi hesabata reaksiya verməyib.
Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) 2015-ci ilin yanvarından fəaliyyət göstərir.
Qurumun araşdırmalarının hədəfindəki əsas məsələlər təhlükəsizlik və müdafiə sektorunda insan haqları, silahlanma, korrupsiya və islahatlar ilə bağlı baş verən proseslərdir.
İnstitut bu istiqamətdə təkcə Azərbaycanı deyil, eyni zamanda, Gürcüstan və Ermənistanı da araşdırır. Habelə hər 3 Cənubi Qafqaz ölkəsinin hərbi quruculuq problemlərini və prioritetlərini müqayisə edir.
II Qarabağ müharibəsində itkilərlə bağlı Azərbaycan Müdafiə Nazirliyi sonuncu dəfə ötən ilin oktyabrın 21-də məlumat yayıb.
Nazirlik 2908 nəfərin həlak olduğunu, 6 nəfərin isə itkin düşdüyünü bildirib:
“İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir”.
2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb.
44 gün davam edən müharibə və ondan sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.
Ötən ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.